Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 17:34

MTN generalına görə həbs olunan vəkil azadlığa buraxıldı


Elçin Qəmbərov
Elçin Qəmbərov

Adı müxtəlif qalmaqallarda hallanan, son olaraq yarım milyonluq dələduzluq ittihamı ilə həbs olunan vəkil Elçin Qəmbərov aprelin 18-də məhkəmə zalından azadlığa buraxılıb. Onun haqqında cinayət işinə isə xitam verilib. Bakı Ağır Cinayətlər Məhkəməsində bu barədə hökm çıxarılıb.

Məhkəmə Qəmbərov haqqında cinayət işinə xitam verilməsinin səbəbini belə əsaslandırıb ki, o, zərərçəkmiş tərəfə dəyən ziyanı tam ödəyib – aldığı 300 min dolları qaytarıb. Qarşı tərəf ondan şikayətçi deyil, bu haqda ərizəsi də var. Üstəlik, vurulan ziyanın 25 faizi qədər dövlət büdcəsinə vəsait də ödəyib.

Qəmbərov uzun illər Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinə rəhbərlik etmiş, iki ildən çoxdur həbsdə olan Mövlam Şıxəliyevin ev dustaqlığına buraxılması adı ilə onun oğlu Elgün Şıxəliyevdən 300 min dollar pul alıb aldatmaqda suçlanır.

Aprelin 18-də hökmdən öncə məhkəmədə Qəmbərovun vəkili Leyla Namazova çıxış edərkən eyni əsasları göstərib, müvəkkili haqqında cinayət işinə xitam verilməsini istəyib.

Onun digər vəkili isə öz oğlu Əli Qəmbərov idi. Lakin o, oğlunun müdafiəsindən imtina etdiyini deyib.

Elçin Qəmbərova məhkəmədə son söz demək təklif olunsa da, o, bundan da imtina edib.

Qəmbərov Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunurdu. Bu maddədə 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Pulu bir dəfə alıb qaytarıb

Əvvəllər 15 saylı vəkil bürosunda işləyən Qəmbərov hüquq müdafiəçisi Leyla Yunusun məktublarını yayıb onun haqqında kitab nəşr etdirəndən bir müddət sonra "Mərkəz" Vəkil Bürosunun rəhbəri təyin olunmuşdu.

Hazırkı cinayət işində adı keçən şahid, eyni zamanda, Mövlam Şıxəliyevin vəkili olan Arzu Cavadov da həmin büronun üzvüdür. Cinayət işinin materiallarına əsasən, Qəmbərov Cavadova hüquqlarını müdafiə etdiyi generalı ev dustaqlığına buraxdıra biləcəyini deyib. O isə onun söylədiklərini Şıxəliyevin oğluna çatdırıb, onlar görüşüb və razılaşıb. Qəmbərov deyib ki, yüksək vəzifə çalışan şəxslər arasında tanışları var və onların vasitəsilə məsələni həll edəcək.

İttihama əsasən, Qəmbərov bir dəfə 300 min dolları Şıxəliyevdən alıb, bir neçə ay sonra geri qaytararaq işin düzəlmədiyini bildirib. Onun sözlərinə görə, məqsəd etibarını qazanmaq olub. Az sonra başqa bir nəfər vasitəsilə məsələni həll edəcəyini söyləyərək bir daha alıb və bu dəfə qaytarmayıb.

Vəkillik fəaliyyəti dayandırılıb

Vəkillər Kollegiyasından AzadlıqRadiosuna bildirilib ki, Qəmbərovun həbsindən sonra onun vəkillik fəaliyyəti dayandırılıb: "Vəkillər Kollegiyası Rəyasət Heyətinin 1 iyul 2022-ci il tarixli qərarı ilə Elçin Qəmbərovun vəkillik fəaliyyəti onun barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb".

Qəmbərovun adı vaxtilə MTN tərəfindən dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunan Səid Dadaşbəylinin işində də hallanıb. Dadaşbəylinin həyat yoldaşı iddia edirdi ki, vəkil Qəmbərov onları aldadıb, başqasına çatdırmaq adı ilə pul alıb.

Lakin həmin vaxt vəkil onun iddiasını təkzib etmiş, demişdi ki, müdafiəçi kimi göstərdiyi xidmətin müqabilində pul alıb, dələduzluqdan söhbət gedə bilməz.

XS
SM
MD
LG