Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 14:46

Luis Bono: 'Dağlıq Qarabağ məsələsi sülh sazişinə salınmalıdır'


Luis Bono "Azatutyun TV"yə müsahibə verir
Luis Bono "Azatutyun TV"yə müsahibə verir

Vaşinqton daimi və balanslaşdırılmış sülhün bərqərar olması üçün tərəflərlə, Ermənistan və Azərbaycan liderləri ilə sıx əməkdaşlıqdan savayı irəliyə yol görmür.

Bunu AzadlıqRadiosunun erməni xidmətinin "Azatutyun TV" layihəsinə ABŞ Dövlət katibinin Qafqaz danışıqları üzrə aparıcı müşaviri Luis Bono (Louis Bono) deyib.

Martın 5-də Bakıda səfərdə olan Bono Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Bazar ertəsi isə Yerevanda Baş nazir Nikol Paşinyan ilə bir araya gəlib.

Bazar günü Qarabağda silahlı insidentdə Azərbaycan iki hərbçisinin, erməni tərəfi isə üç polis əməkdaşının həlak olduğunu açıqlayıb. Tərəflər bir-birini provokasiyada ittiham edir.

Bono deyib ki, bu xəbəri Bakıda təyyarədən enəndən eşidib və bu insident onun üçün missiyasının əhəmiyyətini, bu münaqişəyə son qoymağın vacibliyini gücləndirib.

Diplomatın sözlərinə görə, ABŞ-nin indiki Ermənistan-Azərbaycan prosesində rolu vasitəçilikdən ibarətdir. "Biz buraya formul, tərəflərdən birinin şərtlərini qəbul etdirmək üçün gəlməmişik. Sülhə töhfə verməyə çalışırıq. Biz istəyirik ki, tərəflər özləri formulları, şərtləri hazırlasınlar və onları birlikdə qəbul etsinlər. Onlar bunu öz aralarında həll etməlidirlər, çünki istənilən uzunmüddətli, davamlı və balanslaşdırılmış sülh tərəflərin özlərindən gəlməlidir. Bu, üçüncü tərəfdən, xaricdən gələ bilməz", – Bono vurğulayıb.

Qarabağ məsələsi

ABŞ təmsilçisi Qarabağ ermənilərinin təhlükəsizlik və hüquqlarının təmin olunması mexanizmini çox vacib hesab etdiklərini deyib: "Bunu danmıram. Möhkəm, davamlı, balanslı sülh sazişinə Dağlıq Qarabağ məsələsi salınmalıdır. Bunu sona çatdırmaqda qərarlıyıq, əhəmiyyətini anlayırıq".

O, Qarabağ məsələsinin sülh prosesinin tərkib hissəsi olacağını sözlərinə əlavə edib: "Məncə, hər iki tərəf bunu etiraf edib. Ancaq dediyim kimi, buraya hansısa razılaşma, anlaşma üçün şərtləri qəbul etdirməyə gəlməmişik. Bu, tərəflər üçün vacibdir. Biz tərəflərlə işləyəcəyik. Prezident Əliyev Münxendə dedi ki, Qarabağ təmsilçiləri ilə qarşılıqlı iş üçün təmsilçi təyin edəcək. Məncə, bu, ötən həftə baş verdi. Mənim onunla müzakirələrimdə isə bu diskussiyaları davam etdirməyə hazır olduğunu deyib. Ona görə də bu istiqamətdə tərəflərlə işləmək imkanına nikbinliklə baxırıq. Ancaq bu, asan olmayacaq. Bu, xeyli gərgin iş, bütün tərəflərdən sadiqlik tələb edir".

Azərbaycan rəsmiləri isə Qarabağı daxili məsələ sayır, regiondakı erməni əhalinin ölkənin bütün vətəndaşları ilə eyni hüquqlara malik olduğunu bildirib.

Qarabağ məsələsinin sülh sazişinə salınması haqda Ermənistan tərəfdən fərqli açıqlamalar gəlir. Ölkənin yüksək rütbəli məmurları bu məsələnin sülh sazişinə salınmaması haqda bəyanatlar da səsləndirib.

Ötən həftə Azərbaycan rəsmi olaraq Qarabağ erməniləri ilə görüş keçirildiyini açıqladı. Separatçıların görüşdən sonra iddia etdilər ki, müzakirələrdə reinteqrasiyadan danışılmayıb.

Rusiya ilə işləmək, Laçın dəhlizi

Vaşinqtonun Qarabağ və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında Moskva ilə işləməyə hazır olub-olmamasına gəlincə, Bono qeyd edib ki, "Vaşinqton bu prosesi irəli aparmağa sadiq istənilən və bütün tərəflərlə işləməyə hazırdır". O, ATƏT-in Minsk qrupundakı rusiyalı həmkarı ilə əlaqə saxladığını da qeyd edib.

Azərbaycan 2020-ci ilin 44 günlük Qarabağ müharibəsindən sonra Minsk qrupuna artıq ehtiyac olmadığını bildirir. Həmin müharibə nəticəsində rəsmi Bakı Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edib. Ancaq Laçın dəhlizinə və Qarabağda ermənilər yaşayan yerlərə Rusiya hərbçiləri yerləşdirilib.

Bir qrup azərbaycanlı dekabrın 12-dən Laçın-Xankəndi yolunda etiraz aksiyası keçirir, Qarabağdakı filiz mədənlərinin qanunsuz istismarına etiraz etdiklərini deyirlər. Erməni tərəf Qarabağın blokadaya alındığını desə də, rəsmi Bakı yolun humanitar məqsədlə üçün açıq olduğunu bildirir.

Bono yada salıb ki, ABŞ Dövlət katibi Entoni Blinken Münxendə tərəflərlə görüşəndə açıq şəkildə deyib ki, Laçın dəhlizi azad, kommersiya və şəxsi nəqliyyat üçün açıq olmalıdır. O qeyd edib ki, ABŞ bu məsələdə israrlı mövqeyini davam etdirəcək.

Amerikalı diplomatın sözlərinə görə, Vaşinqtona regionda sülh perspektivlərinin olması fikri ilə qayıdır. Ancaq bu, asan olmayacaq, tərəflərdən bir-birinə inam, öhdəliklərini yerinə yetirəcəyinə, sülh işinə sədaqətli qalacağına etimad tələb edir.

XS
SM
MD
LG