Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 13:52

“Nəsimiyə müsəlman demək olmaz”


Soylu Atalı və Rəhim Əliyev (sağda)
Soylu Atalı və Rəhim Əliyev (sağda)

Nəsimi haqda sovet dövründə yazılan bədii əsərlər, yazılan elmi məqalələr mənasızdır? Azadlıq Radiosunun “Pen klub” proqramında debat.

-

Debat

Güntay Gəncalp:

"Hürufilər Xomeyni istəyirdilər. Fəzlullah Nəimi ilə Xomeyninin heç bir fərqi yox idi".


Soylu Atalı:

"Nəsimi bizim üçün meyardır. Meyara hücum etmək olmaz".


Rəhim Əliyev:

"Hürufilər xristianlığa yaxın idilər".



"Səfəvilər" kitabı böyük polemika doğurmuş Finlandiyada yaşayan araşdırmaçı yazar Güntay Gəncalp indi də sovet dönəmində Azərbaycan alim və yazıçılarının 14-15-ci əsrlər hürufi şairi İmadəddin Nəsimi haqda yazdıqlarını tənqid edir.

“Penklub”un qonaqları: Güntay Gəncalp, Asif ata Ocağından Soylu Atalı və nəsimişünas Rəhim Əliyev.

“NƏSİMİNİN DƏRİSİNİ SOYMAYIBLAR”

Şahnaz Bəylərqızı:

- Güntay bəy, nəyə görə düşünürsüz ki, Qabilin, İsa Muğannanın, Bəxtiyar Vahabzadənin Nəsimi haqda yazdıqları Nəsimi həqiqətlərinə uyğun deyil?

Güntay Gəncalp:

- Sovet dönəminin yaratdığı sınırları aşıb tarixi mətnlərlə doğru-dürüst ünsiyyət qurmaq asan deyildi. Məsələn, hürufi mətnləri ilə ünsiyyətdə olmaq çox çətin olub. Mən də məqaləmdə iddia edirəm ki, bunlar Nəsimi ilə düşüncə, dünyagörüşü, inanc baxımdan irtibatda, əlaqədə olmayıblar. Biz deyək ki, Nəsiminin dərisini soyublar, sonra da bunun heyranı olaraq çağımızdakı bilgiləri yanlışlıqla dolduraq?.. Akademik Ziya Bünyadovun bir məqaləsi var. O yazır ki, Nəsiminin dərisinin soyulması yalandır. Bununla bağlı qaynaq yoxdur. Akademikin dediyinə görə, Ziya Körpülü qeyd edib ki, Nəsiminin dərisi soyulub, o da qaynaq göstərməyib. Bunlar hamısı sovetlər zamanında uydurulmuş əfsanələrdir. Hürufizmi öz keçmişindən, İslam kültüründən təcrid edərək fərqli incələyiblər. Hürufilik İslam düşüncə tarixi və fəlsəfəsi içərisində ortaya çıxmış hadisədir. Bunu həmin prosesdən təcrid edərək təkbaşına bir hadisə kimi incələmək elmdə, tarix fəlsəfəsində doğru sayıla bilməz.

“İSLAMDA BELƏ CƏZA OLA BİLMƏZDİ”

Şahnaz B:

Güntay Gəncalp
Güntay Gəncalp
- Rəhim bəy, Nəsiminin dərisinin soyulması haqda deyilənlərə aydınlıq gətirərdiz. Belə fakt varmı, yoxsa bu doğrudan da uydurmadır?

Rəhim Əliyev:

- İki elm var: akademik və dərsliklərdəki elm. Dərsliklərdə yazıblar ki, Nəsiminin barmağını kəsiblər. Nəsiminin də bir şeirini buna misal gətiriblər. Mən də o fikirdəyəm ki, Nəsimi dərisi soyulanda bunu deyə bilməzdi. Yəqin başqası yazıb. Tarixdə çoxlu nəsimilər olub, bu ləqəblə yazan 12 Nəsimi məlumdur. Mən də bu fikirdəyəm ki, Nəsiminin dərisini soymayıblar. Bunun birinci dəlili odur ki, İslamda belə ölüm cəzası yoxdur. Ona görə də şəriət qanunları ilə onun dərisi soyula bilməzdi. Nəsimi də din aləmində tanınmış adam idi. Onunla bağlı fətvanın mətni də var.

Amma mən həm də Güntayın bütün fikirləri ilə razılaşa bilmərəm. O bizim sovet elminin spesifikliyini bilmir. O zaman klassiklər haqda yazmaq göstərişi yuxarıdan gəlmirdi. Bu, bizim mədəniyyətimiz idi, xüsusən türkcə olan mətnlər, o cümlədən hürufi mətnləri. Sovet elmində ümumi yanaşma beləydi ki, Nəsiminin, ya da hürufilərin təriqət tərəfi elm üçün maraqlı deyil. Elm üçün maraqlı olan odur ki, Nəsimi türkcə yazıb, bu mətnlərdə bizim türk dilimizdə fəlsəfi, dini, mifoloji həqiqətləri gözəl ifadə edib. Sovet vaxtı təriqətlərə əhəmiyyət verilmirdi, bu, Nəsimi irsinin öyrənilməsinə, yayılmasına mane ola bilərdi.

“MƏN DƏ NƏSİMİ HAQDA FİLMDƏ HƏR ŞEYİ BƏYƏNMİRƏM”

Şahnaz B:

- Bəs bədii əsərlər haqda nə deyirsiz?

Rəhim Ə:

- Güntay bəy məqaləsində həmin yazıçıları “bixəbər” adlandırıb. “Bixəbər” yaxşı söz deyil, ola bilər Güntay buna fikir verməyib. Amma mən Bəxtiyar Vahabzadə, Qabil haqda belə söz deməzdim. Hər dövrün Nəsimi haqda öz təsəvvürü var. Onlar da o vaxt
Şahnaz Bəylərqızı
Şahnaz Bəylərqızı
əsiminin humanizmini, insansevərliyini önə çəkirdilər. 1973-cü ildə Nəsiminin böyük yubileyi keçirildi, haqqında kitablar yazıldı. Sovet dövründə bunu etmək asan deyildi, ideologiyaya uyğunlaşdırmaq lazım idi. Həmid Araslı, Salman Mümtaz və başqa alimlərimiz Nəsimini böyük şair kimi qaldırmağa çalışırdılar. Həmin yazıçılar da Nəsimini sevərək yazıblar. Onlar özlərini təriqət tədqiqatçısı saymayıblar. Biz onlara təşəkkür etməliyik. “Nəsimi” romanına, filminə İsa Hüseynov nə qədər enerji sərf edib. Bu, klassik bir filmdir. Mən də o filmdə hər şeyi bəyənmirəm. Amma klassik bir filmdir.

“NƏSİMİNİN DƏRİSİNİN SOYULMAIS MÜZAKİRƏ MÖVZUSU OLMAMALIDIR”

Şahnaz B:

- Soylu bəy, Güntay Gəncalp sözügedən məqalədə Asif Əfəndiyevin də Nəsimi haqda fikirlərinə toxunub. O yazır ki, Asif Əfəndiyevin Nəsimi haqda yazdığı fəlsəfi fikirlərin Nəsimi yaradıcılığı ilə əlaqəsi yoxdur. Asif ata Nəsimini də ateist kimi təqdim edib.

Soylu Atalı:

- Bəri başdan deyim ki, Nəsiminin dərisinin soyulması müzakirə mövzusu olmamalıdır. Tarixdə yetərincə edam faktları var, həm xristianlıqda, həm İslamda. Yan Qus, Cordano Bruno və s... Nəsiminin, eləcə də hürufiliyin əsas dünyabaxışı insan kamilliyinə dayanır. İnsan kamilliyi də “ənəlhəq” ideyasına söykənir. “Ənəlhəq” ideyası da insanın ilahi qüvvələrlə yarışını gündəmə gətirir. Konkret olaraq Güntay bəyin Asif Ata ilə bağlı yazdıqlarına gəldikdə isə, bir var tənqid, bir də var inkar. Tənqid 3 aspektdə özünü ifadə edir: ədəbi fakt, əsaslı təhlil və fikir, niyyətin müəyyənləşdirilməsi. Yalnız demək ki, filankəs doğru danışmayıb, bu onun uydurmasıdır, burda fakt özü təhlil olunmur axı.

“HÜRUFİLƏR KAMİL İNSAN İSTƏMİRDİLƏR, XOMEYNİ İSTƏYİRDİLƏR”

Güntay G:

- Mən qonaqlara Nəsimi yaradıcılığı, hürufiliklə bağlı suallar verə bilərəm. Amma problem
Soylu Atalı
Soylu Atalı
aratmaq istəmirəm. Hürufilikdə “Vilayəti təkvini” nədir, buna nə Bəxtiyar Vahabzadə, nə Qabil, nə də Asif Əfəndiyev cavab verə bilərdi. Heç toxunmayıblar da. Toxunlubsa, Soylu bəy desin. Harda işarə edib? Hürufiliyin şifrələri var, kodları var. Özündən durub deyir ki, hürufilər kamil insan istəyirdilər. Hürufilər kamil insan istəmirdilər. Hürufilər Xomeyni istəyirdilər. Fəzlullah Nəimi ilə Xomeyninin heç bir fərqi yox idi. Sadəcə, o məğlub oldu, bu da qalib gəldi. Xomeyninin şeirləri var ki, “ənəlhəq” deyirəm Mənsur Həllac kimi... Tarixdə olmayan bir şeyi varmış kimi göstəririk. Şəms Təbrizi deyirdi ki, əgər Mənsur Həllac haqqıydısa, nədən deyirdi: “Mən haqqam?” Haqq gəldiyində mən olmaz ki! Ancaq sən deyirsən “ənəlhəq”. Haqsan iki öküz al, yer şumla. Bakıda 3-4 milyon insan yaşayır, hər biri küçələrə çıxıb desə “ənəlhəq”, yaşamaqmı olar? Sanki bir Hegel olub, Aristotel olub, güclü fəlsəfi mətnlər qoyublar, bunu qaldırıblar görə. Hürufiliklə islam arasında düşmənlik var idi, eləcə də sovetlər islamla düşməniydilər.

“HÜRUFİLƏR XRİSTİANLIĞA YAXINIYDILAR”

Rəhim Ə:

- Soylu müəllim kamil insan dedikdə nəyi nəzərdə tutur? O vaxt insan konsepsiyasına humanist yanaşma elə kamillik idi. Bu tərəf də hürufiliyi sovet ideologiyasına yaxınlaşdırırdı. Ancaq bunun dini mənası da var. Hürufilər panteistiydilər. İnsanı çox ucaldırdılar. Nəsimi deyir ki, hər nə var, insanda var. Hürufilərin əsas tezisi odur ki, Allahı dərk etmək istəyirsənsə, insanın üzünə tez-tez bax. Hürufilər inanırdılar ki, hər insanda Allahın bir qətrəsi, cövhəri qalır və o ilahi cövhərə böyük önəm verirdilər. Nəsiminin bütün şeirləri Allah haqqındadır, hamısı da Fəzlullahın simasındadır, bütün şeirlərin birinci beytində Fəzlullahın üzünü təsvir edir. Hürufilər insan-Allah konsepsiyasına inandılar. Fəzlullahın kimliyini bilmək üçün İsanı təsəvvür etmək olar. Özü də Nəsiminin İsa haqda bir neçə şeiri var. Bu baxımdan hürufilər xristianlığa
Proqramdan sonra
Proqramdan sonra
axınıydılar. İslamda Allah başqa şeydir. Ona görə də hürufiləri qətl etdilər. Bu da var ki, hürufilik müstəqil din yaratmaq, 3 dini – yəhudiliyi, xristianlığı, islamı birləşdirmək istəyirdi. Fəzlullah deyirdi ki, bir Allah var, 3 kitab göndərib, bəs niyə onlar arasında bu qədər nifaq var? Bundan Fəzlullah belə bir nəticə çıxarırdı ki, Allah özünü insanlara tanıtmaq missiyasını tamamlamayıb. Bu missiyanı da boynuna Nəimi götürürdü.

Soylu A:

- Nəsimi sovet imperiyasına qədər də bəlliydi, eləcə də hürufilik tarixdə bir hadisə idi. Sovetlər Nəsimidən öz ideologiyaları üçün istifadə edə bilərdilər. Amma Nəsiminin şeirləri var, fikirləri var, onları təhrif etmək olmaz. Biz hürufiliyi Nəsimi yaradıcılığında öyrənirik. Nəsimi yaradıcılığı da özündən əvvəlki Azərbaycan dəyərlərindən qaynaqlanır. Məsələn, zərdüştçülük, Babək hadisəsi, Dədə Qorqud... Bir də, bütün təriqətlər başqalarından bəhrələniblər. Səmavi dinlərdən öncə hər xalqın öz inancı, öz dini baxışı olub. Hürufilərin dini baxışları ərəb dünya baxışı ilə üst-üstə düşmürsə, onları buynuzlamaq olmaz.

“NƏSİMİYƏ MÜSƏLMAN DEMƏK OLMAZ”

Şahnaz B:

- Dinləyici soruşur: “Bizim oturuşmuş İslam anlayışına görə, Nəsimini birmənalı kafir elan etmək olarmı?”

Rəhim Ə:

- Nəsiminin bir şeiri var: “Əhli-imanam yəqinəm, mən müsəlman olmanam”. Yəni Nəsimi bir olan Allahı qəbul edirdi. Amma Nəsimiyə müsəlman demək olmaz. Onun müsəlman olması mübahisəlidir. Amma Nəsimi qədər Allahı sevən, əsərlər yazan az olar. O, bir dərviş kimi özünü "yandırıb". Ona dinsiz demək günahdır. O əqidəsinə görə öldürülüb. Nəsimi dilimizin, təfəkkürümüzün, tariximizin incisidir.

Soylu A:

- Nəsimi bizim üçün meyardır. Meyara hücum etmək olmaz.

Güntay G:

- Mənim hürufiləri tarixdən silmək niyyətim yoxdur...

Bu, debatda səslənən fikirlərin yalnız bir hissəsidir, proqrama tam şəkildə burda bax
XS
SM
MD
LG