Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 17:15

Bolludərənin dərəyə düşmüş bəxti


İllüstrasiya
İllüstrasiya

►Bolludərə sakini: “Qaz necə yanır?”

Bu kəndin bəxti heç gətirmir.

Şəkinin Bolludərə kəndini gah təbiət imtahana çəkir, gah da məmurlar... Bir tərəfdən vaxtaşırı qəfil gələn sel kəndlilərin nəyi var, qarşısına alıb aparır. Bir tərəfdənsə qaz, işıq, su problemi insanları cana yığıb.

HƏFTƏYƏ 40 MANAT SUYA GEDİR

Kənd sakini Mehdi Həsənov sual edir:

“Ümumiyyətlə, qaz necə yanır? Mən doğulandan bu kənddə mavi yanacaqla çay isidilməsini, yemək bişirilməsini görmədim”.

Mehdinin atası Məhəmməd kişi deyir, kənddə mavi yanacaq sovet vaxtı olub:

“İşləksiz qalan xətləri çoxdan pas tutub. Çoxunu doğrayıb aparıblar. Təzəsini də çəkmirlər. Odunu da alırıq, suyu da... Özüm təqaüdçü, əlil adamam. Su maşını kənddən 2 kilometr aralıda saxlayır, gedirik, oradan suqablarına doldurub gətiririk. Hər dəfə 20 manat veririk. Həftədə iki dəfə – bu da edir 40 manat...”

Buna da bax: 'Ətrafımızda otellər tikiblər, ancaq əhaliyə su vermirlər'

“MƏNİM TƏQAÜDÜM ODUNA, ONUN TƏQAÜDÜ SUYA”

Abbasovlar ailəsi də bu kənddə yaşayır. Ailənin üzvü Nübar xanım deyir, vəziyyətlərini çətinləşdirən amillərdən biri də çadırda yaşamalarıdır. Təbiət onları çadırla, məmurlarsa sosial problemləri çiyinlərinə yükləməklə “cəzalandırıb”:

“İkimiz də əlillik təqaüdü alırıq. Mənim təqaüdüm oduna, yoldaşımın təqaüdü suya gedir. Sel gəldi, yorğan-döşəyəcən nəyimiz var, apardı. Ondan əvvəlsə, rayonun məmurlarının üzü ağ olsun, işıqla o qədər oynadılar ki, bütün elektrik avadanlıqlarımız yandı. İşığı gah gurlaşdırırlar, gah zəiflədirlər. Suya, qaza, işığa görə müraciətlər etmişik”.

Buna da bax: ​Gəncədə 160 evin sökülməsinə başlanıb (VİDEO)

“BAŞIMIZ SELƏ QARIŞIB”

Şəki şəhər icra hakimiyyətindən AzadlıqRadiosunun “Qaynar xətt”inə bildirilib ki, regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində kənd yollarının təmiri, kəndlərin qazlaşdırılması, su təchizatı işləri davam etdirilir:

“Şəkiyə yolunuz düşsə, buna özünüz də şahidi olarsınız. Bolludərəyə gəlincə, baş selə qarışdı, icra hakimiyyəti və Fövqəladə hallar Nazirliyi hələ də orada selin vurduğu zərəri aradan qaldırmaqdadır. Xeyli işlər görülüb, evlərdə təmir-bərpa olub. Elələri var ki, sökülüb yerdən tikilib. Tədricən kəndin başqa problemləri də həllini tapacaq”.

Hə, bolludərəlilərin bir problemi də sel sularından sonra kənddə çoxalan ilanlardır. Onlar qızmar günlərdə ilanlardan qorunmaqdan ötrü kəndin vaxtaşırı dərmanlanmasını istəyirlər.

XS
SM
MD
LG