Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 12:41

Xidmətdən 10 il sonra xəyanət ittihamı ilə həbs olundu, 4 ilə bəraət aldı


'Azərbaycan hərbçilərini soyundurub toka veriblər'
Gözlə

No media source currently available

0:00 0:08:50 0:00

'Azərbaycan hərbçilərini soyundurub toka veriblər'

Dövlətə xəyanət ittihamı ilə – ermənilərə casusluqda təqsirləndirilərək 4 il yarım həbsdə saxlanılan Sədayıl Şükürov mayın 31-də bəraət alaraq azadlığa çıxıb. Onun haqqında bu hökmü Gəncə Apellyasiya Məhkəməsində Şamil Rzaquliyevin sədrlik etdiyi hakimlər heyəti verib.

Masallı rayonunun Xallıcalı kənd sakini olan Şükürov 2018-ci ilin yanvarında – Tərtərdə hərbçilərin kütləvi həbsindən 7-8 ay sonra tutulmuşdu. Lakin ona qarşı irəli sürülən ittiham da "Tərtər məhbusları" ilə bənzər idi – o da ermənilərə casusluqda, hərbi xidmət dövründə tabeliyindəki əsgəri qarşı tərəfin postuna aparmaqda, onun videosunu çəkib hədələməkdə təqsirləndirilirdi.

2007-2008-ci illərə aid ittiham

Şükürov hərbi xidmətdə 2007-2008-ci illərdə olmuşdu və ittiham da o dövrə aid idi. Ona dövlətə xəyanətlə yanaşı, tabeliyindəki hərbi qulluqçunu döymə, döyüş növbəsi qaydalarını pozma kimi ittihamlar da verilmişdi.

Gəncə Hərbi Məhkəməsi bu ittihamlarla onu təqsirli bilib və 11 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Apellyasiya instansiyası da hökmü qüvvədə saxlayıb. Lakin 2022-ci ilin aprelində Ali Məhkəmə bu iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin qərarını ləğv edib, işi təkrar araşdırma aparılması üçün geri qaytarıb.

35-yaşlı Sədayıl Şükürovun ailəsi deyir ki, bir ilə yaxındır Gəncə Apellyasiya Məhkəməsində bu iş üzrə araşdırmalar gedirdi. Hakimlər erməni postuna aparıldığı iddia olunan şəxsi, digər şahidləri çağırıb dindiriblər. Sonda belə nəticəyə gəliblər ki, dövlətə xəyanət ittihamı əsassızdır.

"Cavan canı orada çürüdü"

Qardaşı Cəbrayıl Şükürov AzadlıqRadiosuna bildirib ki, 11 illik hökmdə cəzanın ilk 4 ilini həbsxana rejimində çəkməsi göstərilmişdi. Bu səbəbdən o, həmin müddətdə Qobustandakı qapalı həbsxanada qalıb: "Heç bir günahı olmadan cavan canı orada çürüdü, iki körpə balası qaldı...".

Şükürov ifadəsində dövlətə xəyanət ittihamının uydurma olduğunu deyib, bunu "prokurorluğun fantaziyasının məhsulu" adlandırıb.

2017-ci ilin mayında Tərtərdə ermənilərə casusluq, tabeliklərindəki əsgərləri qarşı tərəfə aparıb onların zorlanmasına şərait yaratma və başqa ittihamlarla yüzlərlə hərbçi saxlanılıb. Onlardan bir hissəsi bu ittihamlarla həbs olunub və 20 ilə qədər azadlıqdan məhrum edilib.

2021-ci ilin dekabrında "Tərtər işi" üzrə icraat yenilənib, həbsdə olanlardan bir qisminin işinə yenidən baxılıb. Dövlətə xəyanət ittihamı ilə uzunmüddətli cəzaya məhkum edilmiş 19 nəfər haqqında hökm ləğv olunub, onlara 5 il 6 aydan sonra – 2022-ci ilin dekabrında bəraət verilib.

XS
SM
MD
LG