Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 18:26

Putin Əliyevə sərhəddəki vəziyyətdən narahatlığını bildirib


Arxiv fotosu
Arxiv fotosu

Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev sentyabrın 16-da Şanxay Əməkdaşlıq Təşkilatı liderlərinin Səmərqənddə keçirilən sammiti çərçivəsində görüşüblər

Rusiya prezidenti Vladimir Putin sentyabrın 16-da Şanxay Əməkdaşlıq Təşkilatı liderlərinin Səmərqənddə keçirilən sammiti çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb.

Putin söhbət zamanı bildirib ki, Moskva və Bakı arasında münasibətlər uğurla inkişaf edir, qarşılıqlı ticarət və investisiyaların həcmləri artır, münasibətlər müxtəlif nazirliklər, idarələr və parlamentlər səviyyəsində davam etdirilir.

Rusiya prezidenti bugünlər Azərbaycan-Ermənistan sərhədində baş verənlərlə bağlı narahatlığını bildirib:

“Əlbəttə, bugün bizim hamımızı Ermənistan-Azərbaycan sərhədində gərginliyin artması narahat edir. Biz sizinlə bu barədə danışmışıq. Mən dünən gecə - siz bu barədə artıq bilirsiniz, sizi bu barədə məlumatlandırmışam – Ermənistanın baş naziri Paşinyan Nikol Vladimiroviçlə danışmışam. Yaxşıdır ki, əlaqələndirilmiş səylərlə hər halda eskalasiyanı dayandırmaq mümkün olub, amma mənim başa düşdüyümə görə situasiya hər halda gərgin olaraq qalır”.

Rusiya prezidentinin rəsmi saytında dərc olunmuş məlumatda deyilir ki, İlham Əliyev də Rusiya və Azərbaycan arasında ikitərəfli münasibətlərdən, iki ölkə arasında imzalanmış müttəfiqlik bəyannaməsindən və başqa sənədlərdən söhbət açıb.

Azərbaycan Prezidenti: “Biz Qafqazda vəziyyətin sabit olması üçün nə lazımdırsa edəcəyik.”

AZƏRTAC-ın xəbərinə görə, isə Azərbaycan Prezidenti İlham Əliyev də sərhəddki vəziyyətdən danışarkən vurğulayıb ki, döyüş toqquşmaları 8 saatdan az davam edib və dayandırılıb.

“Mənim indi yerlərdən aldığım informasiyaya görə, dediyim kimi, artıq iki günə yaxındır ki, vəziyyət sabitləşib. İndi əsas məsələ münasibətlərin başlanmaqda olan normallaşması prosesini pozmamaq, bu istiqamətdə irəliləməkdir” - deyə o qeyd edib.

O, əlvə edib ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli sənədlərə sadiqdir:

“Biz Qafqazda vəziyyətin sabit olması üçün nə lazımdırsa edəcəyik” - deyə Azərbaycan prezidenti sonda da vurğulayıb.

Son günlər Azərbaycan və Ermənistan sərhədində vəziyyət yenidən gərginləşib. Hər iki tərəfdən hərbi qullqçunun həlak olduğu açıqlanıb. Tərəflər atəşkəsin pozulmasına görə, bir-birlərini günahlandırırlar.

Sentyabrın 14-dən tərəflər arasında yenidən atəşkəs əldə edildiyi açıqlanıb.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

2021-ci ildə də tərəflər arasında iqtisadi və nəqlaiyyat əlaqələrinin bərpasının vacib sayıldığı daha iki bəyanat imzlanıb.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG