Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 11:39

Yumurta bahalaşdı, indi də isti su boruları partlayır. Putinin seçkiqabağı başağrıları


V.Putinin Çukotkaya səfəri
V.Putinin Çukotkaya səfəri

Rusiyanın üçüncü ən böyük şəhəri Novosibirskdə iri isti su borusu partlayıb. İri həcmdə qaynar su donmuş küçələrə axıb. Çox soyuq hava şərtlərində yaşayan şəhərdə minlərlə insan istiliksiz qalıb.

Sakit okean sahilində yerləşən Vladivostokda da yerüstü istilik borusu partlayandan sonra 3 minədək insan çox soyuq havada qızına bilməyib.

Moskva ətrafında yerləşən bir neçə yaşayış məntəqəsində də yenə bələdiyyəyə məxsus istilik borusu partlayıb və 150 mindən çox insan qışın ortasında istiliksiz qalıb. Mühəndislər donmuş torpağı qazmalı olublar.

Yanvarın 1-dən bəri - Rusiyada iki həftə sürən bayram günlərində çox sayda kənd və şəhərdə buna bənzər istilik və isti su problemləri meydana gəlib.

Rusiyada qış soyuq keçir. Bu, yenilik deyil. Rusiyada çox hissəsi sovet dövründən qalan və nizamsız təmir edilən kommunal infrastruktur köhnəlməkdədir. Bu da yenilik deyil.

Bu qış yenilik olan nədir?

AzadlıqRadiosunun müxbiri Mayk Ekel (Mike Eckel) yazır ki, prezident seçkiləri mövsümündə indiki prezident Vladimir Putinin qalib gəlməkdən çox böyük faiz toplamaqda maraqlı olması yenilikdir. Seçki zamanı Ukraynaya hücumun 2 ili tamam olacaq.

Bir çox xəbərdə deyilir ki, Kreml rəsmiləri martda keçiriləcək seçkilərə qatılma səviyyəsinin 70 faizdən, toplanan səslərinsə 75 faizdən az olmasını problematik sayacaq.

Yumurta və bananın bahalaşmasından yorulan seçicilər səsverməyə həvəssiz yanaşa bilərlər. Kommunal infrastrukturun yanlış idarə edilməsi üzündən donan əhali haqda da bunu demək olar.

“Təəssüf ki, Rusiyada hər qış kommunal xidmətlərin çökməsi yenilik deyil. Tək yenilik infrastrukturun keyfiyyətcə get-gedə daha çox pisləşməsidir”, - jurnalist və siyasi təhlilçi Fyodor Kraşennikov AzadlıqRadiosu-nun rus xidmətinə belə deyib.

“Bəlli anlamda hər bir millətin hökuməti elə özünə layiqdir. Bu üzdən, mən bütövlükdə hər hansı kommunal etirazın baş verəcəyini gözləmirəm”, - keçmiş vəkil və politoloq Vladimir Pastuxov yanvarın 10-da mühacirətdə yaşayan müxalifətçi Mixail Xodorkovskinin podkastında söyləyib.


Putinin mart seçkilərində qalib gələrək, 2034-cü ilədək hakimiyyətdə qalacağı gözlənilir. Onun namizədliyi ilə bağlı diqqətdə saxlanan əsas məsələ Ukraynadakı müharibə üzərindəki nəzarətidir. Rəy sorğuları rusiyalıların hələ də Putini dəstəklədiyini, ancaq savaş coşqusunun azaldığını, səbrsizliyinsə artdığını göstərir.

“İndi müharibə dövrü olduğundan…”

Rusiya iqtisadiyyatının daha çox silah və daha az kərə yağı istehsal etməyə başlaması fonunda bahalaşmanın doğurduğu rahatsızlıq da artmaqdadır.

Putinin dekabrda canlı yayımlanan ənənəvi sual-cavab görüşündən öncə yumurtanın kəskin bahalaşması ciddi dartışma mövzusu idi. Bəzi bölgələrdə, özəlliklə yoxsul və ucqar yerlərdə yumurtanın qiyməti 40 faizdən çox artmışdı. Putinin özü də bu məsələyə qısaca toxunmuş, quşçu fermerlərin daha çox qazanc götürmək üçün qiymətləri yönləndirdiyini iddia etmişdi.

Kremlin isti su borularının partlamasından nə qədər narahat olduğunu isə demək çətindir.

Rusiya siyasətini uzun zamandan bəri izləyən Tatyana Stanovaya deyir ki, daxili siyasətin əksər hissəsinə nəzarət edən prezident administrasiyasının əməkdaşları bu məsələləri yaxından izləyirlər.

“İstənilən seçki (o sıradan martda gözlənilən seçki) hökumətlə cəmiyyət arasında münasibətlərdəki dəyişiklikləri göstərir. İndi müharibə dövrü olduğundan, xalqın istənilən kütləvi narazılığını Kremlin diqqətlə nəzərə alması çox vacibdir. Əlbəttə, bu, hökumətin legitimliklə bağlı düşüncəsi ilə üst-üstə düşürsə”, - o bu sözləri Karnegi adına Beynəlxalq Sülh Fondu üçün yazdığı şərhdə dilə gətirib.

Moskva vilayətindəki Podolsk rayonundan günlərlə axışan şikayətlərdən və sosial mediada yayılan videolardan sonra yanvarın 9-da Kreml sözçüsü Dmitri Peskov, axır ki, danışıb, boruların partlamasına görə "anomal" soyuqları günahlandırıb və infrastrukturun yıprandığını da vurğulayıb.

O, “bütün boruların, ev və kommunal xidmət sistemlərinin 10-15 il içində yenilənməsinin mümkünsüz olduğunu” deyib.

Yaxşı çar və pis əyan?

Yanvarın 10-da Putin ölkənin şimal-şərqində, Sakit okean sahilində, Moskvadan 9 saat qurşağı şərqdə yerləşən Çukotkaya səfər edib. Səfər zamanı Çukotkada 30 dərəcə şaxta olub. Putin pomidor yetişdirilən istixanalara baş çəkib və Ukraynada döyüşən veteranlarla görüşüb. Ancaq o, get-gedə böyüməkdə olan istilik probleminə dair heç bir ictimai açıqlama verməyib.

Düzdür, Kremlin açıqlamasında deyilir ki, Putin Çukotkanı tərk etməzdən bir gün öncə qəzəbli Podolsk sakinlərinin təzyiqi altında fövqəladə vəziyyət elan edən Moskva bölgəsinin qubernatoru ilə danışıb.

“Hələlik, hökumət tam normal reaksiya verir. Başqa sözlə, hökumət əvvəlcə problemi, sadəcə, görməzdən gəlməklə onu dövlətin informasiya gündəminə çıxarıb xalqın bayram ovqatını korlamasına imkan vermədi”, - Pastuxov deyir.

Rusiyada cəmiyyət inflyasiya, pensiya islahatları və hərbi səfərbərlik kimi sosial problemləri kəskin hiss etsə də, Kreml, adətən, belə halları yola verir - günahı aşağı səviyyəli məmurların üzərinə qoyur və problemin həlli kimi Putini göstərir. Mayk Ekel yazır ki, bu, yaxşı çar və pis əyan haqqındakı qədim rus mifinin yeni təzahürüdür.

Putin Podolskda yerləşən özəlləşdirilmiş Klimovsk patron zavodunun milliləşdirilməsini də təklif edib. Zavodun qazanxanası yerli yaşayış binalarını, xəstəxana və s. tikililəri istiliklə təchiz edir. Bu, Rusiyada iri sənaye müəssisələri ilə bağlı geniş yayılmış təcrübədir. Yanvarın 9-da hüquq mühafizə orqanları həmin zavodun iki yüksək vəzifəli rəhbərini saxlayıb.

Onların adları açıqlanmayıb, ancaq “Agentsvo” adlı araşdırma saytı zavoda Putinin İqor Rudıka adlı keçmiş cangüdəninin və FSB-nin keçmiş yüksək rürbəli zabiti İqor Kuşnikovun rəhbərlik etdiyini yazır. Kuşnikov 1990-cı illərdə Moskvada bir mütəşəkkil cinayətkar dəstənin iştirakçısı olmaqda suçlanıb.

“Sistema” bildirir ki...

Putinin özü də uzun zaman FSB zabiti olub və 1990-cı illərdə - hakimiyyətə gəlməzdən öncə bu quruma rəhbərlik edib.

AzadlıqRadiosu rus xidmətinin araşdırma bölümü “Sistema” bildirir ki, sözügedən zavodun sahibləri arasında meksikalı rus cinayət baronu və “Rostek” dövlət sənaye konqlomeratı da var. “Rostek”in baş icraçı direktoru Sergey Çemezov Şərqi Almaniyada Putinlə birlikdə KQB-də çalışıb.

Müəssisənin idarə strukturuna dair üzə çıxarılan bilgilər və qazanxananın öz işini görə bilməməsi qeyri-şəffaf daxili biznes sövdələşmələrinin ölkə infrastrukturunu çökdürdüyünü bir daha cəmiyyətə xatırladıb.

XS
SM
MD
LG