Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 12:30

Gözləntilər doğrulmadı – Bahar Muradova


Bahar Muradova
Bahar Muradova

-

«Status-kvonun dəyişməli olduğu barədə həmsədrlərin bəyanatından sonra vəziyyətin dəyişəcəyini gözləmək olardı. Amma Ermənistanın danışıqlar prosesinin uzadılmasına, status-kvonun saxlanılmasına çalışdığını gördük. Ermənistanın beynəlxalq havadarları da ona bu istiqamətdə kömək edirlər».

APA-nın xəbərinə görə, bunu Milli Məclisdə «Təmas xəttində son hadisələr: Beynəlxalq humanitar hüququn problemləri» mövzusunda keçirilən dinləmələr zamanı Milli Məclisin sədr müavini Bahar Muradova deyib.

B.Muradova bildirib ki, artıq beynəlxalq ictimaiyyət münaqişənin ciddi təhlükə törətdiyinin fərqindədir: «Münaqişənin həlli ilə bağlı səylərin artdığı bir məqamda Ermənistanın təmas xəttində törətdiyi təxribat hər kəsə məlumdur. 2014-cü ildən bu yana Azərbaycanı və bizi dəstəkləyən region ölkələrini təxribata çəkmək istiqamətində addımlar atılır. Azərbaycan ərazisində Ermənistanın hərbi kontingentinin iştirakı ilə təlimlər keçirilir, işğal altındakı ərazilərdə mədəni abidələr məhv edilir, «Dağlıq Qarabağ Respublikası»nın tanıtdırılması istiqamətində səylər göstərilir. Aprelin ayının 2-də Ermənistan silahlı bölmələrinin təxribatları nəticəsində insanlar həlak oldu, ekologiya, ətraf mühit üçün zərərli sayılacaq hadisələr baş verdi».

MİFLƏR DAĞILDI

Milli Məclisin sədr müavini deyib ki, Azərbaycan ordusunun bölmələri bu hücumların qarşısını almaq məqsədi ilə əks-hücuma keçib: «Bir sıra yüksəkliklər geri alındı. Ermənistan ordusu və onların yaratdığı istehkamların keçilməz olduğu barədə miflər dağıldı. Ermənistanın təcavüzkar rəhbərliyi üçün də arzuedilməz proseslər başlayıb. Dağlıq Qarabağda artıq əhali arasında münaqişənin lazım olmadığı haqda fikirlər səslənir. Bu münaqişəni başlatmaqla Ermənistan Dağlıq Qarabağdakı əhaliyə problemlər yaradıb, onların gələcəyə ümidi qalmayıb. Vəziyyətin bu şəkildə davam etməsi mümkün deyil».

B.Muradova Dağlıq Qarabağdakı ermənilərin Azərbaycan vətəndaşı olduğunu qeyd edib: «Biz o vətəndaşların da problemlərini həll etməliyik, qaçqın və məcburi köçkünləri öz yerlərinə qaytarmalıyıq. Aprel hadisələri zamanı Azərbaycanın buna daha çox imkanı olduğu üzə çıxdı. Azərbaycan göstərdi ki, bu vəziyyətlə uzun müddət barışmayacaq».

Aprelin 2-dən 5-nə qədər Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlərin getdiyi bildirilib. Bu zaman hər iki tərəfdən onlarla əsgər həlak olub. Sonra tərəflər aprelin 5-də yenidən atəşkəs razılaşması əldə ediblər. Buna baxmayaraq, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda iki ölkə arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) işğal edilib.

XS
SM
MD
LG