Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 16:50

Almaniyanın xarici işlər naziri Yerevan və Bakını danışıqların bərpasına çağırır


Annalena Berbok Yerevanda
Annalena Berbok Yerevanda

Almaniyanın xarici işlər naziri Annalena Berbok noyabrın 3-də Yerevana səfəri zamanı Ermənistanı və Azərbaycanı Avropa İttifaqının vasitəçiliyi ilə danışıqları bərpa etməyə çağırıb:

“Almaniya Ermənistanın və Azərbaycanın ərazi bütövlüklərini dəstəkləyir və bu, bütün sülh danışıqlarının əsasını təşkil etməlidir”.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, xanım Berbok bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib:

“Mən inanıran ki, Avropa Şurasının prezidenti Şarl Mişelin səyləri iki ölkə arasında sülhün əldə olunması üçün körpü ola bilər. Məhz buna görə də danışıqların yeni dövrəsinə ehtiyac var”.

Azatutyun xatırladır ki, Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 5-də Mişelin, Almaniya kansleri Olaf Şoltsun və Fransa prezidenti Emmanuel Makronun iştirakilə İspaniyada görüşməli idilər, amma Azərbaycan tərəfi son anda bu danışıqlardan imtina edib.

Şarl Mişel bunun ardınca bildirmişdi ki, iki lider böyük bir ehtimalla elə oktyabr ayında onun vasitəçiliyi ilə Brüsseldə görüşəcəklər. Lakin həmin görüş də baş tutmayıb.

Bakıya qarşı sanksiyalardan danışmayıb

Ermənistanın vəzifəli millət vəkillərindən biri Azatutyuna deyib ki, belə görünür, İlham Əliyev Avropa İttifaqı və ABŞ tərəfindən dəstəklənən sülh razılaşmasının yekunlaşdırılması üçün Paşinyanla görüşmək istəmir.

Ararat Mirzoyan Annalena Berbokla keçirilən mətbuat konfransında deyib ki, Azərbaycanın Ermənistana bu və ya digər şəkildə ərazi iddialarının ola biləcəyindən ehtiyatlanmalar var.

Azatutyun yazır ki, Yerevanda Azərbaycanın Naxçıvanla öz arasında dəhliz açmaq üçün Ermənistan ərazisinə müdaxilə edə biləcəyindən narahatdırlar.

Noyabrın 3-də Berbokun baş nazir Nikol Paşinyanla görüşü gözlənilirdi.

Noyabrın 4-də Yerevandan Bakıya səfər edəcək Berbok Almaniyanın Azərbaycandan qaz alınmasının dayandırılmasını və ya Bakı üzərinə sanksiyaların qoyulmasını dəstəkləyə biləcəyi ilə bağlı danışmaqdan imtina edib. Nazir sadəcə olaraq regionda eskalasiyanın azaldılmasına çağırıb.

Qarabağ qaçqınları üçün 10 milyon dollar

Azatutyun qeyd edir ki, xanım Berbok sentyabrın 19-20-də Azərbaycanın Qarabağda keçirdiyi hərbi əməliyyatı pisləməsinə dair bundan əvvəl verdiyi bəyanatı təkrar etməyib.

O deyib ki, 100 min Qarabağ ermənisi öz yurdunu “təhlükəsizlik səbəbləri ilə” tərk etməli olub.

Berbok Qarabağdan gəlmiş köçkünlərə qayğısına görə Ermənistan hökumətinə təşəkkürünü bildirib.

Almaniyalı nazir elan edib ki, Berlin qaçqınlara humanitar yardım göstərilməsi üçün əlavə olaraq 9.3 milyon avroluq (10 milyon dollar) fond ayırıb.

Azatutyun yazır ki, noyabrın 3-də Yerevana gəlişinin ilk saatlarında Annalena Berbok 1915-ci il qırğını qurbanlarının xatirə abidəsinə əklil qoyub, Qarabağ köçkünlərinin qəbulu məntəqəsinə baş çəkib.

Almaniya parlamenti 1915-ci il hadisələrini “soyqırım” kimi tanıyan qətnaməni 2016-cı ildə qəbul edib.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Üstəlik, separatçı qurumun bəzi liderləri tutularaq Bakıya gətirilib.

XS
SM
MD
LG