Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 05:45

Yol tikintisində milyardları mənimsəyib, 'əfvə düşüb'?


Kalbatau-Maykapçağay magistral yolunu 6 ildir təmir edirlər, sonu görünmür...
Kalbatau-Maykapçağay magistral yolunu 6 ildir təmir edirlər, sonu görünmür...

İndi 6 il olar ucqar Şərqi Qazaxıstan əyalətindəki Kalbatau və Maykapçağay şəhərləri arasında keyfiyyətsiz magistral yolu təmir edirlər. Layihəyə milyonlarla dollar ayrılsa da, 415 kilometrlik yolun yalnız yarısının təmiri bitib. Yolun qalan bölümü əvvəlki kimi bərbad haldadır.

Təmirin belə yavaş getməsi kütləvi saxtakarlıqla bağlı ola bilər. Aprel ayında prokurorluq bir özəl şirkətin bu yol layihəsinə ayrılan vəsaitin 44 milyon dollara yaxınını mənimsədiyini bildirib.

Aprelin 26-da Baş Prokurorluq "QazGerStroi" adlı şirkətin bu korrupsiya əməlinin arxasında dayana biləcəyini söyləyib. Layihənin əsas inşaatçısı "Xinxing Corporation" adlı Çin şirkətidir. "QazGerStroi" isə onun subpodratçısıdır.

Prokurorluq bildirir ki…

Prokurorluq bildirir ki, "QazGerStroi" Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldıya məxsus qurumlara bağlıdır.

Bir zamanlar son dərəcə güclü və zəngin olan 53-yaşlı Satıbaldı ötən ilin sentyabrında fırıldaqçılıq və mənimsəmə maddələri ilə 6 illik həbs cəzasına məhkum edilib.

Prokurorluq mənimsəmədə kimlərin iştirak etdiyinin, yaxud oğurlanan vəsaitin hər hansı qisminin dövlətə qaytarılıb-qaytarılmayacağının detallarını açıqlamayıb.

Kayrat Satıbaldı
Kayrat Satıbaldı

AzadlıqRadiosunun üz tutduğu "QazAvtoJol" şirkəti "QazGerStroi"un ötən il layihədən uzaqlaşdırıldığını bildirib. "QazAvtoJol" Qazaxıstanda magistral yolların idarə edilməsinə cavabdeh dövlət şirkətidir.

Layihənin qalan hissəsini Çin şirkətinin tamamlayacağını deyən "QazAvtoJol" "QazGerStroi"u tikinti işlərini ciddi ölçüdə yavaşıdan səhlənkarlıqda ittiham edib.

AzadlıqRadiosu qazax xidmətinin araşdırması "QazGerStroi"un keçmiş rəhbərlərindən birinin hazırda "QazAvtoJol"da işlədiyini üzə çıxarıb.

Şirkətin qanuni sahibləri

Alman işadamı Robert Şumaxer və Qazaxıstanın keçmiş daxili işlər naziri Zautbek Turisbekovun oğlu Timur Turisbekov 2016-cı ilədək "QazGerStroi"un qanuni sahibləri olublar.

Şumaxer sonradan K.Satıbaldının keçmiş xanımı Qulmira Satıbaldı ilə keçmiş nazir Turisbekov ilə bağlı adamların onu şirkətdən çəkilməyə məcbur etdiyini söyləyib.

O zaman Turisbekov qazax mediasının suallarını "mən elə adam deyiləm" şəklində cavablamışdı.

Q.Satıbaldı hazırda mənimsəmə, bir neçə şirkətin səhmlərini qanunsuz ələ keçirmə, insan oğurluğu və cinayətə havadarlıq maddələri üzrə həbs cəzası çəkir.

Şumaxerin adı "QazGerStroi"un təsisçilər siyahısından çıxarılıb və şirkət K.Satıbaldı ilə bağlı şəxslərə ötürülüb.

2017-ci ildə Q.Satıbaldının bacısı ilə evli olan Abay Junusov şirkətin rəhbəri olur.

Şumaxer getdikdən sonra hazırda "QazAvtoJol" idarə heyətinin sədri olan Mirxat Kasımbayev "Bereke Astana Group" vasitəsilə "QazGerStroi"un sahiblərindən biri olur. Satıbaldı ailəsinə bağlı "Bereke" "QazGerStroi"un sahibidir.

Z.Turisbekova yaxınlığı ilə tanınan M.Kasımbayev 2005-2011-ci illər arasında müxtəlif hökumət vəzifələri və diplomatik postlar tutan, o cümlədən Özbəkistan və Rusiyada səfir olan Turisbekovun köməkçisi və müşaviri çalışıb.

Təsisçilərdən biri?

M.Kasımbayev 2017–2019-cu illər arasında "Bereke Astana Group" vasitəsilə "QazGerStroi"un təsisçilərindən biri kimi qeyd olunub.

"QazAvtoJol" AzadlıqRadiosuna hazırda şirkətin idarə heyətinin sədri olan Kasımbayevin əvvəllər Kalbatau-Maykapçağay magistral yolunun tikintisi ilə məşğul olan şirkətin sahiblərindən biri olduğunu təsdiqləyib.

"O, "QazGerStroi"da yalnız 2019-cu ildə işləyib. Ancaq tikinti işləri bundan çox əvvəl başlanmışdı", - "QazAvtoJol"un nümayəndəsi AzadlıqRadiosuna belə deyib.

Ancaq rəsmi sənədlərə görə, iş 2017-də başlanıb, M.Kasımbayev də "QazGerStroi"a həmin il gəlib.

Kasımbayevin "QazAvtoJol"un saytındakı tərcümeyi-halında da onun 2011-2019-cu illərdə "Bereke Astana Group"un vitse-prezidenti və "QazGerStroi"un idarə heyətinin üzvü olduğu qeyd edilib.

"Forbes Kazakhstan" yazır ki, Mirxat Kasımbayev və Yernar Muratovun idarəçiliyi dövründə "QazGerStroi" 2017-ci ildə ölkənin 10 ən iri tender qalibi arasında olub.

Kalbatau-Maykapçağay magistral yolu ilə Çindən Rusiyaya daşınan yeni yük maşınları
Kalbatau-Maykapçağay magistral yolu ilə Çindən Rusiyaya daşınan yeni yük maşınları

"Bu məlumat açıqlanmayacaq"

AzadlıqRadiosu Qazaxıstanın müvafiq dövlət rəsmilərinə müraciət edərək M.Kasımbayevin "QazGerStroi"un pullarının mənimsənilməsi işində iştirakda şübhəli bilinib-bilinmədiyini aydınlaşdırmağa çalışıb. Ancaq Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Antikorrupsiya Agentliyi müraciətləri cavabsız qoyub.

Hökumət qurumları magistral yol layihəsində mənimsəmə ilə bağlı kimlərin günahkar bilindiyi haqda heç nə deməyib.

Antikorrupsiya Agentliyi məsələ ilə bağlı cinayət araşdırmasının bitdiyini və işlə bağlı məsul şəxslərin əfv edildiyini bildirsə də, ad çəkməyib.

K.Satıbaldının şübhəli şəxs olub-olmadığı haqda sual da cavabsız qoyulub. Cinayətin Satıbaldıya məxsus qurumlarla bağlı olduğunu açıq bəyan edən Baş Prokurorluq AzadlıqRadiosuna bu məlumatın açıqlana bilməyəcəyini bildirib.

Bununla yanaşı, "QazGerStroi" tenderlər vasitəsilə iri kontraktlar udmağa davam edir. 2023-cü ildə şirkət Astana şəhər hökumətindən paytaxtda bir yolun təmirini nəzərdə tutan 5.2 milyon dollarlıq kontrakt udub.

"Bereke Astana Group"unsa hazırkı sahibi K.Satıbaldının oğlu Bauırjan Nursultandır.

Nursultan mədən sənayesi, yol tikintisi, ticarət və telekommunikasiyalar da daxil, müxtəlif sahələrdə çox sayda gəlirli bizneslərə hələ də nəzarət edir.

XS
SM
MD
LG