Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 11:00

'Oskar'ın xarici film nominasiyasına namizədlər


'Oskar'
'Oskar'

Indiewire saytı 2022-ci ilin "Oskar" mövsümündə uğurlu olacağı düşünülən 15 film haqqında yazı dərc edib. Yazıda xarici ölkələrdə istehsal olunan filmlərin "Oskar" mükafatına namizəd göstərilməsi prosesi "köhnəlmiş" adlandırılıb. Xarici filmlərin namizədliyinin verilməsi zamanı bütöv bir ölkənin adının o filmin arxasında durmalı olması buna dəlil göstərilir.

İşin daha bir maraqlı tərəfi ölkələrin öz adlarını filmlərin arxasına yerləşdirməsi nəticəsində siyasi baxımdan kimlərinsə maraqlarına zidd olan filmlərin dünya auditoriyası qarşısına çıxa bilməməsidir.

93 namizəd

Ancaq bütün bunlara baxmayaraq, "Oskar" mükafatlarının "ən yaxşı xarici film" kateqoriyası mövsümün ən maraqlı və həyəcanlı aspektlərindən biri olaraq qalır. "Parasite" filminin "ən yaxşı film" kateqoriyasında qələbəsindən sonra bu maraq və həyəcan daha da artıb.

Bu mövsümdə 93 ölkə "Oskar" mükafatına öz filmlərini təqdim edib. Onlardan 92-si NEON platforması tərəfindən yayılır. Bu filmlərin arasında beynəlxalq festivallarda uğur qazanmış o qədər çox film var ki, hətta Kann festivalında seçilmiş işlərin belə qısa siyahıya düşməsi asan olmaya bilər. Kannda uğur qazanan filmlərdən Avstriyanın namizədi olan "Great Freedom" və Meksika filmi "Prayers for the Stolen"ın adları çəkilir.

"Niyə hər ikisi də olmasın?"

Kann kinofestivalının əsas mükafatı olan "Qızıl Palma" mükafatının qalibi Jüliya Dükurnonun "avtoerotik" hekayəsi olan "Titane" Fransanın namizədi seçilib. Venesiya kinofestivalının qalibi "Happening" isə seçilməyib. Təbii ki, kinosevərlər təəssüf hissi ilə "niyə hər ikisi də olmasın" sualını verirlər.

Eyni şey İran filmlərinə də aiddir. İranı təmsil edən film Əsgər Fərhadinin "A Hero" olacaq. Məqalə müəlliflərinin daha maraqlı hesab etdiyi, Pənah Pənahinin çəkdiyi "Hit the Road" şedevri isə namizəd kimi göndərilə bilmir.

İspaniya da Pedro Almodovarın "Parallel Mothers" filmini yox, başqa, yenə müəlliflərin fikrincə, daha zəif bir filmi göndərir.

Ancaq bununla yanaşı, müsabiqəyə Rüsuke Hamaquti, Radu Jude və Mahamat-Saleh Harun kimi ustadların gözəl əsərləri də qatılır. Builki xarici namizədlər arasında "qəribə" cütlüklər haqda filmlər nəzərəçarpacaq dərəcədə çoxdur. Yuho Kuosmanenin "Compartment no.6" filmi gənc universitet məzunu Laura ilə alkoqolik Lyoxa, Rüsuke Hamaqutinin "Drive My Car" filmi hələ də həyat yoldaşının yasını tutan teatr rejissoru ilə sürücüsü Yusuke, Mariya Şraderin "I'm Your Man" filmi isə işqolik universitet professoru ilə android (insan şəkilli robot) arasındakı münasibət haqqındadır.

Siyahı

"Oskar" mükafatına namizəd filmlərin qısa siyahısı dekabrın 21-də elan ediləcək. Indiwire saytının qısa siyahıya düşməyə ən yaxın namizəd saydığı 15 filmsə bunlardır:

"Bad Luck Banging or Loony Porn". Rumıniya. Rejissor Radu Jude

"Compartment no.6". Finlandiya. Rejissor Yuho Kuosmanen

"Drive My Car". Yaponiya. Rejissor Rüsuke Hamaquti (Bu film Haruki Murakaminin qısa hekayəsi əsasında çəkilib.)

"Flee". Danimarka. Rejissor Yonas Poer Rasmussen (sənədli)

"The Hand of God". İtaliya. Rejissor Paolo Sorrentino

"A Hero". İran. Rejissor Əsgər Fərhadi

"I'm Your Man". Almaniya. Rejissor Mariya Şrader

"The Intruder". Argentina. Rejissor Nataliya Meta

"Lamb". İslandiya. Rejissor Valdimar Yohannsson

"Lingui, or the Sacred Bonds". Çad. Rejissor Mahamat-Saleh Harun

"Memoria". Kolumbiya. Rejissor Apiçatpon Virasetakul

"Prayers for the Stolen". Meksika. Rejissor Tatyana Ueso

"Titane". Fransa. Rejissor Jüliya Dükurno

"Unclenching the Fists". Rusiya. Rejissor Kira Kovalenko

"The Worst Person in the World". Norveç. Rejissor Yoakim Trier

XS
SM
MD
LG