Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 18:41

«Jurnalist yazısına görə cinayət məsuliyyətinə cəlb edilməməlidir»


ATƏT-in Mətbuat Azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti
ATƏT-in Mətbuat Azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti

ATƏT-in Mətbuat Azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti «Azadlıq» radiosuna bildirib ki, yalnız hüquqi islahatlar aparmaqla Azərbaycanda jurnalistlərin yazdıqları məqalələrə görə cinayət məsuliyyətinə cəlb edilməsini dayandırmaq olar: «Eyni zamanda bu islahatlar, Azərbaycanda mətbuat azadlığının inkişafı yolunda növbəti bir addım olardı».


Cənab Haraşti xatırladıb ki, böhtana görə cinayət məsuliyyətinə cəlb edilməni nəzərdə tutan maddələr başqa ölkələrin də cinayət məcəllələrində var. Amma, Gürcüstan, Moldova və Ukrayna kimi yeni demokratik ölkələr bu maddələri artıq aradan qaldırıblar və belə məsələləri mülki məhkəmələrdə tənzimlənir.


«Azadlıq» radiosunun «bu islahatları yerinə yetirmək üçün ATƏT-in Azərbaycan hökumətinə hansısa təzyiq göstərmək mexanizmi varmı» sualının cavabında cənab Haraşti deyib: «Belə təzyiq mexanizmi bizim ofisimizdi. Bizim ATƏT üzvü olan ölkələrdən tələb eləmək hüququmuz var ki, media azadlığı ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün ATƏT-lə əməkdaşlıq etsinlər».


Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı hökumətin islahatlar həyata keçirməsini, yəni Azərbaycanda böhtan və təhqirə görə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutan maddələrin Cinayət Məcəlləsindən çıxarılmasını real sayır.


Bundan qabaq da beynəlxalq təşkilatlar tərəfindən bu cür çağırışların səslənməsi və bunların yerinə yetirilməsi üçün hökumət tərəfindən heç bir addım atılmaması ilə bağlı Rəşid Hacılı deyib ki, hazırda məsələ konkret qoyulub ki, Cinayət Məcəlləsindən konkret maddələr çıxarılmalıdır və Azərbaycan hökuməti də bu məsələ ilə bağlı ATƏT-lə əməkdaşlıq eləməyə razılıq verib.


ATƏT-in Mətbuat Azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti sentyabrın 4-də prezident İlham Əliyevə göndərdiyi məktubunda Azərbaycanda jurnalistlərə qarşı aparılan məhkəmə proseslərindən narahat olduğunu bildirib.


XS
SM
MD
LG