Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 19:29

«The Economist» Qafqazda demokratiyanın qeyri-müəyyən gələcəyi olduğunu yazır


Arxiv foto: Gürcüstanın yeni seçilən prezidenti Giorgi Margvelashvili (solda) və Baş naziri Bidzina İvanishvili. 19 sentyabr 2013
Arxiv foto: Gürcüstanın yeni seçilən prezidenti Giorgi Margvelashvili (solda) və Baş naziri Bidzina İvanishvili. 19 sentyabr 2013
-

Qeyri-müəyyən gələcək

Nüfuzlu “The Economist” jurnalının Cənubi Qafqazda demokratiyanın vəziyyətinə həsr edilmiş yazısında deyilir ki, Gürcüstan, Ermənistan və Azərbaycanda 2013-cü ildə keçirilmiş prezident seçkiləri heç bir sürpriz gətirməyib.

“Baş nazir Bidzina Ivanishvilinin “Gürcü Arzusu” Partiyasının namizədi Giorgi Margvelashvili oktyabrın 27-də ilk prezidenlik müddətinə seçilib, fevralın 18-də Serzh Sarkisian ikinci müddətə Ermənistan prezidenti olub, oktyabrın 9-da isə İlham Əliyev üçüncü prezidentlik müddətini əldə edib. Bununla belə, seçkilərin özü hər bir ölkədə demokratiyanın vəziyyətini nümayiş etdirib” – yazır “The Economist”.

İvanishvili o qədər də sadəlövh deyil

Məcmuə yazır ki, Gürcüstanda seçkilər “mehribançılıq və konstruktivlik şəraitində” keçib və hətta müşahidə missiyalarından biri “Gürcüstanda demokratiya yetkinləşir” nəticəsinə gəlib.

Bu da xatırladılır ki, indi Gürcüstanda baş nazir vəzifəsi prezidentlikdən daha əhəmiyyətlidir və cənab Ivanishvili qarşıdan gələn həftələrdə öz postunu 31 yaşlı tərəfdarı – daxili işlər naziri Irakli Garibashvili-yə verəcək.

“Cənab İvanishvili…bundan sonra hökuməti səhnə arxasından idarə edəcəyi barədə iddiaları rədd edir, - yazır “The Economist” – lakin çoxları buna şübhə ilə yanaşırlar”.

Məqalə müəllifinin fikrincə, vəzifəsini tərk edən prezident Mikheil Saakashvilinin həbs olunmaq ehtimalı gələcəkdə xidmət müddətini başa vuran liderləri istefaya getmək həvəsindən sala bilər.

“The Economist” yazır ki, belə bir meyl Gürcüstanın Avropa istəklərinə ciddi ziyan vuracaq.

Ermənilər “ayaqları ilə səs verirlər”

Məqalədə deyilir ki, bir namizədin seçki ərəfəsində güllələnməsi, başqa bir namizədin isə seçkinin nəticələrinə etiraz aclığı keçirməsi Ermənistan seçkilərinin dramasını göstərib.

“The Economist” qeyd edir ki, bir çox müxalifət siyasiləri seçkilərin hakim Respublika Partiyasının xeyrinə saxtakarlıq şəraitində keçiriləcəyini iddia edərək, prosesə ümumiyyətlə qatılmayıblar.

Bir sıra müxalifətçilər seçkilər zamanı qutuların topa bülletenlərlə doldurulması və ya seçicilərin rüşvətlənməsi kimi qanunsuzluqların geniş yer aldığını söyləyirlər.
“The Economist”in qənaətinə görə, Ermənistanda hakim partiyanın seçki qələbələri əhali arasında artıq hiddət deyil, süstlük yaradır.

Məqalədə deyilir ki, üstəlik kütləvi işsizlik, korrupsiya və Dağlıq Qarabağ münaqişəsinin həll olunmadan qalması nəticəsində indi adamlar seçkilərdə “əlləri yox, ayaqları ilə səs verirlər və ölkədən mühacirət etmək barədə düşünürlər”.

Bakının tünd xasiyyəti

“The Economist”in məqaləsinə görə Azərbaycanda oktyabrın 9-da keçirilmiş prezident seçkisi daha böyük narahatlıq yaradır. Beləki, seçki ərəfəsində hökuməti tənqid edənlərin üzərinə sistematik hücumlar yer alıb.

Məqalədə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Təşkilatına istinadən seçkilərin böyük saxtakarlıqla keçirildiyi, lakin 49 beynəlxalq müşahidə qrupunun seçkiləri yüksək qiymətləndirməsi təəccüblə qeyd olunur.

Məcmuə belə bir sual qoyur: Kimə inanmalı?

“Azərbaycan ölkə daxilində repressiv davranışına beynəlxalq legitimlik vermək naminə mötəbər xarici qurumları yoldan çıxarmaq kimi reputasiyaya malikdir, - yazır “The Economist” – bəzi nəzərəçarpacaq istisnalarla, bu qurumlardan heç biri Bakıya öz xasiyyətini dəyişməsi üçün təzyiq göstərmir”.
XS
SM
MD
LG