Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 15:31

BMT ekspertləri Laçın dəhlizi ilə bağlı bəyanat veriblər


BMT-nin Ermənistandakı nümayəndəliyinin əməkdaşları Kornidzorda, 3 avqust 2023-cü il
BMT-nin Ermənistandakı nümayəndəliyinin əməkdaşları Kornidzorda, 3 avqust 2023-cü il

Birləşmiş Millətlər Təşkilatının (BMT) ekspertləri Azərbaycanı Laçın dəhlizinin blokadasını götürməyə və Dağlıq Qarabağda humanitar böhranı dayandırmağa çağırıblar.

Bu barədə beynəlxalq təşkilatın avqustun 7-də yaydığı bəyanatda bildirilir.

"Son 7 ayda Dağlıq Qarabağı Ermənistanla birləşdirən yeganə yolu əngəlləyən blokada əhalini kəskin ərzaq, dərman və gigiyena vasitələri qıtlığı ilə üz-üzə qoyub. Tibb və təhsil müəssisələrinin fəaliyyətinə təsir göstərib, insanların, xüsusilə uşaqlar, əlillər, qocalar, hamilə qadınlar və xəstələrin həyatını riskə atıb", - ekspertlər vurğulayır.

Onlar Azərbaycan hakimiyyətini 2020-ci il noyabrın 9-da imzalanan atəşkəs bəyanatına uyğun, Laçın dəhlizi ilə hər iki istiqamətdə insanların, nəqliyyat vasitələrinin, yüklərin sərbəst və təhlükəsiz hərəkətini dərhal bərpa etməyə çağırırlar: "Biz Azərbaycan hökumətini qida, sağlamlıq, təhsil, yaşama hüququ da daxil, insan hüquqlarına hörmət və müdafiə üzrə beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırırıq. Biz həmçinin, Dağlıq Qarabağ münaqişəsinin dinc, dayanıqlı həllini tapmaq üçün bütün tərəflər arasında əməkdaşlıq və dialoqun vacibliyini vurğulayırıq".

BMT ekspertləri bölgədə yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrini atəşkəs razılaşmasının şərtlərinə uyğun olaraq Laçın dəhlizini qorumağa çağırırlar.

Laçındakı yeni sərhəd məntəqəsindən keçən erməni sakinlər danışdı
Gözlə

No media source currently available

0:00 0:04:00 0:00

Bakıdan cavab

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bəyanatında BMT-nin İnsan Hüquqları Şurasının xüsusi məruzəçilərinin Laçın dəhlizinin blokadada saxlanması və Qarabağ bölgəsində gərgin humanitar vəziyyətin yaranması fikri ilə razılaşmır.

XİN məruzəçilərin bəyanatını qərəzli sayır və "Dağlıq-Qarabağ" kimi ifadə işlətməsini ölkələrin daxili işlərinə qarışma kimi dəyərləndirir: "Ermənistan öhdəliklərinə zidd olaraq, silahlı qüvvələrini torpaqlarımızdan tam olaraq çıxarmamaqla yanaşı, Laçın yolu vasitəsilə onların rotasiyasını həyata keçirib, silah-sursatla təchiz edib, Azərbaycanın təbii sərvətlərinin talan edilməsi ilə məşğul olub".

Bəyanatda qeyd edilir ki, bütün təxribatlara baxmayaraq, Azərbaycan tərəfi Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən erməni sakinlərin keçidinə şərait yaradır.

Bu bəyanata, hələlik, Ermənistan tərəfinin münasibəti bəlli deyil. Amma Ermənistan rəsmiləri Qarabağdan silahlı qüvvələrinin çıxarılmaması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar habelə vurğulayırlar ki, Qarabağda "müdafiə" ordusunun onlara aidiyyəti yoxdur.

Xankəndidən müsahibə: 'Sülhməramlıların buraxdığı yük 10 faiz ehtiyacımızı ödəmir'
Gözlə

No media source currently available

0:00 0:02:31 0:00

Bundan öncə...

Ermənistan ötən ilin dekabrından Laçın-Xankəndi yolunun blokadada olduğunu deyir. Azərbaycan bunu təkzib edərək dəhlizin humanitar məqsədlər üçün açıq olduğunu bildirir. Bu ilin aprelindən Azərbaycan yolun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulduğunu bildirib. Bu addım Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması ilə izah edilib. Ermənistan isə bu ittihamı qəbul etmir.

Xatırlatma

Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib. Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

XS
SM
MD
LG