Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 15:49

Avropa İttifaqı ilə viza danışıqları bu il başlayacaq


Mahmud Məmmədquliyev
Mahmud Məmmədquliyev
Noyabrda Brüsseldə Azərbaycanla Avropa İttifaqı arasında demokratiya üzrə yaradılan Alt Komitənin ikinci iclası keçiriləcək.

Bunu Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyev deyir.

«HÖKUMƏTDƏN DƏ MƏLUMAT ALINMALIDIR»

Nazir müavini demokratiya və insan hüquqları ilə bağlı beynəlxalq qurumlardan, o cümlədən Avropa İttifaqından zaman-zaman Azərbaycanın ünvanına səslənən tənqidlərə də münasibət bildirib. O hesab edir ki, bu tənqidlər bəzən qərəzli, bəzən qeyri-obyektiv olur və bu, heç bir xeyir verməyəcək. Tənqid ilk növbədə obyektiv olmalı və konkret faktlara əsaslanmalıdır. Bunun üçünsə əməkdaşlıq olmalıdır:

«Bunun üçün digər mənbələrlə yanaşı, hökumətdən də məlumatlar alınmalı və müqayisə edilməlidir. Bir mənbədən alınan hansısa məlumata əsaslanıb ümumi nəticəyə gəlmək düz deyil. Biz onu da deyirik ki, insan hüquqları sahəsində bizdə də həll olunmamış məsələlər var, bu sahədə işlər görülməlidir. Amma eyni zamanda hesab edirik ki, əməkdaşlıq olmalıdır. İnsan hüquqları və demokratiyanın inkişafı sahəsində iş aparmaq vacibdir».

Sentyabrın 23-də isə Bakıda «Aİ-Azərbaycan əməkdaşlıq komitəsinin 12-ci iclası»nda Dağlıq Qarabağ münaqişəsi, iqtisadiyyat, insan hüquqlarının qorunması və s. məsələlər də müzakirə olunurdu.

M. Məmmədquliyev Aİ –Azərbaycan əlaqələrini müsbət qiymətləndirdiyini bildirsə də, hələ də müzakirəyə ehtiyacı olan məsələlərin qaldığını deyir. Azərbaycanla Avropa İttifaqı arasında assosiativ saziş üzrə danışıqlar prosesində bəzi məsələlərdə tərəflərin mövqeyi bir qədər fərqlənir. Lakin o düşünür ki, danışıqlar çərçivəsində bu məsələləri həll etmək olacaq.
Gunnar Viqand
Bununla belə, xarici işlər nazirinin müavini danışıqların nə vaxt başa çatacağını söyləməkdə çətinlik çəkir.

VİZA DANIŞIQLARI

Bu həftənin əvvəlində Avropa Komissiyası təklif edib ki, Avropa Birliyi ilə Azərbaycan arasında qısamüddətli vizanın verilməsi qaydalarının sadələşdirilməsi üzrə danışıqlar başlasın.

M. Məmmədquliyev deyir ki, Azərbaycan bu danışıqlara başlamaq üçün mandat hazırlayaraq Avropa İttifaqına təqdim edib. Danışıqlar bu mandat təsdiqləndikdən sonra başlayacaq.

Avropa Xarici Fəaliyyət Xidmətinin direktoru Gunnar Viqand (Gunnar Wiegand) isə deyir ki, Azərbaycanı iqtisadi və siyasi baxımdan Aİ-yə yaxınlaşdıran Assosiasiya Sazişi üzrə müzakirələr davam edir. Əməkdaşlıq xüsusilə Aİ-nin «Şərq tərəfdaşlığı» proqramı çərçivəsində həyata keçirilir. Bu sahədə də Aİ öz töhfəsini verməkdədir:

«Əməkdaşlığımızın başqa bir sahəsi viza sadələşdirilməsində əməkdaşlıq məsələsidir ki, bununla da əlaqədar müzakirələr bu yaxınlarda başlayacaq. Bu əməkdaşlıq Azərbaycan vətəndaşının viza alarkən edəcəyi ödənişin daha az miqdarda olmasını nəzərdə tutur. Bununla bağlı müzakirələr bu il başlayacaq. Bu, Azərbaycanda «Eurovision» iştirakçıları, yaxud futbol yarışlarına gələnlər üçün yox, əsasən sadə Avropa və Azərbaycan vətəndaşlarının təmaslarının artırılması üçündür».

ÜTT-YƏ DAXİL OLMAQ VACİBDİR

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov deyir ki, Aİ-nin «Şərq tərəfdaşlığı» proqramına 6 ölkə daxildir. Ancaq Belarusla bu proqram dondurulub. Bu proqrama əsasən, Aİ hər bir dövlətlə ayrı-ayrılıqda müqavilə imzalayacaq. Aİ həmin proqram çərçivəsində müəyyən islahatların keçirilməsi üçün maliyyə ayıracaq.
Rasim Musabəyov
Amma məsələ təkcə maliyyə ilə ölçülmür. Bura sadələşdirilmiş viza rejiminin tətbiqi, ticarət assosiasiyası, energetika sahəsində əməkdaşlıq kimi məsələlər də daxildir:

«Azad ticarətə keçmək üçün Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması vacibdir. Çünki bu əməkdaşlıq ÜTT öhdəliklərinin üzərində qurulur. Hələlik bu məsələ öz həllini tapmayıb. Həlli asan olmayan digər məsələlər də var. Təbii ki, Aİ Azərbaycan bazarına sərbəst daxil olmaq məsələsində maraqlıdır. Bunun müqabilində öz bazarını da açmaq istəyir. Ancaq məsələ ondadır ki, Azərbaycanın Avropada əsas satılan məhsuluna heç qapı açmağa da ehtiyac yoxdur. Yəni, neft məhsullarını satmaq çox asandır. Digər məhsullar baxımından Azərbaycanın Avropa bazarına təqdim etmək imkanları çox məhduddur. Azərbaycan bank, sığorta bazarı, kənd təsərrüfatı və digər sahələri də Avropaya açmalıdır. Nəzərə alsaq ki, Azərbaycanda bu sahələr zəifdir, demək olar ki, bu addım onların məhvinə gətirib çıxarda bilər».

Rasim Musabəyov deyir ki, burada insanların gediş-gəlişinin azad olması, demokratiyanın inkişafı, insan hüquqlarının təmin olunması və digər məsələlər də var. Ancaq nəzərə almaq lazımdır ki, bu məsələlər daha çox Avropa Şurası kontekstində öz həllini tapır. Aİ-nin «Şərq tərəfdaşlığı» proqramında isə daha çox idarəetmənin səmərəliliyini artırmaq, energetika, nəqliyyat və digər belə məsələlərdə yaxınlaşmağa üstünlük verilir.
XS
SM
MD
LG