Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 17:23

Putinlə Makronun 5 saatlıq görüşü başa çatdı


Putin müharibədən, Makron beynəlxalq hüquqdan danışıb

Moskvada Rusiya və Fransa prezidentləri Vladimir PutinEmmanuel Makron arasında 5 saatdan çox davam edən danışıqlar başa çatıb.

Danışıqlarda əsas etibarilə Ukrayna ətrafında yaranmış böhran və Rusiyanın NATO-dan təhlükəsizlik qarantiyaları tələbi müzakirə olunub.

Putin görüşü “faydalı və məzmunlu” adlandırıb və deyib ki, Makronun bəzi ideyaları qarantiyaların təmin olunması yolunda birgə addımların əsasını təşkil edə bilər.

İki prezident Makronun Kiyevə səfərindən sonra zəngləşmək barədə razılığa gəliblər.

Fransa prezidenti Ukraynaya fevralın 8-də səfər edəcək.

Putin müharibədən, Makron beynəlxalq hüquqdan danışıb

Putin bu görüş zamanı bir neçə dəfə vurğulayıb ki, Ukraynanın NATO-ya üzv qəbul olunması Avropada tammiqyaslı müharibəyə səbəb ola bilər.

Putin bildirib ki, alyans üçün Rusiya rəqibdir və buna görə də Ukraynanın NATO-ya üzvlüyü və Krımı qaytarmaq cəhdi Rusiya ilə Qərb arasında açıq müharibəyə keçə bilər.

Emmanuel Makron isə deyib ki, Putinin bir sıra məsələlərə baxışı Avropa İttifaqı ölkələrinin mövqeyindən fərqlidir.

Məsələn, Makronun fikrincə NATO-nun “açıq qapılar” siyasəti alyansın varlığı üçün zəruridir.

Fransa prezidenti əlavə edib ki, yeni təhlükəsizlik qarantiyaları üzərində iş köhnə müqavilələrə əməl edilmədiyi şəraitdə aparıla bilməz.

Makron bəyan edib ki, onun Putinlə görüşü hazır razılaşmalar demək deyil, amma o şaddır ki, bu dialoq ümumiyyətlə başlanıb.

Olaf Şolts (solda) və Co Bayden Ağ Evdə görüşüblər
Olaf Şolts (solda) və Co Bayden Ağ Evdə görüşüblər

Bayden Şoltsla, Makron Putinlə görüşür

ABŞ prezidenti Co Bayden fevralın 7-də Ağ Evdə Almaniya kansleri Olaf Şoltsla danışıqlardan az əvvəl deyib ki, Berlin və Vaşinqton Rusiyanın Ukrayna yaxınlığına böyük qoşun cəmləşdirməsi ilə yaranmış böhranın aradan qaldırılması istiqamətində “sıx yanaşı” hərəkət edirlər.

Bayden bildirib ki, Almaniya və ABŞ Rusiyanı Avropada təcavüzdən bundan sonra çəkindirmək üçün birgə işləyirlər.

Şolts deyib ki, Qərbin bu problemə yanaşması yekdildir və Rusiya Ukraynaya müdaxilə edərsə, bunun cavabı çevik bir şəkildə veriləcək.

Almaniya Ukrayna böhranının çözümü üçün yaradıllmış Normand dördlüyünün üzvüdür və Şolts Ukraynaya silah-sursat göndərmədiyinə görə tənqid olunur.

Vaşinqtona yola düşməzdən əvvəl Şolts demişdi ki, Berlin Ukraynaya silahlar göndərməsə də, Baltik ölkələrinə hərbi qüvvələr göndərəcək.

Almaniya NATO-nun Litvadakı əməliyyatlarına başçılıq edir və orada 500 Almaniya hərbçisi yerləşdirilib.

Makron ümid edir

Ağ Evdə keçirilən bu görüşlə demək olar eyni vaxtda Moskvada prezidentlər Vladimir PutinEmmanuel Makron arasında danışıqlar başlanıb.

Makron Putinə deyib ki, o aralarındakı danışıqların gərginliyin azalmasına kömək edəcəyinə ümid edir:

"Bu müzakirə bizim getməli olduğumuz istiqamətdə başlanğıc ola bilər, istiqamət isə de-eskalasiyaya doğrudur”.

O əlavə edib ki, “müharibədən yan keçiləcəyinə”, “etimad, stabillik və şəffaflıq elementlərinin qurulacağına” ümid bəsləyir.

Putin Fransanın Avropa təhlükəsizliyinin formalaşdırılmasındakı rolunu alqışlayıb və xatırladıb ki, bu görüş iki ölkə arasında 30 il əvvəl imzalanmış dostluq müqaviləsinin ildönümünə təsadüf edir:

“Mən görürəm ki, biz Avropada təhlükəsizlik sferasında baş verənlərlə bağlı narahatlığı bölüşürük”.

O Fransanın “Avropada bərabər təhlükəsizlik” və Ukrayna böhranının çözümü istiqamətindəki səylərini yüksək qiymətləndirdiyini deyib.

***

Putin-Makron danışıqları öncəsi Kreml bu görüşdən gözləntiləri azaltmağa çalışıb.

“Vəziyyət o qədər mürəkkəbdir ki, bir görüşdən qətiyyətli irəliləyiş gözləməyə dəyməz”, – Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə deyib. Amma o, eyni zamanda danışıqları “çox mühüm” adlandırıb.

Fevralın 7-də Rusiyanın aparıcı diplomatı Moskva ilə Vaşinqton arasında nüvə silahlarına nəzarət üzrə danışıqları Kremlin təhlükəsizlik tələblərinin yerinə yetirilməsi ilə əlaqələndirib.

“Amerikalılarla strateji sabitliklə bağlı gələcək dialoqumuz böyük miqyasda təhlükəsizlik qarantiyalarının necə həll olunacağından asılıdır”, – Rusiya Xarici İşlər Nazirliyində nüvə silahlarının yayılmaması və nəzarət şöbəsinin müdiri Vladimir Yermakov “RIA” xəbər agentliyinə bildirib.

***

Fevralın 7-də Almaniyanın Kansleri Olaf Şolts Vaşinqtonda ABŞ Prezidenti Co Baydenlə görüşəcək. Məqsəd Rusiyanın Ukrayna ilə sərhəd qoşun yığmasının yaratdığı gərginliyin aradan qaldırılmasında Almaniyanın rolunu artırmaqdır.

Şolts dekabrda kansler vəzifəsinə keçəndən bəri ilk dəfədir Ağ evə səfər edir. Almaniyanın yeni lideri Ukraynaya silah göndərməyə razılaşmadığına görə tənqidlə üzləşib.

Fevralın 6-da Berlindən yola düşən Şolts bir daha Almaniyanın Ukraynaya silah göndərməyəcəyini qeyd edib. Amma o, ölkəsinin Baltik ölkələrinə əsgər göndərməyə hazır olduğunu söyləyib.

“Ukraynaya öldürücü silahlar göndərmirik”

Almaniyanın Baltik ölkələrində NATO əməliyyatlarında iştirakını “gücləndirmək üçün gərəkəni etməyə hazırıq”, – Şolts Almaniyanın ARD ictimai televiziyasına müsahibəsində deyib.

Almaniya NATO-nun Litvada əməliyyatına rəhbərlik edir, bu ölkədə 500 əsgəri var.

Bu arada Rusiyanın Ukraynanı işğala hazırlaşması ilə bağlı narahatlıq artır. Qərb ölkələri və NATO Rusiyanı sərhədə 100 mindən çox əsgər yığmaqda ittiham edir.

Rusiya isə işğal planları olmadığını deyir, amma eyni zamanda genişmiqyaslı təhlükəsizlik qarantiyaları tələb edir. Tələblərdən biri də Ukraynanın NATO-ya heç vaxt üzv olmamasıdır.

Şolts ölkəsinin Ukraynaya silah göndərməkdən imtinasını müdafiə edib. “İllərdir, Almaniya hökuməti böhran zonalarına silah göndərməmək siyasəti yürüdür. Biz Ukraynaya öldürücü silahlar göndərmirik”, – o, ARD televiziyasına deyib.

İkinci donor

Şolts hökuməti Almaniyanın Rusiyaya mümkün sanksiyaları açıqlamaqdan imtina etdiyinə görə də tənqid olunur. Amma kansler deyib ki, Moskva hücum edəcəyi halda “böyük bədəl”lə üzləşər.

Ağ evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan deyib ki, Almaniya silah göndərməsə də, Birləşmiş Ştatlardan sonra Ukraynanın ikinci böyük donorudur.

“Müxtəlif müttəfiqlər bu işin fərqli tərəfindən yapışırlar”, – Sallivan NATO-nun 30 üzvü haqda belə deyib.

Sallivanın sözlərinə görə, Baydenlə Şolts Rusiya qazının Almaniyaya nəqlini nəzərdə tutan Şimal axını-2 kəmərini müzakirə edəcəklər.

Müşavirin sözlərinə görə, Rusiya Ukraynanı işğal edərsə, kəmər “işə düşməyəcək”. Şolts isə ARD-yə müsahibəsində kəmər haqda suala cavabında “heç nə istisna olunmur” söyləyib.

Kəmərin tikintisinin tamamlanmasına baxmayaraq, Almaniyanın tənzimləyici orqanları ona yaşıl işıq yandırmayıb.

Görüşlər davam edəcək

Şolts Vaşinqton səfərindən sonra bu həftənin sonuna yaxın Berlində Baltik ölkələri liderləri ilə görüşəcək. O, ayın sonuna isə Ukraynaya və Rusiyaya səfər edəcək.

Fransa Prezidenti Emmanuel Makron da fevralın 7-də diplomatik səfərə başlayır. O, Moskvada rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparacaq.

Makron səfərdən öncə Baydenlə telefonla danışıb. 40 dəqiqəlik söhbət zamanı iki lider səfər öncə yaxşı koordinasiya üçün “həftəsonu kontaktları haqda informasiya paylaşıblar”, Fransa prezidentinin ofisindən bildirilib.

Ağ evin məlumatına görə, iki lider “Rusiyanın Ukrayna sərhədlərinə hərbi qüvvə cəmləməyə davam etməsinə qarşı diplomatik və çəkindirici cəhdləri” götür-qoy ediblər.

XS
SM
MD
LG