Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 06:31

Hökumət ət və süd istehsalını hədəflədiyi qədər artıra bilməyib


Ankara sakinləri: Artıq ət ala bilmirik
Gözlə

No media source currently available

0:00 0:03:17 0:00

Ankara sakinləri: Artıq ət ala bilmirik (Arxiv. 2022)

2015-ci ildə dünya bazarlarında neft kəskin ucuzlaşmışdı. Bu ucuzlaşma Azərbaycan kimi neftdən asılı ölkələrdə özəlliklə ciddi hiss edildi. Ölkənin, az qala, bütün iqtisadi göstəriciləri ciddi gerilədi. Əhalinin sosial rifahı kəskin pisləşdi. Neftin ucuzlaşması büdcə gəlirlərini azaltdı. Bu da hökumətin öz büdcə öhdəliklərini yerinə yetirməsini çətinləşdirdi. Nəticədə hökumət ilboyu iki dəfə devalvasiyaya getməyə məcbur qaldı və manat dollar önündə iki dəfə dəyər itirdi.

2015-ci ildəki proseslərdən sonra hökumət enerji sektorundan kənar bir çox sahələri gəlişdirməyi özünə öncəlikli hədəf qoydu. Bunu gerçəkləşdirmək üçün qısa müddətdə onlarca yol xəritəsi, strateji inkişaf sənədləri hazırlandı. Həmin sənədlərdən biri də kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə və emalına dair strateji yol xəritəsi idi. 2016-cı ildə təsdiqlənən sənəddə hökumət 2020-ci ilədək məhsul istehsalının artırılması ilə bağlı çoxlu hədəf müəyyənləşdirmişdi. Bu hədəflər arasında ət və süd istehsalının artırılması da vardı. Həmin sənəddə bildirilirdi ki, görüləcək tədbirlər nəticəsində 2015-ci illə müqayisədə 2020-ci ildə ölkədə ət istehsalı 20 faiz, süd istehsalı 30 faiz artmalıdır. Bəs hökumət bu hədəflərini gerçəkləşdirə bildimi?

Ət və süd istehsalının durumu

Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı bilgilərə görə, 2015-ci ildə Azərbaycanda 298.6 min ton ət istehsal edilmişdi. Hökumət bu göstəricini 20 faiz artıraraq 358 min tona çatdırmağı hədəfləyirdi. Ancaq açıqlanan bilgilərdən bəlli olur ki, 2020-ci ildə ölkədə ət istehsalı 346 min ton olub. Bu, hökumətin hədəflədiyi göstəricidən 12 min ton aşağı göstərici deməkdir.

Azərbaycanda süd istehsalına gəlincə, 2015-ci ildə ölkədə 1 milyon 925 min ton süd istehsal edilmişdi. Strateji yol xəritəsində bu göstəricinin 30 faiz artacağı - 2 milyon 503 min tona çatdırılacağı hədəflənirdi. Rəsmi rəqəmlərə görə isə, 2020-ci ildə Azərbaycanda süd istehsalı 2 milyon 193 min ton - hökumətin hədəflədiyi göstəricidən 310 min ton az olub. Bu baxımdan, aydın olur ki, hökumət hər iki göstərici üzrə hədəflərinə yetişə bilməyib.

Azərbaycanda ət və südlə təminat

Ölkənin ərzaq balansına dair DSK-nın açıqladığı son bilgilərə görə, 2021-ci ildə Azərbaycanda 145 min ton mal əti istehsal edilib. Bu, bir il öncəkindən cəmi 1.4 faiz yüksək göstəricidir.

Əvəzində 2021-ci ildə idxal edilən mal ətinin həcmində ciddi azalma qeydə alınıb. Belə ki, əvvəlki dörd ildə Azərbaycana hər il 20 min tondan çox mal gətirilirdi. 2021-ci ildə isə bu göstərici cəmi 12 min ton olub. Bu baxımdan, 2021-ci ildə Azərbaycanın özünü mal əti ilə təminetmə göstəricisi son illər ərzində maksimuma – 92 faizə çatıb. Ancaq bu artıma tələbin azalmasının təsirini də gözardı etmək olmaz. Üstəlik, onu da unutmaq olmaz ki, Azərbaycan xarici ölkələrdən diri mal-qara da gətirir və onların kəsimi ölkədə aparıldığından yerli istehsal nisbətən daha yüksək nəticə əldə edir. Bu baxımdan, real yerli ət istehsalı əslində daha azdır. Qoyun və keçi əti istehsalında isə ciddi dəyişiklik baş verməyib. 2021-ci ildə də biröncəki il kimi 87 min ton ət istehsal edilib. Azərbaycanın özünü qoyun və keçi əti ilə təminetmə səviyyəsi 98 faizdir.

Süd və süd məhsulları üzrə Azərbaycanın özünü təminetmə səviyyəsi daha aşağı – 84.5 faizdir. Bu baxımdan, bəlli olur ki, strateji yol xəritəsi qəbul edilsə də, ölkədə ət və süd məhsulları ilə özünü təminetmə səviyyəsi hələ də 100 faizə çatmayıb.

Heyvan sayı azalmaqdadır

Hökumət strateji yol xəritəsinin icra edildiyi və ondan sonrakı dövrdə ölkədə heyvan sayındakı azalmanın da önünü kəsə bilməyib. DSK-nın bilgilərinə görə, bu il yanvarın 1-nə Azərbaycanda iribuynuzlu heyvanların sayı 2 milyon 628 min, xırdabuynuzlu heyvanların sayı isə 7 milyon 772 min başdır. Ötən il yanvarın 1-i ilə müqayisədə iribuynuzlu heyvanların sayı 20 min baş, xırdabuynuzlu heyvanların sayı isə 128 min baş azalıb. Son 10 il boyunca Azərbaycanda kənd təsərrüfatı ilə bağlı ev heyvanlarının sayında ardıcıl azalma qeydə alınır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) fikrincə, buna həddindən artıq istifadə olunduğuna görə otlaq torpaqlarının deqradasiyası, kənd təsərrüfatı üçün daha çox torpağın ayrılmasına yönəlik hökumət siyasəti, torpaqları Ermənistan işğal etdiyindən otlaqlara yetərli çıxışın olmaması və iqlim dəyişikliyi problemləri yol açıb.

XS
SM
MD
LG