Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 11:23

Azərbaycan sərhədini pozmaqda təqsirləndirilən erməni hərbiçilərin məhkəməsi başlayıb


©Shutterstock - court, courts
©Shutterstock - court, courts

Təqsirləndirilən şəxslər məhkəmə prosesində Azərbaycanı düşmən ölkə bilmədikləri bildirib. 

İyulun 3-də Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Azərbaycan dövlət sərhədini pozmaqda təqsirləndirilən erməni hərbi qulluqçularının cinayət işi üzrə məhkəmə prosesinin hazırlıq iclası keçirilib.

Hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə hərbi qulluqçuları Arutyun Ovagimyanın və Karen Kazaryanın cinayət işi üzrə məhkəmə iclasında təqsirləndirilən şəxslərin anket məlumatları elan olunub.

Təqsirləndirilən şəxslər məhkəmə prosesində Azərbaycanı düşmən ölkə bilmədikləri bildirib.

Daha sonra məhkəmə baxışı təyin olunub. Növbəti proses iyulun 5-ə təyin olunub.

Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviçə Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah və döyüş sursatının qaçaqmalçılığı), 214.2.1, 214.2.3 (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə törədildikdə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama), 283.2.1 (zor tətbiq etməklə milli düşmənçiliyin salınmasına aşkar surətdə yönələn hərəkətlər etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zor tətbiq etməklə Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə təqsirləndirilir.

Xatırlatma

Rəsmi məlumata əsasən, mayın 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonunun Rəzdərə kəndi ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması faktı qeydə alınıb.


İstintaqla Ermənistan vətəndaşları olan erməni hərbi qulluqçuları - Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviçin qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cari il mayın 26-sı saat 19 radələrində Azərbaycanın mühafizə olunan dövlət sərhədini qanunsuz əldə etdikləri odlu silah və döyüş sursatları ilə Dövlət Sərhəd Xidmətinin Zəngilan sərhəd dəstəsinin xidmətdə olan hərbi qulluqçularına qarşı zor tətbiq etməklə qanunsuz keçərək, odlu silah və döyüş sursatlarını qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq yolu ilə Zəngilan rayonunun Rəzdərə kəndinə keçirməklə Azərbaycanda terror aktı törədəcəkləri ilə hədələmələri, bu məqsədlə Azərbaycanın Zəngilan rayonunun Rəzdərə kəndi ərazisində yerləşən və dövlət sərhədini mühafizə edən Azərbaycanın hərbi hissəsinin hərbi qulluqçularına silahla atəş açaraq hücum etmələrinə əsaslı şübhələr müəyyən edilib.

İstintaqla, həmçinin, müəyyən edilib ki, Azərbaycan ordusunun hərbi qulluqçuları tərəfindən hücumlarının qarşısı qətiyyətlə alınaraq qaçmağa çalışan erməni diversiya qrupunun adları qeyd olunan üzvləri saxlanılan zaman Ovagimyan Arutyun Yurikoviçdən cinayətin aləti olan 1 ədəd “Kalaşnikov” markalı AKM modelli odlu silah və içərisində 10 ədəd 5,45 mm kalibrli döyüş patronları olan 1 ədəd daraq götürülüb.

XS
SM
MD
LG