Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 18:36

Büdcədə artırılacaq xərclər haralara gedəcək?


Qarabağda Ərdoğan və Əliyevə bağlı şirkətlər...
Gözlə

No media source currently available

0:00 0:06:31 0:00

Qarabağda Ərdoğan və Əliyevə bağlı şirkətlər...

Yaxın günlərdə dövlət büdcəsinə dəyişikliklər Milli Məclisə təqdim edilməlidir. Maliyyə naziri Samir Şərifov 2023-cü ilin dövlət büdcəsinə ediləcək dəyişikliklərin əsas parametrlərini də artıq açıqlayıb: "İlk növbədə Böyük Qayıdış proqramında əhatə olunan layihələrin maliyyələşdirilməsi sürətlə həyata keçirilməkdədir. Digər istiqamət isə ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlıdır. Bunun üçün də əlavə vəsaitə ehtiyac var…".

Nazir parametrləri açıqlayarkən Prezident İlham Əliyevin tapşırıqlarına istinad edib. Əliyev hələ aprelin 18-də Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində demişdi ki, təkcə üç ay ərzində (vergi və gömrükdə) proqnozdan əlavə 1.5 milyard manat vəsait yığılıb: "…Bütövlükdə hesab edirəm ki, büdcəyə əlavələr ən azı 3 milyard manat səviyyəsində olacaq, ondan da çox ola bilər".

Lakin nə dövlət başçısının çıxışında, nə də maliyyə nazirinin açıqlamasında sosialyönümlü xərclərə əlavə vəsaitin yönəldilməsinə toxunulub. Rəsmi məlumata görə, 2023-cü ilin ötən üç ayı ərzində dövlət büdcəsinin gəlirləri 8 milyard 290 milyon manat, xərcləri isə 6 milyard 567 milyon manat təşkil edib. Nəticədə 1 milyard 723 milyon manat profisiti yaranıb.

A.Hüseynov
A.Hüseynov

"Dövlət artıq prioritetlərini müəyyənləşdirib"

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov "Turan"a bildirib ki, dövlət artıq öz siyasətinin prioritetlərini müəyyənləşdirib: "Bunlar sosial tədbirlər, müdafiə qüdrətimizin və ordumuzun daha da gücləndirilməsi, müasir silahlarla təmin olunması və Böyük Qayıdış Dövlət Proqramının həyata keçirilməsidir... Sosial tədbirlərlə bağlı məsələ isə həmişə gündəmdə olub. Əgər dövlət büdcəmizdə artım olursa, daima burda sosial tədbirlərlə, sosial layihələrlə bağlı vəsaitin ayrılması bir aksiomadır".

"Əlavə neftdən gələn gəlirlərin büdcəyə yönəldilməsi…"

İqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, hökumət həmişə ilin sonunda büdcə layihəsini qəbul edərkən çox konservativ və bəsit bir formulla düşünür: "Nefti çox aşağı bir qiymətlə götürərək büdcə parametrlərini hesablayır və gözləyir ki, altı aydan sonra neftin qiymətində dəyişikliklər olarsa, büdcənin xərc və gəlir hissəsinin artırılması ilə bağlı qərar versinlər. Əslində bu, hökumət üçün yaxşı bir şey deyil. Belə çıxır ki, proqnozlaşdırma və layihələndirmədə ciddi problemlər var".

N.Cəfərli
N.Cəfərli

Bu ilin dövlət büdcəsində neftin bir bareli 50 dollar götürülüb. İqtisadçı da xatırladır ki, neftin qiyməti büdcədə çox aşağı götürülüb: "İlin ilk yarısı yavaş-yavaş geridə qalır və Azərbaycan neftinin qiymətinin altı ay ərzində ortalama 85-90 dollar koridorunda olacağı gözlənilir. Bu da Azərbaycan hökumətinə əlavə neftdən gələn gəlirlərin büdcəyə yönəldilməsi üçün əlavə imkanlar yaradır".

"Vətəndaşları qane edəcək artım gözlənilmir"

N.Cəfərlinin vurğulamasına görə, 2021-2022-ci illər göstərdi ki, işğaldan azad olunmuş ərazilərin bərpasına nəzərdə tutulandan daha çox xərcləmələr olur: "Bu il də xərcləmə artacaq və ilin sonunda biz, çox güman ki, ümumilikdə 10 milyard manatın xərcləndiyinin şahidi olacağıq. Bütün bunlar deməyə əsas verir ki, büdcə dəyişiklərində əsas istiqamət yenə işğaldan azad olunmuş torpaqlarda infrastruktur və tikinti xərcləri olacaq. Artacaq vəsaitin ən azı 50 faizi məhz bu istiqamətə yönələcək".

Sosialyönümlü xərclərə gəlincə, iqtisadçı bu yöndə ciddi bir artımın olacağını gözləmir: "Fərdi təqaüdlərlə, bəzi sosialyönümlü xərclərin maliyyələşdirilməsi ilə bağlı fərmanlar və qərarlar olur. Bunlar üçün müəyyən dərəcədə artımlar nəzərdə tutulacaq, amma əməkhaqqı və ya təqaüdlərlə bağlı hansısa bir ciddi, vətəndaşları qane edəcək artımın olması gözlənilmir".

Azərbaycanın 2023-cü il dövlət büdcəsinin gəlirləri 30 milyard 773 min, xərcləri isə 33 milyard 353 min manat müəyyən edilib.

Builki büdcə proqnozlarında xərclərin 5.3 milyard manatı müdafiə, milli təhlükəsizlik, 4.4 milyard manatı isə sosial müdafiə və sosial təminat məsələlərinin payına düşür. İşğaldan azad edilən ərazilərin bərpasına da 3 milyard manat ayrılması nəzərdə tutulub.

XS
SM
MD
LG