Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 07:56

Akademik Milli Dram Teatrında 4 tamaşa hazırlanır


"Qanlı Nigar"ın məşqləri gedir
Gözlə

No media source currently available

0:00 0:03:01 0:00

Akademik Milli Dram Teatrında yeni mövsümə qızğın hazırlıq gedir, bu dəfə repertuarda «Qadın məhəbbəti», «Qanlı Nigar», «Yengələr», «Boyçiçəyi» tamaşalarıdır

«Qadın məhəbbəti», «Qanlı Nigar» və «Yengələr», «Boyçiçəyi»

FİRƏNGİZ MÜTƏLLİMOVA «QANLI NİGAR»

Akademik Milli Dram Teatrı yeni mövsümə hazırlaşır. Teatrda yeni tamaşaların məşqi gedir.

- Aç qapını, Nigar! İşə düşmədik.
- Kimdir, kimdir, kimdir o?
- Aç, mənəm Avdi!

Sadıq Şendilin «Qanlı Nigar» pyesinin məşqlərdir. Rejissoru Namiq Ağayevdir. Xalq artisti Firəngiz Mütəllimova, əməkdar artist Ayşad Məmmədov səhnədədirlər. Rejissor aktrisaların əlindəki qırmancların balaca olmasından narahatdır. Yelləncəklər sallanır.

Rejissor:
- Səsi ver. Saksafondan qabaqkının...
- Mənəm Avdi.
- Aç qapını.

Az sonra Avdi (Ayşad Məmmədov) Qanlı Nigarı (Firəngiz Mütəllimovanı) açıq-saçıq geyimdə görüb əlindəki təbili yerə atır. Rejissor tələsdiyini deyir: «Hələ var». Aktyor yenə tələsir. Firəngiz Mütəllimova gülərək deyir: «Özüm sənə işarə edəcəm». Aktrisa məlahətlə, şövqlə sual edir:

- Neynəyəcəksən mənə, Avdi?.. Bax burda açacam tökəcəm (həmkarına işarə edir). Avdi, gəl içəri. Qızlarla içəridə oynayarsan. Çimdik-çimdik, şaqqanaq...

Rejissor Namiq Ağayev
NİYƏ «QANLI NİGAR»?

Rejissor Namiq Ağayev gülür:

- «Qanlı Nigar» Türkiyə dramaturgiyasının şah əsərlərindən biridir. Biz rejissorlar da çətin əsərləri tərcih edirik, riski sevirik. «Qanlı Nigar» ümumbəşəri mövzudur, Medeya, Antiqona dövründən qadın mərkəz qəhrəmandır. Qadının müsbət, rəngarəng, keşməkeşli həyatından bəhs edir. Həzrəti İsa deyir ki, cənnət qapıları yalançı rahiblərin üzünə bağlıdır, amma əxlaqsız qadınların üzünə açıqdır, çünki yalançı deyillər. Mən əxlaqsızlığı təbliğ etmirəm. Dərinliyə gedəndə görürük ki, qanlı Nigar gözəl insandır. Rejissor həmişə qəhrəmanın vəkilinə çevrilir.

- Sizcə, Azərbaycan tamaşaçısı bu tamaşaya niyə gəlməlidir?

- Nağıla baxmağa gələcək. Xoş sonluqlu nağıla. Hər yerdə zəlzələ, fəlakət. Mən dərd, bəla, ağır düşüncələr istəmirəm... Yaşlandıqca daha romantik olursan, daha yaxşı rənglərdən yana olursan...

«MARİYA TÜDOR», «YENGƏLƏR»


Premyera oktyabrda olacaq. Amma tamaşaçıları başqa premyeralar da gözləyir. Məsələn, Viktor Hüqonun «Mariya Tüdor» əsəri əsasında «Qadın məhəbbəti». Rejissoru Gəncə Dövlət Dram Teatrından dəvət olunub – Gümrah Ömər. Baş rolda Məleykə Əsədova oynayacaq.

Aktyorlar məşq zamanı
Avksentiya Tsaqarelinin «Xanuma» pyesi də «Yengələr» adı ilə səhnəyə gətiriləcək. Yeri gəlmişkən, əsərin qəhrəmanlarından biri də erməni qızı Sonadır.

Teatrda həm də İlyas Əfəndiyevin «Boyçiçəyi» pyesinin məşqləri gedir. Tamaşaçılar onu «Sən həmişə mənimləsən» adı ilə tanıyırlar. Bu dəfə Həsənzadə rolunda Fuad Poladov oynayacaq. Nargilə ilə bağlısa qəti qərar yoxdur. Niyəsini öyrənə bilmirik. Rejissor Azərpaşa Nemətov özünü yaxşı hiss etmədiyinə görə, məşqlər həmin gün vaxtından qabaq dayandırılıb. Tamaşanın nə zaman hazır olacağı hələ ki bəlli deyil...

MÖVSÜM AÇILIR

Sentyabrın 15-dəsə bütün ölkədə yeni teatr mövsümünün açılışıdır. Bu dəfə teatr cameəsi mövsümün açılışını Mingəçevirdə qeyd edəcək.

Akademik Milli Dram Teatrının direktor müavini Azər Mirzəyev deyir ki, həmin gün bütün teatrlar qapılarını tamaşaçılara açacaqlar:

- Sentyabrın 15-i cümə axşamıdır. Və biz ənənəvi olaraq mövsümü İlyas Əfəndiyevin «Qarabağnamə»si ilə başlayırıq. Buyursunlar gəlsinlər.

Sentyabrda «Qarabağnamə»dən başqa, «Kabuslar», «Qatar altına atılan qadın», «Xəcalət»də oynanacaq.
XS
SM
MD
LG