Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 15:27

İmişlidə 'qızıl üstündə' aksiya


«Dəniz lombard»ın qarşısında aksiya
«Dəniz lombard»ın qarşısında aksiya

Bu gün, martın 9-da İmişli şəhərində etiraz aksiyası olub. Bir qrup rayon sakini şəhərin mərkəzində yerləşən «Dəniz lombard»ın qarşısına toplaşıb. Onlar kredit təşkilatından vaxtilə borc pul qarşılığında girov qoyduqları qızıl-zinət əşyalarının qaytarılmasını tələb ediblər. Polis etirazçıları ərazidən kənarlaşdırıb.

«Aylardır ki, bizi get-gələ salıblar»

AzadlıqRadiosuna danışan İmişli şəhər sakini Rasəf Rüstəmov bildirib ki, onlar şikayətlərinin ölkə başçısına çatması üçün bu addımı atıblar: ​«Adamlar təşkilatın cəlbedici təklifinə inanaraq ailə üzvlərinə məxsus qızıl əşyaları girov qoyaraq borc pul götürüblər. Borcları qaytaranlar əmanət etdikləri əşyaları, yaxud onun dəyərini geri ala bilmirlər. Lombard sahibi günahı bankın üstünə atır. Üstəlik, hər dəfə söz verir ki, əmanətləri gələn həftə qaytaracam. Beləcə 6 aydır ki, adamlar get-gələ salınıb. 84 nəfər sakinin ümumilikdə 196 min manatlıq əşyası yoxa çıxıb. Zərərçəkənlərin arasında Qarabağ veteranları, Azərbaycanın ərazi bütövlüyü uğurunda həlak olanların ailə üzvləri də var. Əksəriyyəti kasıblardır».

Rasəf Rüstəmov
Rasəf Rüstəmov

R.Rüstəmov hüquq-mühafizə orqanlarına edilən şikayətin də nəticəsiz qaldığını deyib: «Bu adam hamıya çəkinmədən deyir ki, hara, kimə istəyirsiniz şikayət edin. Şikayətimizlə bağlı bizi rayon prokuroru da qəbul edib. Amma o bildirir ki, bu, mülki mübahisədir və məhkəməyə müraciət olunmalıdır. Eyni şəxs tərəfindən bu qədər aldadılmış adam varsa, bu, necə mülki iş ola bilər?..».

Etirazçılardan biri- İlqar Zeynalov iddia edib ki, lombard sahibinin onlara təqdim etdiyi sənədlər saxtadır: «Burada hansısa bank adından istifadə edilir. Əslində isə bizimlə bağlanılan müqavilələr heç bir yerdə qeydə alınmayıb, kompüterdə hazırlanmış saxta sənədlərdir. Bu, açıq-aşkar dələduzluq əməlidir».

İmişli şəhər sakini Qurban Hüseynov güman edir ki, bu kiçik təşkilatın böyük havadarı var: «Yəqin arxasında kimsə dayanıb ki, bu qanunsuzluqları edə bilir. Təkcə mənim ailəmə 10 min manatdan çox zərər dəyib».

«Dəniz lombard»ın qarşısında aksiya
«Dəniz lombard»ın qarşısında aksiya

Lombard sahibi: «Mən kiminsə malını mənimsəməmişəm»

AzadlıqRadiosunun sorğusunu cavablandıran «Dəniz lombard»ın sahibi Yaqub Əliyev isə lisenziya aldığını və fəaliyyətinin tam qanunauyğun olduğunu bildirir. O, bəzi müştərilərin əmanəti ilə bağlı baş verənlərin texniki səhvdən qaynaqlandığını vurğulayıb: «Problem əməkdaşlıq etdiyim bankı (ad açıqlamır-red.) dəyişəndə yarandı. Belə ki, girov qoyulan əşyaların kodunda texniki səhvə yol verilib. Amma kiminsə malı itməyib, zədələnməyib, hamısı yerindədir. Bununla bağlı cinayət işi açılıb. İstintaqda da sübuta yetdi ki, özgə əmlakını mənimsədən söhbət belə gedə bilməz. Vətəndaşlardan qəbul edilən əmanətlər bankda saxlanılır və mərhələli şəkildə onlara qaytarılır. Bu problem ilk vaxt 84 nəfərlə bağlı yaranmışdısa, hazırda cəmi 6 nəfərə borcumuz qalır».

Bu deyilənlərə, hələlik, İmişli Rayon Prokurorluğundan və başqa yerli rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.

Lombardlara dövlət nəzarəti
Gözlə

No media source currently available

0:00 0:02:19 0:00

XS
SM
MD
LG