Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 09:47

'İqtisadi böhran özü ilə cərimələr gətirir'


İ.Əliyev
İ.Əliyev

Ölkədə sahibkarlara münasibət, cərimələrin yenidən kəskin artırılması ilə bağlı təşəbbüslərin səbəbləri, manatın yaxın taleyi və ölkənin qaz təminatı bu gün medianın aparıcı mövzusudur...

SAHİBKARLARIN HİMAYƏÇİSİ

«Azərbaycan» qəzetində «Azərbaycanda sahibkarların ən böyük himayədarı prezidentdir» sərlövhəli məqalə dərc edilib.

Müəllif yazır ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra bazar iqtisadiyyatının bərqərar olması baxımından sahibkarlığın inkişafı son dərəcə vacib idi: «Bu səbəbdən siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev bazar iqtisadiyyatına keçidlə bağlı radikal islahatların aparılmasına qərar verdi. Tezliklə bu istiqamətdə bir sıra yeni qanun və qərarlar qəbul edildi. Ölkədə sahibkarlığın və özəl sektorun inkişafına geniş imkan yaradıldı».

Yazıda vurğulanır ki, H.Əliyevin strategiyasını davam etdirən dövlət başçısı İlham Əliyev də özəl sektorun inkişafına xüsusi önəm verib. Sahibkarlığın indiki inkişafı onun qayğı və diqqətinin nəticəsidir.

Yazıda dövlət başçısından mövzu ilə bağlı belə bir sitat da verilir: «...Sahibkarların qarşısında əsassız tələblər qoyulmamalıdır. Yəni, başqa sözlə, onlardan rüşvət, heç bir haqq tələb edilməməlidir. Belə olan halda bizim büdcəmiz daha da böyüyəcək, qeyri-neft sektorunun hesabına təmin ediləcək və bizim məqsədimiz bundan ibarətdir. Mən artıq müvafiq qurumlar qarşısında vəzifə qoymuşam. Bizim bütün cari xərclərimiz qeyri-neft sektorunun, vergi və gömrüyün hesabına formalaşdırılmalıdır».

Müəllif xatırladır ki, 2016-cı ildə dövlət başçısı aprelin 25-inin «Sahibkarlar günü» elan olunması haqda fərman verib.

Büdcə. Karikatura
Büdcə. Karikatura

CƏRİMƏLƏRİN ARTIRILMASININ SƏBƏBLƏRİ

«Exo» qəzetində «Azərbaycanda cərimələri kəskin artırmaq qərarı niyə verilib?» sualına ekspertlərlə cavab axtarılır.

Yazıda bildirilir ki, Azərbaycanda Cinayət Məcəlləsinin bəzi maddələri üzrə cərimələrin artırılması məsələsi yenidən qaldırılıb. Artıq bütün layihələr Milli Məclisin plenar iclasına tövsiyə edilib. Ekspert Əkrəm Həsənov mövzu ilə bağlı qəzetə bunları deyib: «Bizim qanunvericilər bəzi maddələr üzrə cərimələrin artırılmasına iki səbəbə görə tərəfdardırlar. Birincisi, məmurlar dövlət büdcəsini doldurmaqdan ötrü mənbələr axtarırlar, iqtisadi böhran və qeyri-sabitlik bu addımı atmağa vadar edir. İkincisi, bu müəyyən qanun pozuntularına görə sanksiyaları gücləndirmək istəyindən irəli gəlir. Əgər indiki sanksiyalar zəif olsaydı, pozuntuların qarşısını ala bilməsəydi və bu pozuntuların sayı artsaydı, buna yaxşı demək olardı».

Ekspertə görə, hüquq pozuntularının statistikası cəmiyyətə təqdim olunmalı və cərimələrin qaldırılması səbəbləri izah edilməlidir.

Ə.Həsənov deyib ki, bir çox hüquq pozuntuları var ki, tez-tez baş verir. Ancaq ona görə heç kəs cəzalandırılmır. Ekspert sözlərinə nümunə kimi ticarətdə xarici valyutadan istifadə olunması və bank məlumatlarının açılmasını göstərir: «Azərbaycanda bəzi qanunlar faktiki işləmir. Bəzən isə maliyyə sanksiyalarının gücləndirilməsi korrupsiyaya səbəb olur».

Müəllif xatırladır ki, seçki prosesinə qanunsuz müdaxilə ilə bağlı cərimələr 7-20 dəfə, təhqirə, böhtana görə 3 dəfə, bəzi əməllərə görə də 2 dəfə artırılır. Nəqliyyat və dəmiryol vasitələrini yararsız hala salmağa görə isə cərimələri 6 dəfə artırmaq istəyirlər.

Dollar
Dollar

DOLLARIN PAYIZ YÜKSƏLİŞİ GÖZLƏNİR

«Yeni Müsavat» qəzetində «2017-ci ildə manata kəskin devalvasiya təhlükəsi varmı? Mütəxəssis proqnozları» sərlövhəli məqalə diqqət çəkir.

Yazıda bildirilir ki, manat, artıq bir neçə aydır sabitləşib. Üstəlik, dollar, az da olsa, getdikcə dəyər itirməkdədir. Ancaq biznes dairələrində belə bir rəy formalaşıb ki, İslam Həmrəyliyi Oyunları və «Formula-1» yarışlarından sonra dollar yenidən bahalaşacaq.

Deputat Vahid Əhmədov da qəzetə deyib ki, bu ilin sentyabrından manat yenidən kəskin dəyər itirə bilər: «Pul siyasətini Mərkəzi Bank, Maliyyə Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası həyata keçirir. Onlar belə qərara gəliblər ki, manatı müəyyən qədər qoruyub saxlasınlar. Əlbəttə, indiki zaman üçün bu vacibdir. Azərbaycanda İslam Həmrəyliyi Oyunları, «Formula-1» kimi beynəlxalq yarışlar var. Bu yarışlarla bağlı ölkəyə turist axını gözlənilir. Odur ki, dolların məzənnəsinin ucuz olması sərf edir ki, turistlərdən ucuz qiymətə dollar alınsın. Ancaq real sektorun, iqtisadiyyatın inkişafı üçün manat gec-tez öz bazar qiymətini almalıdır. Hesab edirəm ki, bu proses haradasa avqust-sentyabr aylarına qədər davam edəcək. Ancaq sonra bu prosesi saxlamaq çox çətin olacaq. Sonra qərar veriləcək ki, manat yenidən ucuzlaşmağa başlasın və dollar bahalaşsın».

V.Əhmədov vurğulayıb ki, hazırda ölkədə manat qıtlığı yaşanır. İnvestisiya layihələrinə vəsait ayrılmır, hesabdan nağd pul çıxarmaq da problemə çevrilib.

Təbii qaz
Təbii qaz

QAZ SATAN VƏ ALAN ÖLKƏ

«Novoye Vremya» qəzetində isə «Yenə bizim enerji təhlükəsizliyimiz barədə» sərlövhəli məqalə oxumaq olar.

Müəllif yazır ki, Azərbaycan Gürcüstan və bir çox ölkələrə qaz satır. Ancaq ölkə əhalisinin qazla təminatı heç də ürəkaçan deyil: «Bizi daha çox öz enerji təhlükəsizliyimiz, yəni əhalinin və ölkə iqtisadiyyatının qazla təminatı narahat edir. Biz qaz istehsal edən ölkə kimi fasiləsiz qaz almalıyıq və bu mavi yanacaq yüksəkkeyfiyyətli, qaz tarifləri isə aşağı, sabit olmalıdır. Qış mövsümündə, hərarət sıfırdan aşağı enəndə ölkədə qazla bağlı problemlər yaranır. Bu qışda isə bizi tariflərin bahalanması ilə «sevindirdilər»».

Müəllif xatırladır ki, qazın tarifləri artırılarkən rəsmilər bunu, əsasən, iki səbəblə izah ediblər. Birincisi qazın maya dəyəri baha başa gəlir, ikincisi də Azərbaycan xaricdən valyuta ilə qaz alır: «Paradoksal durum yaranır. Bir tərəfdən şirkət bütün ölkə əhalisini təmin etmədiyindən Azərbaycan qazını konsorsiumdan dollarla almalı olur, digər tərəfdən Gürcüstana qaz sataraq, həmin bazarı əlində saxlamaq istəyir».

Müəllif etiraf edir ki, Azərbaycana valyuta, əsasən, neft və qaz satışından gəlir. Ancaq yazıda vurğulanır ki, bu proses ölkənin təhlükəsizliyinə, əhalinin maraqlarına ziyan gətirməməlidir.

XS
SM
MD
LG