Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 11:40

Moldova görüşləri barədə: '...Razılaşdırılmamış məsələlər qalır'


Kişinyovda Azərbaycan, Ermənistan, Avropa İttifaqı Şurası, Almaniya və Fransa liderlərinin qeyri-rəsmi görüşü
Kişinyovda Azərbaycan, Ermənistan, Avropa İttifaqı Şurası, Almaniya və Fransa liderlərinin qeyri-rəsmi görüşü

İyunun 1-də Moldovada Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin görüşü keçirilib. Beştərəfli formatdan əvvəl üçtərəfli - Şarl Mişel, İlham Əliyev və Nikol Paşinyan arasında da görüş gerçəkləşib. Görüşlər Avropa Siyasi Birliyinin sammiti çərçivəsində keçirilib.

Avropa İttifaqı Şurasının rəhbəri bildirib ki, görüşdə qaldırılan bütün məsələlər müzakirə edilib: hüquqlar məsələsi, sülh müqaviləsi, sərhədlərin delimitasiyası. Onun sözlərinə görə, bu müzakirələr Brüsseldə iyulun 21-də baş tutacaq növbəti görüşə hazırlıq olub.

Görüşlərlə bağlı Azərbaycan prezidenti, hələlik, açıqlama verməyib. Amma Nikol Paşinyan Moldovada erməni diasporu ilə görüşdə nikbin fikirlər dilə gətirib: "Bu gün daha bir ilkin detal var, ona görə ilkin deyirəm ki, biz hələ gərək Azərbaycanın mənim bəyanatıma reaksiyasını yoxlayaq. Deyəsən, tərəflər qeyd etdilər ki, Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiyasının 1975-ci il xəritələri əsasında aparılmasına etiraz etmirlər…".

H.Babaoğlu
H.Babaoğlu

"Bu mesaj çox konkret idi"

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu "Turan"a bildirib ki, bu görüşdən hər hansı bir nəticə gözləmək doğru deyildi: "Şarl Mişelin, Paşinyanın qabağında müxtəlif sənədlər var idi, Emmanuel Makronun da… Azərbaycan prezidentinin qabağında isə heç bir sənəd yox idi. Bu da o demək idi ki, biz öz mövqeyimizi bildirmişik və vasitəçilərin iştirakı olmadan nəticə əldə edə biləcəyimizə inanırıq. Bu mesaj çox konkret idi. Hər hansı razılaşmanı əldə etməkdən söhbət gedə bilməzdi, sadəcə yenidən Brüssel formatında üçtərəfli danışıqlar üçün vaxt müəyyənləşdirildi".

Onun fikrincə, bu da sülhə doğru növbəti addım kimi qiymətləndirilə bilər: "Lakin əvvəldən kim ümid edirdisə ki, qısa zamanda sülh əldə olunacaq, bu yanlış idi. Bu gün sülhün daha tez əldə olunması üçün tələsən tərəf Ermənistan olmalıdır. Azərbaycan üçün hər şey yolunda gedir".

Z.Əlizadə
Z.Əlizadə

"Müharibəni başlamaq asandır, bitirmək çətin"

Siyasi şərhçi Zərdüşt Əlizadə isə AzadlıqRadiosuna bildirib ki, danışıqlar kompleks şəklində aparılır: "Görüşlər nə qədər çox olsa, hər görüşdən sonra tərəflər, heç olmasa, irəliyə bir balaca addım atıldığını desələr, bir o qədər yaxşıdır. Bu münaqişə 30 ildən artıq davam edib və bir anın içində sülhün bərqərar olmasını gözləmək sadəlövhlük olardı. Müharibəni başlamaq asandır, bitirmək isə çox çətindir".

Onun sözlərinə görə, sülh danışıqları gedir və bu müddət ərzində Ermənistan Qarabağ da tərkibində olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıyıb: "Hələ razılaşdırılmamış məsələlər qalır. Onlardan biri anklavların qaytarılması məsələsi ortadadır. Ən mühüm məsələ - münaqişənin başlanılması üçün bəhanə kimi götürülən Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi məsələsi bir azdan həll olunacaq".

Xankəndidə Kişinyov təşvişi: Qarabağdakı separatçılar Əliyevin ultimatumuna cavab verir
Gözlə

No media source currently available

0:00 0:03:08 0:00

"Möhlət vaxtı bəllidir"

Z.Əlizadə Bakı-Xankəndi danışıqlarının başlanılmasına ən böyük maneəni Rusiya Federasiyası, onun "sülhməramlı" adlandırılan korpusunun komandanlığı və separatçıları sayır. Onun vurğulamasına görə, bu təzyiq altında Qarabağ erməniləri danışıqlardan imtina edirlər: "Əgər kənardan hər hansı bir bədxah qüvvələr müdaxilə etməsə, o da bir neçə aydan sonra öz həllini tapacaq. Artıq möhlət vaxtı bəllidir, bu, 2025-ci ilin 9 ( 10) noyabrıdır. Həmin vaxt Azərbaycan Rusiyaya deməlidir ki "ya sənin qoşunların qalır, ya da gedir".

Son illər Azərbaycanla Ermənistan müəyyən fasilələrlə həm Rusiya, həm də Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə sülh danışıqları aparır.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 9-da (10-da) imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Onun müddəti 5 illikdir.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Öz növbəsində, Ermənistan da münaqişə dövründə bəzi kənd və ərazilərini Azərbaycanın işğal etdiyini açıqlayıb. İki ölkə arasında anklavlarla da bağlı həll edilməmiş məsələlərin qaldığı bildirilir.

XS
SM
MD
LG