Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 09:31

'Tamaşa, komediya, qurama klounlar şousu': Putin beşinci dönəminə belə yaxınlaşır


Rusiya prezidenti Vladimir Putin Moskvada illik mətbuat konfransında.
Rusiya prezidenti Vladimir Putin Moskvada illik mətbuat konfransında.

Kremli yaxından izləyənlərin çoxu prezident Vladimir Putinin beşinci dönəm üçün prezidentliyə namizədliyini dekabrın 14-də keçirilən sual-cavab marafonunda açıqlayacağını gözləyirdi. Ancaq o, namizədliyini dekabrın 8-də, ilk baxışdan diqqət çəkməyən ortamda elan etdi.

Altı gün sonra televiziyada yayımlanan sual-cavab marafonu 71 yaşlı Putinin çar zamanlarından sonra Rusiyanın ən sürəkli hakimiyyətdə qalan lideri ola biləcəyini xatırlatmadan keçdi.

Putinin namizədliyi sual-cavabın başlanğıcında, sanki ötəri bildirilsə də, əsas birbaşa xatırlatma Maqadandan olan gənc jurnalistdən gəldi. O, sualını verməzdən öncə bu cümləni dilə gətirdi: "Biz hamımız sizin gələn il prezidentliyə namizəd olmaq qərarınızı dəstəkləyirik". Ardınca da həmin jurnalist belə dedi: "Axı, xatırladığım qədər, siz həmişə sükanın arxasında olmusunuz". Yada salmağa dəyər ki, Vladimir Putin 1999-cu ilin sonunda - Yeni il ərəfəsində Boris Yeltsin hakimiyyətdən gedəndən bəri Rusiyanı yönəldir.

"Rusiya 'yetkin avtoritarizm' dövrünə daxil olub"

Putin hakimiyyətə gələndən bəri Rusiya avtoritarizm yönündə hərəkət edib, ancaq 2018-ci ildə keçirilən sonuncu prezident seçkisindən sonra bu meyl daha da dərinləşib. Buvaxtadək artıq marginallaşdırılmış müxalifət darmadağın edilib. Aleksey Navalnı, Vladimir Kara-Murza və İlya Yaşin kimi aparıcı müxalifət liderlərinə uzunmüddətli həbs cəzaları kəsilib. 2020-ci ildə qəbul etdirilən konstitusiya dəyişiklikləri Putinə daha iki dəfə altıillik müddətə prezident olmaq və, deməli, 2036-cı ilədək hakimiyyətdə qalmaq imkanı yaradıb. Moskvanın ötən il Ukraynaya müdaxiləsindən sonra ölkədə söz azadlığını məhdudlaşdıran sərt qanunlar qəbul edilib. Bu qanunlar "xarici agent" və "ekstremizm" qanunu ilə birlikdə fərqli düşüncəni məhv etməyə yönəlib.

İqtisadçı və politoloq Kirill Roqov deyir ki, Rusiya "yetkin avtoritarizm" durumuna daxil olub.

"Bu dövrün başlıca özəlliyi müxalifətin səsvermə, yaxud seçkinin nəticələrinə hər hansı ciddi təsir göstərməyə yetərli resursunun olmamasıdır", - K.Roqov AzadlıqRadiosuna belə deyib.

"Levada Center" araşdırma qrupundan sosioloq Lev Qudkov deyir ki, Rusiya cəmiyyətində narahatlığın səviyyəsi çox yüksəkdir və mahiyyətcə xronikidir. Onun sözlərinə görə, ölkədə maaş və inflyasiya kimi konkret narahatlıqlardan əlavə, narahatlığın "ikinci tipi" də var: "Bu, hökumətin verdiyi qərarlara insanların təsir göstərmək qabiliyyətinin olmaması faktına bağlı dağınıq… narahatlıqdır. [İnsanlara elə gəlir ki,] nisbətən yaxın dövrdə onların gələcəyinə təminat verə bilən heç bir təsisat yoxdur".

Rusiya savaşda olan ölkədir. Hərçənd, orada bunu dilə gətirmək qanunsuzdur.

Robert Koulsonun məqaləsində deyilir ki, müharibə seçki kampaniyasının üzərində asılı qalacaq. Ancaq narazılıq artsa və Putinin andiçmə mərasimindən dərhal sonra yeni səfərbərlik elanının gələcəyinə dair əsaslı qorxular olsa da, bu məsələ qabardılmayacaq. Müharibəni, cüzi də olsa, tənqid etmək, yaxud kiməsə müharibəni tənqid edirmişsən kimi görünmək "silahlı qüvvələri gözdən salma" bəhanəsi ilə cinayət işinin açılmasına yol aça bilər.

Sankt-Peterburqda mağazadakı televizorlar Vladimir Putinin illik mətbuat konfransını yayımlayır.
Sankt-Peterburqda mağazadakı televizorlar Vladimir Putinin illik mətbuat konfransını yayımlayır.

"Putinin yeni prezidentlik dönəmi savaş dönəmi olacaq. O, seçicilərə yeni heç bir şey təklif edə bilmir… Seçicilərə maaşlar, pensiyalar, ev və s. maraqlıdır. Ancaq Putin ən böyük maraq doğuran bu sahələrdə heç bir şey təklif edə bilmir", - sosioloq İqor Eydmanın sözləridir.

"Atları yolun ortasında dəyişmək olmaz"

"Kampaniyanın başlanğıcına baxıb dəyərləndirsək, prezident administrasiyası Putini müharibə dövrü prezidenti, hər kəsin ətrafında sıx birləşdiyi müzəffər prezident kimi təqdim edəcək. [Bir növ] atları yolun ortasında dəyişmək olmaz və s.", - deyə Eydman əlavə edib.

"Dojd TV"nin jurnalisti Mixail Fişman deyir ki, müharibə ilə bağlı mesajlara nəzarət qarşıdakı bir neçə ayın əsas məsələsi olacaq: "[Putinin kampaniyasında] təqdim edilən müharibə səngərlərdə gördüyümüz müharibə olmayacaq. Bu, "parad müharibəsi" olacaq. Yaxalardakı medalların və ilhaq olunan ərazilərin müharibəsi olacaq… Bu İkinci Dünya müharibəsindəki qələbənin reinkarnasiyası (yenidən dirilişi – red.) olacaq və əslində bu müharibənin gətirdiyi qan və ölümü görməzdən gələcək. Bu seçkidə heç bir qan və ölüm olmayacaq".

Putinin yeni müddətə prezident olmaq istəyini (onun bu istəyi heç kimi təəccübləndirmədi) elan etməsindən sonrakı bir neçə saat ərzində hakim "Vahid Rusiya" partiyası və Putini dəstəkləyən Ümumrusiya Xalq Cəbhəsi (ONF) kampaniyanın keçirilməsi üçün təşəbbüs qrupunun yaradıldığını elan edib. "Vahid Rusiya" partiyasının katibi Andrey Turçak dövlət mediasına deyib ki, ölkəboyu bütün icraedici və qanunverici qurumlara nəzarət edən partiya kampaniya üçün zəruri bütün resursları təmin edəcək.

Rusiya mediasının yaydığı xəbərlərdə deyilir ki, Kreml yerli məmurlara Putin üçün 80 faiz ətrafında nəticələr düzəltmək əmri verib. Bu, bütün əvvəlki göstəricilərdən yüksəkdir.

"Heç söz yox, onlar istədikləri hər hansı nəticəni təqdim edə bilərlər" deyən Eydman bildirib ki, genişləndirilmiş elektron səsvermə, müstəqil seçki monitorinqinin ləğvi, üçgünlük səsvermə müddəti və Ukraynanın işğal edilən bölgələrində səsvermənin keçirilməsi kimi amillər saxtalaşdırmaya gen-bol imkan yaradır.

"Kremldəki köməkçilər bu seçkini, bu tamaşanı, bu fırıldağı, "seçki" adlandırdıqları bu saxta kloun oyununu elə keçirməlidirlər ki, xalq alqışlayıb üstündən yenisini də istəsin, hər şey əngəlsiz ötüşsün", - deyə o əlavə edib.

Eydman deyir ki, Putin bu operettanın əsas tamaşaçısıdır və onun siyasi əməliyyatçıları elə etməlidirlər ki, o, əhalinin böyük hissəsinin onu dəstəklədiyinə inansın.

Aleksey Navalnı
Aleksey Navalnı

"Bizi seçki parodiyası gözləyir"

Həbsdə olan müxalif siyasətçi Aleksey Navalnı dekabrın 7-də paylaşılan sosial media postunda rusiyalıları seçki məntəqələrinə gələrək hər hansı başqa namizədə səs verməklə Vladimir Putinə qarşı səs verməyə çağırıb.

"Bizi seçki parodiyası gözləyir" deyən Navalnı iddia edib ki, insanların ölkənin rəhbərliyi və gələcəyi haqda düşündüyü indiki vaxtda xalqın şübhələrini artırmaq üçün istənilən şeyi etmək müxalifətin vəzifəsidir: "Yaşadığı binadan plakat asdığı, dostlarına link göndərdiyi, yaxud bir-iki telefon zəngi etdiyi üçün azadlığını itirəcəyindən qorxan hər kəs durub- düşünməlidir ki, o azadlıq əslində ona nə üçün lazımdır".

"Seçkinin nəticələri saxtalaşdırılacaq, ancaq bizim vəzifəmiz … hər kəsin Putinin artıq Rusiyaya lazım olmadığını aydın görməsini təmin etməkdir", - "Putinsiz Rusiya" onlayn kampaniyası öz saytında bildirib.

Roqov deyir ki, mart səsverməsi Rusiya cəmiyyətində bəzi izlər buraxacaq. "O, səsvermə və iştirak nəticələrini dinlədikdən sonra oturacaq və düşünəcək: "Hə, nə olsun?". Onlar özlərini bir növ aldadılmış hiss edəcəklər. Eyni şeydən daha altı il dadacaqlarından, bunun ağızda qalan dadı xoşagəlməz olacaq".

XS
SM
MD
LG