Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 14:44

Ermənistan Bakının tələb etdiyi dörd kəndi qaytarmağa hazırdır?


Ararat Mirzoyan
Ararat Mirzoyan

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, xarici işlər naziri Ararat Mirzoyan Ermənistan hökumətinin ölkənin beynəlxalq aləmdə tanınmış ərazisinə daxil olmayan sərhədyanı əraziləri Azərbaycana təhvil vermək planlarını təkzib etməyib.

Bundan əvvəl baş nazir Nikol Paşinyan Azərbaycanın tələb etdiyi dörd kəndin Ermənistanın de jure ərazisinə daxil olmadığını etiraf etmişdi.

Paşinyan həftənin əvvəllərində bildirmişdi ki, Yerevan Bakının tələb etdiyi Bağanis Ayrım, Xeyrimli, Aşağı Əskipara və Qızılhacılı kəndlərini Azərbaycana qaytarmağa hazırdır.

Bu kəndlər Ermənistan silahlı qüvvələri tərəfindən 1991-1992-ci illərdə işğal olunub.

Müxalifət narazıdır

Azatutyun vurğulayır ki, baş nazir bu kəndlərin qaytarılması üçün Azərbaycan silahlı qüvvələri tərəfindən 1990-cı illərdə və 2021-2022-ci illərdə tutulmuş Ermənistan ərazilərinin qaytarılmasını ön şərt kimi irəli sürməyib.

Ermənistan müxalifəti bildirir ki, Paşinyan hökuməti işğal illərində xarabalığa çevrilmiş Azərbaycan kəndlərinin əvəzində heç nə istəmədən onları Bakıya qaytarmaq niyyətindədir.

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın “Şərəfim var” fraksiyasından Tiqran Abramyan Azatutyuna deyib:

“Onlar sadəcə olaraq delimitasiya və demarkasiya prosesini, habelə Azərbaycanın Ermənistana heç bir ərazi verməyəcəyinə dair bəyanatlarını bir tərəfə qoyublar. Belə bir vəziyyətdə Ermənistan hakimiyyətinin hər hansı birtərəfli güzəşti Ermənistanın və onun xalqının maraqlarına ziddir”.

Yerevan addım atmağa hazırdır

Azatutyun yazır ki, martın 15-də Milli Məclisdə keçirilən iclasda başqa müxalifət deputatları da Ararat Mirozyana təzyiq göstərməyə çalışıblar, lakin o baş nazirin dediklərini təsdiqləməklə kifayətlənib.

Azatutyun bildirir ki, Mirzoyan da Paşinyan kimi Azərbaycanın Ermənistandan işğal etdiyi 200 kvadrat kilometrlik ərazidən çəkilməyə hazır olub-olmadğına dair heç nə deməyib.

Mirzoyan bildirib ki, iki ölkə tərəfindən bir-birinin ərazi bütövlüyünün tanınması 1991-ci il Almatı Bəyannaməsinə əsalanmalıdır.

Bu isə başqa sözlərlə keçmiş sovet respublikaları arasında mövcud olmuş sərhədlərin tanınması deməkdir.

Mirzoyan bi barədə deyib:

“Hazırda bu məsələ barəsində indi, deyək ki, bir ay bundan qabaq olduğundan daha çox anlaşma var. Ən azı hazırda məndə belə bir təsəvvür var ki, biz bu məsələdə qarşılıqlı razılaşmanın əldə olunmasına daha yaxınıq”.

Azatutyun yazır ki, bu, Mirzoyanın Türkiyənin Anadolu agentlıyinə dedikləri ilə ziddiyyət təşkil edir.

O demişdi ki, Bakı və Yerevan arasında “delimitasiyanın prinsipləri” məsələsində fikir ayrılıqları qalır.

Bakının mövqeyi

Martın 7-də sərhəd komissiyalarının görüşündən ikicə gün sonra rəsmi Bakı bildirmişdi ki, Ermənistanın işğal etdiyi dörd eksklav olmayan kənd (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) mübahisəsiz Azərbaycana məxsusdur və dərhal azad edilməlidir.

AzadlıqRadiosunun erməni xidməti –"Azatutyun" yazırdı ki, Azərbaycan da 1990-cı illərin əvvəlində Ermənistanın daha böyük anklavını, eləcə də sərhəd icmalarına məxsus kənd təsərrüfatı sahələrini tutub.

Ermənistan hökuməti bildirir ki, beynəlxalq miqyasda tanınmış ərazisinin 200 kvadrat kilometri hazırda Azərbaycanın nəzarətindədir, Azərbaycan anklavlarının həmin ərazilərə dəyişdirilməsinin, digər kompromis həll variantlarının müzakirəsinə hazırdır.

Ş.Mustafayevin ofisi isə bildirib ki, Azərbaycan heç vaxt Ermənistan ərazisini işğal etməyib, dörd kəndin "dərhal azad olunması" isə tərəflər sərhədlərin delimitasiyası və demarkasiyasına başlamazadan öncə baş verməlidir.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Üstəlik, separatçı qurumun bəzi liderləri tutularaq Bakıya gətirilib.

XS
SM
MD
LG