Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 13:33

Mediada Cümhuriyyət 'davası'


Azərbaycan parlamentinin üzvləri. 1918
Azərbaycan parlamentinin üzvləri. 1918

Dövlət başçısı İlham Əliyevin 2018-ci ili «Azərbaycan Xalq Cümhuriyyət İli» elan etməsi, hakimiyyətin Cümhuriyyət liderlərinə münasibəti və Dünya Bankının xəbərdarlığı medianın aparıcı mövzularıdır...

«M.Ə.Rəsulzadənin büstünə çuval keçirsələr də...»

Azadliq.info saytında «Cümhuriyyətçiləri şərləyənlərin Cümhuriyyət «sevgi»si» sərlövhəli yazı oxumaq olar.

Müəllif hesab edir ki, indiki hakimiyyət cümhuriyyətçilərə səmimi deyil.

Yazıda bildirilir ki, Yeni Azərbaycan Partiyası (YAP) hakimiyyəti bütün fəaliyyəti dövründə demokratik dəyərləri ləkələmək, həqiqi liderləri unutdurmaq kursu götürüb:

«Məhəmməd Əmin Rəsulzadəyə, onun silahdaşlarına, Elçibəyə və onun silahdaşlarına münasibət bunun bariz göstəricisidir».

Müəllifə görə, amma avtoritarizm şərəfli tarixi, xalqın qəhrəmanlarını silmək gücündə deyil:

«M.Ə.Rəsulzadənin büstünə çuval keçirsələr də, adını kitablardan çıxarsalar da, xalqın yaddaşından pozmağı, ona olan sevgini azaltmağı bacarmadılar. Əmin oldular ki, Cümhuriyyət dövrünə, qurucu babalara çamur atdıqca, xalqın nifrətini daha çox qazanırlar. Ona görə də Cümhuriyyət sevgisinin imitasiyasına start veriblər».

Müəllif vurğulayır ki, ölkə başçısı İlham Əliyev 2018-ci ili «Azərbaycan Xalq Cümhuriyyəti ili» elan edib. Bu barədə ölkə başçısı yanvarın 10-da Nazirlər Kabinetinin 2017-ci ildə ölkənin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bildirib və bu istiqamətdə müxtəlif tədbirlərin keçiriləcəyi nəzərdə tutulur.

Müəllif hesab edir ki, yenə də Rəsulzadənin adı çəkilməyəcək, Cümhuriyyətin 100 illiyindən danışa-danışa Heydər Əliyevin və İlham Əliyevin təbliğatını aparacaqlar:

«Azad mətbuatı sıradan çıxaranlar, demokratik dəyərləri məhv edənlər Cümhuriyyəti necə sevə bilərlər? 100 il öncə Azərbaycanın adı demokratik dövlətlər sırasında idi, bugün korrupsionerlərin, avtoritarların sırasındadır...».

Türk İslam ordusu Bakıda
Türk İslam ordusu Bakıda

«Heydər Əliyevin hakimiyyəti dövründə AXC-nin fəaliyyəti uca tutulub»

«Azərbaycan» qəzetində isə «Prezident İlham Əliyevin bu qərarı Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin təbliğində misilsiz rol oynayacaq» sərlövhəli yazıda prezidentin 2018-ci ili ölkədə «Azərbaycan Xalq Cümhuriyyəti ili» elan etməsi fərqli yöndən dəyərləndirilir. Yazıda Mətbuat Şurasının komissiya sədri Vüqar Rəhimzadənin düşüncələrinə yer verilib.

V.Rəhimzadə deyib ki, hazırda Azərbaycan dünyada nüfuzlu dövlət kimi tanınır. Bu imicin formalaşmasının kökündə uğurlu daxili və xarici siyasət durur:

«Təbii ki, bu təcrübənin əsası Azərbaycan Xalq Cümhuriyyəti (AXC) ilə bağlıdır. Məhz 1918-ci ildə Şərqdə ilk demokratik respublika-AXC qurulub. AXC-nin yaradılması 1918-ci il mayın 28-də Tbilisi şəhərində bəyan edilib. Təəssüf ki, AXC 1920-ci il aprelin 27-də Sovet Rusiyasının hərbi təcavüzü nəticəsində süqut edib. Amma bu qısa tarixi dövr ölkənin dövlətçilik tarixində mühüm mərhələdir».

V.Rəhimzadə hesab edir ki, AXC-nin qurulmasının 100 illiyi ilə bağlı dövlət başçısı İ.Əliyevin 2018-ci ili «Cümhuriyyət ili» elan etməsi Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin təbliğində misilsiz rol oynayacaq. Onun fikrincə, hələ Heydər Əliyevin hakimiyyəti dövründə AXC-nin fəaliyyəti uca tutulub və dünyaya təbliği istiqamətində mühüm işlər görülüb:

«Məhz ulu öndər Heydər Əliyevin, dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti, onun qurucularının şəxsiyyəti daim uca tutulub, xatirələri yad edilib. Hesab edirəm ki, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli sərvətidir».

Xəzərdə neft platforması
Xəzərdə neft platforması

Dünya Bankının xəbərdarlığı...

«Novoye Vremya» qəzetində diqqəti «Dünya Bankından növbəti xəbərdarlıq» sərlövhəli yazı cəlb edir.

Yazıda bildirilir ki, Azərbaycan iqtisadiyyatının neft ixracından asılı olması problemi diqqət mərkəzindədir:

«Azərbaycanın neftdən asılılığının ölkə iqtisadiyyatında olduqca ağır nəticələrə gətirəcəyi barədə həyəcan təbili çalınır. Bunu hətta beynəlxalq maliyyə institutları da gizlətmirlər. Dünya Bankının mövqeyinə görə, neft ixracatçıları öz iqtisadiyyatlarını şaxələndirə bilməsələr, inkişaf az olacaq və bu ölkələr zəif iqtisadi artımdan əziyyət çəkəcəklər».

Müəllifin qeyd etməsinə görə, neftin yüksək qiymətə satıldığı 2003-2007-ci illərdə Neft Fondundan büdcəyə transfertlər ümumu daxili məhsulun (ÜDM) 10 faizi həcmində idisə, indi bu, 60 faizə yüksəlib.

Yazıda vurğulanır ki, rəsmi Bakı ölkə iqtisadiyyatını şaxələndirməyin əsas hədəf olduğunu desə də, real mənzərə bunu inkar edir. Müəllifin fikrincə, neftin qiymətinin aşağı düşməsi ölkəni əlverişsiz duruma salıb, manatın dollara nisbətdə iki dəfə dəyər itirməsi əhalinin alıcılıq qabiliyyətini ciddi şəkildə azaldıb.

Yazıda bildirilir ki, beynəlxalq qurumlar neftdən gələn gəlirləri sonrakı dövrə saxlamağı vacib sayırlar. Amma müəllif hesab edir ki, hakimiyyətlər bu tövsiyəni ciddiyə almırlar və neft pulları istehlaka yönəldilib.

Yazıda vurğulanır ki, yeni iri neft yataqları kəşf edilməsə, neftdən asılı Azərbaycan iqtisadiyyatını 3-5 ildən sonra ciddi böhran gözləyir. Müəllifə görə, Dünya Bankı Bakıya neft və qaza çox da bel bağlamamağı məsləhət bilir.

XS
SM
MD
LG