Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 13:50

QRU Ukraynadakı müharibə üçün saxta özəl hərbi şirkəti necə yaratdı


"Redut" döyüş birliklərinin yığılması üçün əsgər toplama sistemidir.
"Redut" döyüş birliklərinin yığılması üçün əsgər toplama sistemidir.

AzadlıqRadiosunun araşdırması nəticəsində Rusiya hərbi kəşfiyyatının (QRU) Kremlin Ukraynada apardığı müharibəyə əsgər toplamaq məqsədilə saxta özəl hərbi şirkətin adından faydalandığı üzə çıxıb.

"Redut" adlı bu psevdoşirkət Yevgeni Priqojinin "Vaqner" qrupu modelində muzdlu döyüşçü şirkəti kimi tanıdılır.

"Vaqner"i əvəzləyəcək qüvvə

"Vaqner"in iyunda baş qaldırmış üsyanı və Proqojinin ölümündən sonra təhlilçilər "Redut"u "Vaqner"i əvəzləyəcək qüvvə kimi görürlər.

Ancaq Ukraynada "Redut" adı altında döyüşən Rusiya qoşunları "Vaqner" kimi şirkətlər şəbəkəsinin bir hissəsi deyil. Rusiya prezidenti Vladimir Putin "Vaqner"in 1 milyard dollarlıq dövlət vəsaiti hesabına işlədiyini iddia edirdi.

Əslində "Redut" kimi tanınan qurum döyüş birliklərinin yığılması üçün əsgər toplama sistemidir. AzadlıqRadiosunun Ukrayna və Rusiya xidmətlərinin araşdırma layihələri olan "Sxemı" və "Sistema"nın oktyabrın 10-da dərc etdiyi sənədli araşdırmada bu sistemin Rusiya hərbi qurumları, özəlliklə hərbi kəşfiyyat agentliyi olan QRU tərəfindən koordinasiya edildiyi və maliyyələşdirildiyi göstərilir.

Bu birliklər ötən ilin fevralında Putinin Ukraynaya qarşı tammiqyaslı hücuma başlamasından sonra əsas hücum nöqtələrinə göndərilib.

"Sxemı" və "Sistema"nın birgə araşdırması bir "Redut" birliyinin döyüş meydanında qeyd edilmiş eksklüziv səs yazıları, habelə "Redut" döyüşçüləri və onların yaxınlarından alınan müsahibələr əsasında aparılıb. Bundan başqa, bilavasitə yeni əsgərlər toplamaqla məşğul olan şəxslərdən müsahibələr alınıb və "Redut"un kontraktları, muzdlu döyüşçülərin sosial media profilləri, onların mobil telefonlarındakı görüntülər və metabilgilər təhlil edilib.

Ukrayna vətəndaşlarına işgəncə veriblər

"Sxemı"nın əldə etdiyi səs yazıları "Redut"un "Volki" batalyonuna aiddir. Batalyonun üzvləri ötən ilin sentyabrında Xarkov regionunda tutulub və bu ilin yanvarında Ukrayna vətəndaşlarına işgəncə verdikləri üçün cəzaya məhkum ediliblər.

Cəza hökmü çıxarılandan sonra onlardan ikisi həbsxanadan "Sxemı"ya verdikləri müsahibədə döyüşməyə QRU-nun 16-cı qvardiyasının xüsusi briqadasının tərkibində gəldiyini deyib.

"Redut"a bağlı "Volki" batalyonunun üzvünə verilən sənəddə bölmənin Tambov vilayətindəki QRU hərbi hissəsi və QRU-nun təlim bazası ilə əlaqəsi göstərilir.
"Redut"a bağlı "Volki" batalyonunun üzvünə verilən sənəddə bölmənin Tambov vilayətindəki QRU hərbi hissəsi və QRU-nun təlim bazası ilə əlaqəsi göstərilir.

Valentin Bıç Maksim Volvak adlı bu iki döyüşçünü və onların batalyonunu ləqəbi "Amur" olan QRU zabiti idarə edir. Yerli sakinlərin tutularaq sorğu-sual edilməsi əmrini də bu şəxs verib. Ukrayna məhkəməsi sakinlərdən bəzilərinə işgəncə verildiyini üzə çıxarıb.

Məhkum olunan döyüşçülər Ukraynaya Tambov regionunun Triqulyay kəndindəki təlim mərkəzindən göndərildiklərini deyiblər. Həmin təlim mərkəzi QRU-nun 16-cı qvardiyasının xüsusi təyinatlı briqadasına aiddir.

Daxili sənədlər göstərir ki…

"Sxemı"nın "Volki" batalyonundan əldə etdiyi daxili sənədlər də batalyonun QRU-ya aid olduğunu göstərir. Batalyonun insanlara işgəncə verməkdə ittiham edilən üzvlərindən ikisi Ukraynada "Redut"un tərkibində vuruşduğunu söyləyib.

"Volki" batalyonu üzvlərinin Ukrayna ordusu tərəfindən tutulmalarından az öncə əllə yazdıqları qeydlərdə baş hərflərlə "QRU" yazıldığını görmək mümkündür.

AzadlıqRadiosunun təhlilləri göstərir ki, "Volki" "Redut" brendi altında Ukraynada vuruşan 20 hərbi birlikdən yalnız biridir.

"Sistema"nın reportyorları "Redut"un dəvət reklamlarında göstərilən nömrələrə zəng vuraraq adi Rusiya vətəndaşlarının bu özəl şirkətin Ukraynada vuruşan batalyonları haqda nələri öyrənə biləcəyini yoxlayıblar. Şirkət əməkdaşlarından beşi Rusiya Müdafiə Nazirliyi və QRU-nun "Redut" sistemini maliyyələşdirdiyini və idarə etdiyini açıq bildirib.

"Jurnalistlərin "özəl hərbi şirkətlər" adlandırdığı [birliklərdə] döyüşənlərin əksəriyyəti sadəcə Müdafiə Nazirliyinin nəzarəti altında döyüşür", - QRU-ya yaxın anonim mənbə "Sistema"nın "Redut" haqda sualına cavab olaraq deyib.

"Redut" barədə yazılı müraciətlərə cavab verilməyib

Nə Rusiya Müdafiə Nazirliyi, nə də Kreml sözçüsü Dmitri Peskov "Redut" haqda yazılı müraciətlərə cavab verib.

Jurnalistlərin araşdırması döyüşçülərlə müqavilələrdə adı "RLSPI Redut" və "OO Redut (RCPS)" kimi göstərilən şirkətin Rusiyada qanuni qeydiyyatdan keçmədiyini üzə çıxarıb. "Redut"da çalışan bir əməkdaş "Sistema"ya danışarkən onu açıq-aşkar "saxta şirkət" adlandırıb.

Rusiyanın hərbi və yüksək vəzifəli rəsmiləri heç vaxt "Redut" adlı xüsusi hərbi şirkətin mövcud olduğunu açıq deməyiblər. Putinin özü oktyabrın 5-də Rusiyada heç bir qanuni özəl hərbi şirkətin mövcud olmadığını dilə gətirib.

XS
SM
MD
LG