Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 18:51

Bulvar camaatın üzünə bağlandı-


-

İyunun 15-də saat 00:00-dan Bakı bulvarı «Formula 1» yarışlarına görə bağlanıb. Bir də iyunun 20-də açılacaq.

Həmin günlərdə Milli Parka ancaq yarışlara biletləri olanlar gələ biləcək. Bulvara çıxan keçidlərin qarşısında biletlər yoxlanacaq, bileti olanlar bulvara buraxılacaq, olmayanlar yox.

Bu haqda AzadlıqRadiosuna Bakı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov məlumat verib: «Bulvarın Neftçilər prospekti boyu olan hissəsi– yarış keçirilən, maşınların keçdiyi hissələr bağlanır. Bu, Dəniz vağzalından Azneft Meydanına qədər olan hissədir. Bağlanmaya gəldikdə, heç vaxt bulvarda bu miqyasda böyük tədbir olmayıb. Ona görə heç vaxt bağlanmayıb. Ancaq indi genişmiqyaslı tədbirdir, ona görə də bağlanması normal bir şeydir. Bileti olanlar keçiddən keçəcək, onları yoxlayıb bulvar ərazisinə buraxacaqlar».

HƏR TƏRƏFƏ XAL-XALÇA VURULUB, BƏZƏDİLİB

Bakı Bulvarının sözügedən əsas hissəsi «Formula 1» yarışları üçün nəzərdə tutulan əyləncə məkanlarının, konsert səhnələrinin ünvanı olacaq. Yarışın təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən AzadlıqRadiosuna deyiblər ki, Azneft Meydanından Dəniz vağzalına qədər «Formula 1» şəhərciyi salındığından, bileti olmayanlar əraziyə buraxılmayacaqlar. Bileti olanlar isə şəhərcikdə xüsusi qurulmuş səhnələrdə iyunun 17-də dünya ulduzları Chric Brown-un, iyunun 18-də Enrique Iglesias-ın, iyunun 18-də Pharrell Williams-ın konsertlərini izləyə biləcək. Pilotlarla avtoqraf sessiyaları da keçiriləcək, müxtəlif əyləncələr, yarışmalar olacaq.

Dənizin içində lövhə - F1 Baku 2016
Dənizin içində lövhə - F1 Baku 2016

Bulvar bağlanmamışdan bir gün əvvəl burda son tamamlama işləri görülürdü. Bulvarın bir neçə yerində iri hərflərlə «F1 Baku 2016» yazılmış iri lövhələr quraşdırılıb. Eyni lövhə dənizin içində də yerləşdirilib. Milli Park boyu tualetlər, tibb məntəqələri, əyləncə çadırları qurulub. Çadırlardan milli üslubda bəzədilənləri də var. Bu çadırların hər tərəfinə xal-xalça vurulub, oturacaqlara milli ornamentli döşəkcələr qoyulub. Masa və kətillərin ətrafına heykəlciklər düzülüb. Səhənglər, güvəclər, bardaqlar da öz yerini alıb.

Bakı sakini Eldost Əliyev bu çadıra baxmaq istəsə də, mühafizəçi onu yaxına qoymur. Bu, ortayaşlı kişini özündən çıxarır:

Bakı sakinləri bulvarın bağlanması haqda: "Biz heç kimik..."
Gözlə

No media source currently available

0:00 0:00:49 0:00

«Biz heç nəyik, biz heç kimik. Baxmaq da olmaz. Kimlərsə gəlib burda istirahət edəcək, bizə uzaqdan da baxmaq olmaz. 5 gün bulvara da qoymayacaqlar. Xəbəriniz olsun, bulvar da biletlədir. Daha az qalıb, bir azdan bizi şəhərdən də qovacaqlar».

«KİMLƏRSƏ ÖZLƏRİNİ GÖSTƏRİRLƏR»

Bulvarın əsas hissəsinə girişin qadağan olunması digər şəhər sakinlərini də narazı salıb:

– Yaşlı adamam, hər gün, heç olmasa, 1 saat burda oluram. Nəvələri də gətirirəm, oynayırlar. İndi beş gün bura bağlı olacaq. Neynəyək, dözək də, biz axı dözümlü xalqıq.

– Vallah, bu yarış mənə, sənə, bizə lazım deyil. Kimlərsə kef eləməyə yarış keçirir. Bilmirəm özlərini kimə göstərirlər. Adam özünü birinci öz xalqına göstərər, bunlar da belə göstərirlər.

– Bağlıdırsa, gəlməyəcəyik, 5 günlə bir şey olmaz. Əsas canımız sağ olsun.

– Bulvar da bağlanır, lap yaxşı. Hər yeri bağlasınlar, bizə belə lazımdır.

Müzəffər Baxışov
Müzəffər Baxışov

«BU, BƏRABƏRLİK HÜQUQUNUN POZULMASIDIR»

«Hüquqi Dövlət» Araşdırmalar Mərkəzinin rəhbəri Müzəffər Baxışov deyir ki, bulvarın əsas hissəsinin bağlanması, adamların əraziyə buraxılmaması insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasıdır.

Müzəffər Baxış: "Bileti olmayanların bulvara buraxılmaması çox ciddi qanun pozuntusudur"
Gözlə

No media source currently available

0:00 0:01:02 0:00

Çünki Bakı bulvarı statusuna görə, Milli Parkdır. Qanunvericiliyə görə, insanların bu əraziyə azad gedib-gəlmə hüquqları var. Bu hüquq məhdudlaşdırılırsa, bu da qanunla olunmalıydı:

«Bakının əksər sakinləri istirahət hüquqlarını Bakı bulvarında həyata keçirirlər. «Formula 1» yarışlarına görə yalnız bileti olan şəxslərin ora buraxılması, digər şəxslərin buraxılmaması çox ciddi qanun pozuntusudur. Azərbaycan Konstitusiyasının 71-ci maddəsinin tələblərinin kobud şəkildə pozuntusudur. İnsan hüquq və azadlıqları yalnız qanunda nəzərdə tutulan hallarda məhdudlaşdırıla bilər. Əslində, əgər belə bir məhdudlaşdırılma nəzərdə tutulmuşdusa, bu məsələ Milli Məclisin müzakirəsinə çıxarılmalıydı. Ayrıca bir qanun qəbul olunmalıydı. Belə bir qanun qəbul edilmədiyinə görə ölkə vətəndaşlarının, vətəndaşlığı olmayan şəxslərin, əcnəbilərin Milli Parka buraxılmaması sırf qanun pozuntusudur. Əslində, buna görə – bərabərlik hüququnun pozuntusu ilə bağlı Cinayət Məcəlləsinin 154-cü maddəsində cinayət məsuliyyəti nəzərdə tutulub. Yəni, sosial vəziyyətinə görə insanın hüququ məhdudlaşdırılır».

«DAHA YAXŞI İSTİRAHƏTƏ ŞƏRAİT YARADIR»

Bakı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov isə deyilənlərlə razılaşmır: «Bulvarın bağlanması insanların istirahətini pozmur, insanların daha yaxşı istirahət etməsinə şərait yaradır.

Nazim Məcidov: "Bulvar ona görə indiyəcən bağlanmayıb ki, indiyəcən orda belə miqyasda tədbir olmayıb"
Gözlə

No media source currently available

0:00 0:00:37 0:00

Bunu kim deyirsə, düz demir. Kimin ki, yarışlara baxmağa, tribunalarda oturmağa bileti, dəvətnaməsi varsa, o, bulvardan rahat istifadə edəcək».

Nazim Məcidov dəniz kənarında istirahət etmək istəyənlər üçün Ağ Şəhər Bulvarının, Bayraq Meydanı ərazisindəki hissənin açıq olduğunu xatırladır.

DEPUTAT: «BELƏ DƏ OLMALIYDI»

Parlamentin insan haqları komitəsinin üzvü Fazil Mustafa deyir ki, bulvara girişin məhdudlaşdırılması təhlükəsizliklə bağlıdır. Buna görə xüsusi qanunun qəbuluna ehtiyac yoxdur:

Fazil Mustafa: "Yol hərəkətinə məhdudiyyət qoyulmasını şişirtməyə dəyməz"
Gözlə

No media source currently available

0:00 0:00:43 0:00

Fazil Mustafa
Fazil Mustafa

«Bu, sırf beynəlxalq yarışla bağlı təhlükəsizlik və müəyyən dərəcədə də hərəkətin məhdudlaşdırılması tədbiridir. Bu, qanunvericilikdə nəzərdə tutulub. Milli Məclisin buna görə xüsusi qanun qəbul etməsi doğru olmaz. İnsanların istirahət hüququndan başlamış müəyyən dərəcədə hərəkət hüququnu 5 günlük məhdudlaşdıran beynəlxalq yarış keçirilir. Bu tədbirinin keçirilməməsinin daha yaxşı olması müzakirə edilə bilər. Ancaq belə beynəlxalq tədbirlərdə müəyyən dərəcədə hərəkətin məhdudlaşması əvvəldən nəzərdə tutulur. Bunu, məncə, xüsusi şişirtməyə ehtiyac qalmır. Çünki bu, gözlənilən bir şey idi. Ona qalsa, o ərazilərdəki mağazaların da müəyyən problemləri var, 5 gün ərzində işləməyəcəklər. Hətta evlərinə gedib gələn vətəndaşların problemləri olacaq. Onlar da 5 gün ərzində maşınları ilə hərəkət etməkdə çətinlik çəkəcəklər. Təbii ki, bunlar vətəndaşları narahat edən məsələlərdir. Amma beynəlxalq səviyyəli belə tədbirlərdə bu, öncədən nəzərdə tutulur. Ona görə də buna, məncə, bir az dözümlü yanaşmaq daha yerinə düşər».

Bakı sakini Eldost Əliyev isə deyinə-deyinə yoluna davam edir. 5 gün bulvara buraxılmaması kefinə əməlli-başlı soğan doğrayıb. Bulvar mühafizəçisinin onunla dilləşməsi isə yaşlı adamı lap dilxor etmişdi.

XS
SM
MD
LG