Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 14:01

“Nardaran işi-3”də qalmaqal: İki nəfər zaldan çıxarıldı


"Nardaran işi" gedən məhkəmə binası
"Nardaran işi" gedən məhkəmə binası

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan İslam Partiyasının sabiq sədr müavini, Milli Şuranın üzvü Rövşən Əhmədli haqda xüsusi qərar çıxarılıb.

Bu, Nardaran hadisələrindən sonra həbs edilən, ağır maddələrlə mühakimə olunan üçüncü qrupun məhkəməsində baş verib.

İlahiyyatçı Zülfüqar Mikayılov və daha 11 nəfərdən ibarət bu qrupun işinə Zeynal Ağayevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Buna da bax:​ Nardaranlı yataq xəstəsinin yanına ancaq sənədlə getmək olur

MİKROFON İŞLƏMİR

Mayın 1-də keçirilən məhkəmədə şahid qismində dindirilmək üçün DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Elman Bayramov çağrılıb. Təqsirləndirilən şəxslər bu idarədə onlara ən çox işgəncə verənlərdən biri kimi Bayramovun adını çəkir. Ona görə də bu polisin söylədiklərinin bütün məhkəmə zalında eşidilməsi üçün quraşdırılmış mikrofondan istifadə olunması istənilib. Amma mikrofonun işləmədiyi bəlli olub.

Elman Bayramovun nə danışdığı zalda eşidilməyib. Bu səbəbdən də zaldakı jurnalistlərdən biri, "vetenugrunda.az" saytının əməkdaşı Arzu Abdulla deyilənlərin eşidilmədiyini hakimin nəzərinə çatdırıb, şahidin bir qədər ucadan danışmasını xahiş edib. Hakim Zeynal Ağayev jurnalistin özünün zaldan çıxarılmasına göstəriş verib. Eyni zamanda, adıçəkilən saytın baş redaktoru olan Rövşən Əhmədli buna etiraz edib. Hakim Rövşən Əhmədlinin də zaldan çıxarılmasına göstəriş verib. Həmçinin bildirib ki, onun barəsində xüsusi qərar çıxarılır, icra olunması üçün Mətbuat Şurasına göndəriləcək.

Buna da bax:​ Fəalların məhkəmələrində pozuntular olduğu bildirili

TƏQSİRLƏNDİRİLƏNLƏR ETİRAZ EDİB

Bundan sonra hakim Elman Bayramovun dindirməsini davam etdirmək istəsə də, təqsirləndirilən şəxslər etiraz ediblər. Bildiriblər ki, onlara qarşı haqsızlığın, verilən işgəncələrin ictimaiyyətə çatdırılmasından ötrü jurnalistlərin iştirakı vacibdir. Ona görə də media nümayəndələrinin iştirakı təmin olunmasa, onlar da məhkəmədə iştirak etməyəcəklər.

Vəkillər də təqsirləndirilən şəxslərin etirazının haqlı olduğunu bildirib.

Vəkillərdən Şəhla Hümbətova bildirib ki, açıq məhkəmə prosesində istənilən şəxsin iştirak edib, orada baş verənləri görmək və eşitmək hüququ var: "Əgər təqsirləndirilən şəxslərin işgəncəyə görə ən çox şikayətləndiyi adamlardan birinin nə dediyi eşidilməyəcəksə, bunun nəyi açıq proses oldu?"

Buna da bax:​ 'Nardaran işi': 'Qonaq otağında xəncər, yataq otağında 2 qumbara var idi'

Etirazlarla əlaqədar hakim məhkəməni mayın 8-ə qədər təxirə salıb.

XATIRLATMA

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda, ikisi polis, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölənlər bu qarşıdurmada həyatlarını itiriblər.

Buna da bax: Nardaran işi: 'Qarışıqlıqda bir dəyənək, bir də əl qandalımı itirdim'

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 2 il 6 ayadək həbs cəzası kəsilib, 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib. Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. Taleh Bağırov və Abbas Hüseynovun hər birinə 20 il, digərlərinə 10 ildən 19 ilədək həbs cəzası verilib. Hərəsi 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi davam edir.

Təqsirləndirilən şəxslər ittihamlarla razılaşmır, Nardaran əməliyyatındakı iki polisi elə öz həmkarlarının qətlə yetirdiyini iddia edirlər.

XS
SM
MD
LG