Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 19:32

Sabiq nazirlərin günahı sübut olunmasa…


Fərhad Əliyev və Əli İnsanov Heydər Əliyevin abidəsinin açılışında, 11 may 2005
Fərhad Əliyev və Əli İnsanov Heydər Əliyevin abidəsinin açılışında, 11 may 2005

Hüquqşünaslar hesab edir ki, istintaq orqanı məhkəməyə təqdim olunacaq sübutlar toplaya bilməzsə onda təqsirləndirilən şəxslərin həbsinə xitam verilə bilər


Artıq üçüncü dəfədir, həbsdə olan eks nazirlərin istintaq müddəti uzadılır. Əvvəl üç ay, sonra 4 ay, indi də 5 ay. Çərşənbə axşamı sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin istintaq müddəti 5 ay uzadılıb, vəkillərin məhkəmə tərkibinə etirazına görə, sabiq səhiyyə naziri Əli İnsanovun istintaq müddətinin uzadılması ilə bağlı vəsatətə isə yaxın günlərdə apelyasiya məhkəməsində baxılacaq.


Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılan hər iki təqsirləndirilən şəxslə indiyə qədər bir neçə dəfə görüşən İşgəncələr Əleyhinə Komitənin rəhbəri Elçin Behbudov hesab edir ki, əgər nazirlər ilkin istintaqdan tutmuş indiyə qədər onlara qarşı irəli sürülən ittihamları qəbul etməyibsə və həmin ittihamlarla bağlı hansısa bir konkret sübutlar üzə çıxmayıbsa onda müddətin uzadılmasına nə ehtiyac var? Komitə rəhbərinə görə, yaxşısı odur ki, sabiq nazirlərlə bağlı iş məhkəməyə göndərilsin.


Fərhad Əliyevin vəkili Adil İsmayılov da deyir ki, əgər yeddi ay ərzində aparılan istintaq müddətində hər hansı sübut üzə çıxmayıbsa bu müddətin yenidən uzadılmasına lüzum yoxdur. Adil İsmayılova görə, sabiq nazirlərin işinin məhkəməyə göndərilməsini mümkünsüz edən də elə istintaq zamanı tutarlı faktların üzə çıxmamasıdır.


Əgər hər şey vəkillərin dediyi kimidirsə və istintaq daha beş ay müddətində də hər hansı bir tutarlı fakt aşkarlamazsa onda sabiq nazirlər azad oluna bilərmi? Adil İsmayılov buna o qədər də inanmır. Vəkilin sözlərinə görə, təqsirləndirilən şəxsin istintaq müddəti qanunvericilikdə aydın göstərilib və bu müddət bir il altı aydan artıq uzadıla bilməz.


Hüquqşünas Eyyub Kərimov istintaq müddətinin uzadılmasında hüquqa zidd elə bir hal görmür. Amma o hesab edir ki, bu məsələdə qeyri-müəyyənlik baş prokurorun sabiq məmurların günahlarının tam sübut olunmasıyla bağlı dediyi fikirlərdən sonra yaranıb.


Eyyub Kərimov hesab edir ki, hazırda Milli Təhlükəsizlik Nazirliyində aparılan ibtidai istintaqın gəldiyi nəticəni məhkəmə qəbul etməyə də bilər. Digər bir tərəfdən cənab Kərimov bildirir ki, əgər ibtidai istintaq məhkəməyə təqsirləndirilən şəxsin əməli ilə bağlı tutarlı faktlar təqdim edə bilməzsə həmin şəxs məhkəmədə bəraət ala bilər.


Hüquqşünasa görə, ibtidai istintaqın müddətinin tez-tez uzadılması da qanunla tənzimləndiyindən bunun da bir həddi var. Əgər həmin istintaq orqanı məhkəməyə təqdim olunacaq sübutlar toplaya bilməzsə onda təqsirləndirilən şəxslərin həbsinə xitam verilməsilə bağlı qərar çıxara bilər.


Cənab Kərimov hesab edir ki, əgər uzadılan istintaq müddəti qanunvericilikdə göstərilən müddəti keçərsə bu zaman da təqsirləndirilən şəxsin əməlləri təsdiq olundu-olunmadı onun həbsdə saxlanması qeyri-mümkündür. Elə bu baxımdan həmsöhbətim hesab edir ki, əgər sabiq nazirlərin günahı istintaq müddətində sübuta yetirilməsə onlar həbsdən azad olunmaqla istintaqa cəlb edilə bilər.
XS
SM
MD
LG