Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 00:36

Ali Məhkəmədəki proseslərdə dustağın iştirakı niyə təmin olunmur?


«Ali Məhkəmədə dustaqları saxlamaq üçün yer yoxdur»
«Ali Məhkəmədə dustaqları saxlamaq üçün yer yoxdur»
Azərbaycanda Ali Məhkəməyə kassasiya şikayəti verən məhkumların həmin şikayətlərinə baxılarkən onların iştirakı təmin olunmur. Ötən ay Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycan hökumətinə göndərdiyi iki qərardan biri məhz bununla bağlı olub. 2004-cü ildə Ali Məhkəməyə kassasiya şikayəti verən məhkum Rahib Maqsudov iki il cavab gözlədikdən sonra həmin instansiyaya təkrar şikayət verir. Yalnız bu zaman xəbər tutur ki, hələ iki il əvvəl göndərdiyi kassasiya şikayətinə elə iki il əvvəl baxılıb və təmin olunmayıb. Məhkum bununla bağlı Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərəndən sonra 2009-cu ilin oktyabr ayında bu qurum Ali Məhkəməyə tövsiyə edib ki, həmin məhkumun şikayətinə təkrar baxılsın. Həm də məhkumun öz iştirakı ilə.

Vəkil Osman Kazımov deyir ki, həbsdə olan keçmiş müstəntiq, 5 il azadlıqdan məhrum edilmiş Mahir Nağıyev də bəraət almaq üçün Ali Məhkəməyə kassasiya şikayəti verib. Vəkil məhkəmə qarşısında məsələ qaldırıb ki, kassasiya şikayətinə baxılarkən Mahir Nağıyevin də iştirakı təmin olunsun. Ancaq Ali Məhkəmədən şikayət ərizəsi vermiş məhkumun iştirakını təmin etməyəcəklərini bildiriblər:

«Kassasiya şikayətində tələb kimi qoymuşuq ki, Mahir Nağıyevin iştirakı təmin olunsun. Ali Məhkəmədənsə bildirdilər ki, onun iştirakı olmadan da işə baxa bilərlər.

ŞİKAYƏTƏ BAXILIRSA, DUSTAĞIN İŞTİRAKI TƏMİN OLUNMALIDIR

Hətta o, həbsxanadadırsa belə. Onsuz baxılsa, biz Avropa Məhkəməsinə şikayət edəcəyik».

ALİ MƏHKƏMƏ ÖZ MÖVQEYİNDƏ İSRARLIDIR

Ali Məhkəmənin hakimi Müzəffər Ağazadə isə deyir ki, məhkumun kassasiya şikayətinə baxılarkən onun iştirakı vacib deyil:

«Çünki orda ancaq hüquqi məsələlər müzakirə olunur. Orda onların iştirakı nəyi dəyişir ki…Biz şahid dindirmirik, zərərçəkən dindirmirik, müqəssir dindirmirik. Biz yalnız materiallar üzrə qanunun düzgün tətbiq olunub-olunmamasını yoxlayırıq. Onları heç vaxt məhkəməyə gətirmirik, heç indiyədək olmayıb belə bir şey».

Hakim deyir ki, məhkumların şikayətlərinə baxılarkən onların Ali Məhkəməyə gətirilməsi praktiki surətdə mümkün deyil:

«İki dəfə məhkəmə keçirilir - birinci və apellyasiya instansiyalarında. Onların ikisində də dustaq gətirilir, işə onların iştirakı ilə baxılır. Üçüncüsü Ali Məhkəmədir – kassasiya instansiyası məhkəməsi. Bura fakt məhkəməsi deyil, hüquq məhkəməsidir. Araşdırılmış faktlara hüquqi qiymət verilir. Bunların heç birində onların iştirakı vacib deyil».

Hakim deyir ki, kassasiya şikayəti vermiş və şikayətinə baxılarkən öz iştirakının da təmin olunmasını tələb edən Mahir Nağıyevin də iştirakı təmin olunmayacaq:

ALİ MƏHKƏMƏDƏ DUSTAQLARI SAXLAMAQ ÜÇÜN YER YOXDUR

«Bura dustaq saxlamaq yeri deyil. Heç gətirmirlər də. Çünki bunun proseduru yoxdur ümumiyyətlə».

O ki qaldı Avropa İnsan Haqları Məhkəməsinin çıxardığı qərara:

«Onda Avropa Məhkəməsi işlərə baxanda özü də gətirsin, çağırsın, görüm çağıra bilirmi».

Hüquqşünas Namizəd Səfərov isə deyir ki, qanunvericilikdə Ali Məhkəməyə kassasiya şikayəti vermiş dustağın şikayətinə baxılarkən onun iştirakının təmin olunub-olunmaması həmin dustağın arzusundan asılıdır:

«Qanunda bu, müqəssirin hüququdur. O istəyirsə, məhkəmənin onun bu istəyini rədd etməsinə heç bir əsası yoxdur. Vətəndaş istəyir ki, öz məhkəməsində iştirak eləsin. Hesab edirəm ki, ümumiyyətlə, bütün hallarda əgər təqsirləndirilən şəxs, onun vəkili onun məhkəmədə iştirakının təmin olunmasını tələb edirsə, mütləq bu, təmin olunmalıdır. Birmənalı şəkildə. İstəyirsə gəlib iştirak eləməlidir. Lakin çox təəssüf ki, bizim Ali Məhkəmədə işlərə baxarkən demək olar ki, bir qayda olaraq təqsirləndirilən şəxsi məhkəməyə gətirmirlər».

Namizəd Səfərov deyir ki, şikayətçi-dustağın məhkəmədə iştirakı hakim üçün mənasız ola bilər. Ancaq dustaq üçün yox:

«Təqsirləndirilən çıxış edir, öz hüquqlarını müdafiə edir, deyir ki, birinci instansiya məhkəməsində, yaxud apellyasiya məhkəməsində hüquqlarım pozulub, qanun düzgün tətbiq olunmayıb. Bunları müttəhimin öz dilindən eşitməyə Ali Məhkəmə borcludur, əgər müttəhim bilavasitə özü iştirak edib demək istəyirsə, buna etiraz oluna bilməz».

Ali Məhkəmədə dustaqları saxlamağa şəraitin olmamasına gəlincə, hüquqşünas bununla razılaşmır:

HAKİMLƏR TƏNBƏLLİK EDİR?

«Ali Məhkəmənin təzə binası tikilib, orda da dustaqların gətirilməsi, saxlanması üçün şərait ən yüksək səviyyədə təmin olunub. Bunlar hamısı bəhanədir və müttəhimin hüquqlarının pozulması deməkdir. Ali Məhkəmənin gətirilmədən imtina etməsinin əsası yoxdur. Söhbət cinayət hüququndan gedir. Yəni ona ağır cəza veriblər. Nəyə görə iştirak etməməlidir ki?».

Namizəd Səfərov hesab edir ki, məhkumun Ali Məhkəməyə gətirilməməsinin səbəbi hakimlərin bu işə biganə yanaşması ilə əlaqəlidir:

«Tənbəllik. Başqa heç nə yoxdur. Dustağın həbs yerindən gətirilməsi müəyyən çətin işlərlə bağlıdır. Sadəcə olaraq hakim, məhkəmə özünü çətinliyə salıb dustağı ora gətirmək istəmir».

Bir sözlə, məhkumun və Avropa İnsan Hüquqları Məhkəməsinin istəyindən asılı olmayaraq noyabrın 24-də Ali Məhkəmədə hakim Nəriman Hüseynovun sədrliyi ilə Mahir Nağıyevin kassasiya şikayətinə onsuz baxılacaq…
XS
SM
MD
LG