Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 11:07

O ağacı kəsdilər


-

"Ədəbi Azadlıq-2013" Müsabiqəsinin şeir 20-liyindən


Elxan Yurdoğlu


ON İKİ YAŞINDAYDI...



Küçələr – vətəniydi,

Ucalan binaların soyuq divarları – evi...

Dilənməyi bacarmırdı

Balaca yaşına sığmayan

Böyük qüruru...

Bahalı maşınların şüşələri

Parıldayan ayaqqabıların parıltısı

Balaca əllərinə borcluydu.

On iki yaşındaydı...

Oyuncağı yoxuydu deyə,

Ölümlə oynayırdı gündə neçə dəfə...

Dünyaya savaş açmamışdı,

Dünya onunla savaşdaydı.

Zamana təslim olmamışdı,

Zaman ona hücumdaydı.

Balaca əllərini dayamışdı

dünyanın sinəsinə...

O dünyanı sevirdi

Yaşamaq arzusuyla

Və həyata sevgisiylə

Çətinlikləri yendi.

İçində mələk gəzdirən

bu uşağın

Əynindən cin hürkərdi.

On iki yaşındaydı –

İlk oyuncağını özü düzəltmişdi.

Tikinti meydançalarında

Əzilmiş kardon parçasına

Qara kömürlə

Ata şəkli çəkmişdi.

Hər axşam üşüyəndə

Danışardı oyuncağıyla.

Arzularını deyərdi,

Sığallardı, sevərdi.

Və bir gün...

Külək apardı oyuncağını,

Atdı küçəyə..

Arxasınca getdi

Atasını götürsün deyə.

Qapısız, pəncərəsiz

Göydələn evinin

Dördüncü mərtəbəsindən

Küləyin dalınca qaçdı...

Havadaca atasını qucdu...

Və uçdu, uçdu, uçdu...




O AĞACI KƏSDİLƏR

Əzəmətin fotosuna pıçıldadıqlarım



Şəhərin ortasında, səsə, küyə baxmadan,

Üç yolun ayrıcında təkcə dayanmağıyla,

Balaca boyu ilə, mənə çox oxşayırdı –

O ağacı kəsdilər.



Bir az sağa əyilmiş, bir az sola meyilli.

Əl-qol atmaq istəyən budaqlar kəsilmişdi.

Özü torpağa bağlı, ruhu göyə boylanan

O ağacı kəsdilər.



Son anında bimədim, kölgəsində kim vardı,

Gövdəsinə yaslanıb danışmadım, susmadım,

Bizi bir-birimizdən bilərək ayrı salıb

O ağacı kəsdilər.



Dostum, sən bilirsən, o – mənim ağacımıydı,

Çinarmıydı, şammıydı, yoxsa qarağacıydı?..

Balaca kölgəsi də vardı, özünə görə

O ağacı kəsdilər.



Elə bil ki, ruhumu bədəndən ayırıblar,

Elə bil ki, şeirimin bir misrası kəsirdi,

Elə bil ki, sevdiyim bir qızı öldürüblər –

O ağacı kəsdilər.



Bəlkə elə boynuna ip salıb boğubdular,

Təzəcə pöhrə verən budaqları varıydı.

Bilmədim neçə nəfər, necə bir alət ilə –

O ağacı kəsdilər.



Bəlkə elə ilk dəfə o vaxt bir səs çıxarıb,

Yan-yörəsindən keçən insanlara səslənib,

Mənə desinlər deyə, nəsə deyib onlara...

O ağacı kəsdilər.



Deyib ki, mənim kimi o tənha şairimin,

Əl-qolun, sağın, solun, söz yolunu kəsməyin.

Mən ağac – adamıydım, o da adam – ağacdı,

Yolu düz yeriyənin düz yolunu kəsməyin...



...Qoy nə vaxtsa bu şeir asta-asta oxunsun

O ağacı kəsdilər.

Kəsilə-kəsilə qaldı, deyəmmədi çoxusun

O adamı asdılar...
XS
SM
MD
LG