Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 18:29

Serzh Sarkisian Qarabağda hərbi obyektlərin açılış mərasiminə qatılıb [Fotoqalereya]


Ermənistan prezidenti Serzh Sarkisian Qarabağa səfəri zamanı, 12 noyabr 2013
Ermənistan prezidenti Serzh Sarkisian Qarabağa səfəri zamanı, 12 noyabr 2013
Ermənistan prezidenti Serzh Sarkisian noyabrın 12-də işğal altında olan Qarabağa səfər edib.

Prezidentin rəsmi saytında yayılan məlumata görə Sarkisian Qarabağdakı erməni qüvvələrinin hərbi hissələrinə, tikililərə baxış keçirib. Səfərdə onu Qarabağın Ermənistana birləşdirilməsinə çağıran separatçı hərəkatın lideri Zori Balayan da müşayiət edib.

Onun səfəri zamanı erməni qüvvələrin hərbi təlimləri də keçirilib. Rəsmi məlumatda bu təlimin “Alayın müdafiə mövqelərinə keçməsi” adı altında keçirildiyi, “cinahlardan müdafiə qurulması” bacarıqlarının sınaqdan keçirildiyi qeyd olunur. Həmçinin təlimdə bir motoatıcı hərbi birləşmənin iştirak etdiyi qeyd olunur.

Serzh Sarkisian həmçinin hərbi şəhərçikdə qərargah binası və zabitlərin istirahəti üçün tikilən binaların açılışında iştirak edib. Ermənistan prezidenti bəzi hərbi qulluqçuları mükafatlandırıb.

Ermənistan prezidentinin Qarabağa səfəri bir neçə gün davam edəcək.

Erməni silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafında bir neçə rayonu 1990-cı illərin əvvəlində işğal edib. Bu ərazilər beynəlxalq rəsmi sənədlərdə Azərbaycan sərhədləri daxilində göstərilsə də Bakı hələlik öz ərazi bütövlüyünü bərpa etmək cəhdlərini reallaşdıra bilmir.

Qarabağda əhalinin əksəriyyətinin erməni mənşəli olduğunu deyən Ermənistan onların öz dövlətlərini yaratdıqlarını iddia edir.

Tərəflər arasında 1995-ci ildən bəri atəşkəs qüvvədə olsa da tez-tez təmas xəttində atışmalar və itkilər olur.
XS
SM
MD
LG