Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 16:44

AİHM Laçın dəhlizi ilə bağlı Azərbaycan üzərinə öhdəlik qoyub


Laçın dəhlizi
Laçın dəhlizi

Ceyhun Bayramov Jozep Borrel ilə danışıb

Dekabrın 22-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel ilə telefon danışığı olub.

Azərbaycan Xarici İşlər Nazirliyinin saytında yer alan məlumatda bildirilir ki, telefon danışığı zamanı bölgədəki cari vəziyyət, Azərbaycan və Aİ arasında mövcud əməkdaşlıq gündəliyinin aktual məsələləri müzakirə edilib.

Vurğulnadığına görə, Ceyhun Bayramov deyib ki, Laçın yolunda dinc nümayiş keçirən azərbaycanlıların etirazlarının səbəbi Azərbaycan ərazilərindəki faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarı, yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş bu yoldan sui-istifadə hallarıdır:

“Nazir Ceyhun Bayramov həmçinin guya Laçın yolunun Azərbaycan tərəfindən bağlandığına dair irəli sürülən iddiaların tamamilə əsassız olduğunu... yerli sakinlərin istifadəsi üçün malların tədarükü və ya zəruri tibbi xidmətlərin göstərilməsi ilə bağlı heç bir maneənin olmadığını diqqətə çatdırıb.”

Məlumata görə, Ali nümayəndə Jozep Borrel də bölgədə mövcud gərginliyin narahatlıq doğurduğunu bildirib. Bu xüsusda, iki ölkə arasında mövcud sülh gündəliyinə sadiqliyin vacibliyi vurğulanıb.

Azərbaycan məhkəmənin qərarından razı qalıb

Azərbaycan Xarici İşlər Nazirliyi Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) müvəqqəti tədbirlər haqqında qərarına münasibət bildirib.

Azərbaycan XİN-in saytında yer alan açıqlamada qeyd edilib ki, bu qərar üçtərəfli bəyanata uyğun olaraq, Laçın dəhlizi ilə hər iki istiqamətdə hərəkət edən şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsizliyi ilə bağlı Azərbaycan tərəfindən verilən zəmanətləri təsdiq edir: "Müxtəlif kütləvi informasiya vasitələrində Beynəlxalq Qızıl Xaç Komitəsinin və erməni təcili yardım maşınlarının Laçın yolu ilə sərbəst, təhlükəsiz keçdiyinə dair video sübutlar yayımlanıb. Beləliklə, müvəqqəti tədbirlər haqqında qərarda göstərildiyi kimi, Ermənistanda tibbi müalicəyə ehtiyacı olan ağır xəstələrin təhlükəsiz keçidi təmin edilib".

XİN vurğulayır ki, Azərbaycan hökuməti ölkə ərazilərində hərəkət azadlığı ilə yanaşı, "Ermənistan tərəfindən Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni istismarı, onların daşınmasına etiraz etmək məqsədilə Laçın yolunda toplaşmış dinc etirazçıların hüquqlarına da zəmanət verir".

***

Dekabrın 21-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Laçın dəhliziylə bağlı Azərbaycan üzərinə öhdəlik qoyub. Məhkəmə Azərbaycanın tibbi yardıma ehtiyacı olan ağır xəstələrin dəhlizdən Ermənistana aparılmasının təmin olunmasından ötrü gərəkən bütün tədbirləri görməsini istəyir. Məhkəmə qərarında həmçinin yolda sığınacaqsız qalmış, yaxud yaşam üçün vasitələrə ehtiyacı olanların təhlükəsizlik keçidini təmin etmək öhdəliyi qoyur.

Bu haqda AzadlıqRadiosunun erməni xidməti – “Azatutyun” Ermənistanın beynəlxalq-hüquq məsələləri üzrə təmsilçisinə istinadla yazır.

Ermənistan Laçın yolunun bağlanması ilə əlaqədar məhkəməyə müraciət etmişdi. Dinc əhalinin hüquqlarının pozulmasının aradan qaldırılması məqsədilə Azərbaycana münasibətdə təminedici addımlar atılması istənilmişdi.

AİHM bu tələbi cavablandırmaq üçün Azərbaycana dekabrın 19-dək vaxt vermişdi.

Mübahisəli məsələlər

Azərbaycanın Qarabağ regionuyla Ermənistanı birləşdirən Laçın dəhlizinin dekabrın 12-dən bağlandığı bildirilir. Bir qrup azərbaycanlı fəal yolda ekoloji tələblər səsləndirir, Qarabağdakı filiz yataqlarının qanunsuz istismarına etiraz etdiklərini deyirlər. Azərbaycan XİN yolu etirazçıların deyil, Rusiya sülhməramlı kontingentinin bağladığını bildirib.

Azərbaycan dəhlizin humanitar məqsədlər üçün açıq olduğunu bildirsə də, Qarabağdakı separatçı rejim böhran və blokadanın davam etdiyini deyir.

“Azatutyun” məhkəmənin qərarına istinadla yazır ki, məhkəmə hazırda Laçın dəhlizinə Azərbaycanın nəzarət etməsinin, eyni zamanda Azərbaycanın 2020-ci il 9 noyabr üçtərəfli atəşkəs bəyanatının 6-cı maddəsini üzrə öhdəliyinin mübahisəli olduğunu qeyd edir. Həmin maddədə Laçın dəhliziylə hər iki tərəfə fərdlərin, nəqliyyat vasitələri və məhsullarının hərəkətinin təhlükəsizliyinin təminatına zəmanət verilib. AİHM bu kontekstdə Avropa konvensiyası çərçivəsində götürülmüş öhdəlikləri xatırladıb.

Azərbaycan AİHM-in bu qərarına, hələlik, münasibət açıqlamayıb.

2020-ci ilin atəşkəs bəyanatı ilə 44 günlük hərbi əməliyyatlar dayandırılıb, Laçın dəhlizinə və qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib. Azərbaycan həmin müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edib.

Azərbaycan da AİHM-də iddia qaldırıb

Azərbaycan da öz növbəsində AİHM-də Ermənistana qarşı iddia qaldırıb. Rəsmi Bakı Yerevanı Laçın rayonunda azərbaycanlıların əmlakını dağıtmaqda ittiham edir, “azərbaycanlıların hüquqlarının kobud şəkildə pozuntularına” görə dəymiş ziyanın kompensasiya olunmasını tələb edir.

XİN bildirib ki, Azərbaycan 2022-ci ilin may-avqust aylarında Ermənistanın Laçın şəhərini və iki qonşu kəndi tərk etməsi zamanı əmlakın, o cümlədən yüzlərlə mülki evin və digər yaşayış sahələrinin qəsdən və məqsədyönlü şəkildə dağıdılmasına dair bir sıra sübutlar təqdim edib. Qurum qeyd edir ki, sözügedən ərazilərdə effektiv nəzarəti həyata keçirməsinə baxmayaraq, Ermənistan hökuməti bu genişmiqyaslı dağıntıların qarşısını almaq üçün heç bir addım atmayıb.

Yeni aşkarlanmış dəlillərə istinadla Ermənistan silahlı qüvvələrinin tərk etməli olduqları ərazilərdə minalar, habelə mülki evlərdə mina tələləri yerləşdirməyə davam etdiyi vurğulanır. 2020-ci il atəşkəs bəyanatının pozuntusu olaraq Ermənistanda 2021-ci ildə istehsal olunmuş və Laçın yolu vasitəsilə Azərbaycana gətirilmiş minaladan istifadə olunduğu bildirilir.

“Azərbaycan insan hüquqlarının kobud şəkildə pozulması nəticəsində dəymiş ziyana görə kompensasiya, reparasiya, restitusiya, digər xərclərin qarşılanmasını tələb edir”, – XİN vurğulayır.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG