Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 22:46

Avropada meyvə-tərəvəz qıtlaşa bilər – Qərb mediası


Arxiv fotosu
Arxiv fotosu

Təchizatçılar Avropada təzə meyvə-tərəvəz qıtlığı yaranacağı haqda xəbərdarlıq edirlər. Əsas səbəb koronovirus pandemiyasının hasilatın və məhsul yığmağa gərəkən qüvvələrin qlobal hərəkəti məhdudlaşdırmasıdır.

“Reuters” yazır ki, hökumətlər qıtlığı aradan qaldırmağın yollarını axtarır, təzə məhsulun AB sərhədlərindən sürətlə keçməsi üçün “yaşıl zolaqlar” yaratmağa, hazır məhsulu yığmağa “kölgə ordusu” yaratmağa, miqrant fəhlələri üçün gediş-gəliş qaydalarını yüngülləşdirməyə çalışır.

Doğrudur, Avropada supermarketlər yetərincə məhsul aldıqlarını deyirlər. Amma mənbələrdə, məsələn, təzə məhsulların əsas təchizatçısı sayılan Afrikada təzyiq artmaqdadır, eləcə də Avropanın daxilində.

“Ehtiyatlar günbəgün azalır”

Üstəlik, müştərilərin mağaza rəflərini sürətlə boşaltması, ehtiyat yığmağa çalışması problemi dərinləşdirir.

Avropaya yaşıl lobya və noxudun əsas təchizatçısı olan Keniyada bu sektorda çalışanların yarısı məcburi məzuniyyətə göndərilib.

“Avropada ehtiyatlar günbəgün azalmaqdadır”, – 200-dən artıq istehsalçının və ixracatçının daxil olduğu Keniya Təzə Məhsul Konsorsiumunun rəhbəri Okisegere Ojepat deyib.

Digər əsas təchizatçı olan Cənubi Afrikada isə bu həftədən 21 günlük karantin başlanır.

Xeyli təyyarə reysləri təxirə salındığından qalanlar daha artıq ödəniş tələb edir. Son iki həftədə operatorlar məhsulun kilosu üçün ödənişi 3 dollara qaldırıblar, Keniyadan Hosea Machuki bildirir.

Hətta tez xarab olmayan, normalda dənizlə daşınan sitrus meyvələri üçün belə problem yaşana bilər, çünki Çindəki durumdan dolayı konteyner qıtlığı yaranıb. Portağal, limon, çuğundur, kök və kələmə də tələbat xeyli yüksəlib.

Miqrant fəhlə qıtlığı başqa bir problemdir. Bu, İspaniya daxil Avropadakı əsas təchizatçılarda məhsul yığımını əngəlləyir. İspaniya AB-yə ən böyük meyvə-tərəvəz ixracatçısıdır.

Mərakeşdən 16 minədək mövsümi işçilər, əsasən qadınlar İspaniyaya çiyələk və qırmızı meyvələri yığmağa gedəcəklər, bu haqda iki ölkə razılaşma əldə edib.

“Dünya ərzaqla təmin olunub”

Bu arada qlobal ərzaq təhlükəsizliyi sarıdan əndişələr artmaqdadır. Artıq dünya əhalisinin beşdə biri karantin şəraitində yaşayır.

İstehlakçıların məhsulları qeyri-bərabər şəkildə alaraq ehtiyat yığması bəzi hökumətləri narahat etməyə başlayıb.

“Böyük ixracatçılar dənli məhsulları ölkədən çıxarmamaq qərarı versələr, alıcılar həqiqətən narahatlıq yaşayacaqlar. Bu, panika yaratmaqdır, rasional deyil, çünki dünya fundamental olaraq ərzaqla təmin olunub”, – Avstraliya Milli Bankından aqrobiznes iqtisadçısı Phin Ziebell deyib.

Dünyanın üçüncü düyü ixracatçısı olan Vyetnam artıq satışı məhdudlaşdırıb.

“Vyetnam ixrac qadağasını qüvvədə saxlasa, yaxın müddətdə dünya bazarında təchizat birdən-birə 10-15 faiz azalacaq. Bundan özəlliklə Afrika ziyan görəcək”, – Avropada bir düyü ticarətçisi deyib.

Dünyanın aparıcı düyü ixracatçısı olan Hindistanda isə təzəlikcə üç həftəlik karantin elan olunub.

Rusiyanın bitki yağları birliyi günəbaxan toxumları ixracına məhdudiyyət qoymağa çağırıb. Palma yağının ikini istehsalçısı olan Malayziyada isə hasilat yavaşıyıb.

Yaxşı xəbərsə odur ki, Birləşmiş Ştatların Kənd Təsərrüfatı Departamentinin bildirməsinə görə,bu il dünyada düyü və buğda hasilatının rekord həddə – 1,26 milyard ton olacağı proqnozlaşdırılır.

XS
SM
MD
LG