Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 08:09

Şəkidə idman obyektini işçilərdən xəbərsiz satırlar


Şəki İdman Sağlamlıq Mərkəzi
Şəki İdman Sağlamlıq Mərkəzi

Şəki Gənclər İdman İdarəsinin İdman Sağlamlıq Mərkəzi hərraca çıxarılıb. Amma burada işləyənlərin bundan xəbərləri yoxdur. Bundan başqa, obyektin satışı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 oktyabr 2016-cı il tarixli 550s nömrəli Sərəncamının pozulması ilə icra olunur.

İŞÇİLƏR ƏMLAKIN 15 FAİZİNİ ALA BİLƏRDİLƏR

Əmlak Məsələləri Dövlət Komitəsi idman sağlamlıq mərkəzinin satışı haqqında elanda bu idman obyektində heç kəsin çalışmadığını açıqlayıb. Şəki rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi İbrahim Musayev isə AzadlıqRadiosuna deyib ki, burada ştatda üç nəfər var. Qanunvericiliyə görə, özəlləşdirilən kiçik dövlət müəssisəsinin işçiləri onun, ən azı, 15 faizlik hissəsini güzəştli qaydada almaq hüququna malikdir.

«İdman Sağlamlıq Mərkəzi hazırda işləyir. Müdiri, inzibatçısı, dalandarı var. Burada tennis, güləş və mini-futbolla məşğul olmaq üçün şərait yaradılıb. Trenajor zalı da var. Rayon idman dispanseri də burada yerləşir. Uşaq-Gənclər İdman Məktəbinin idmançıları burada ödənişsiz məşq edirlər», – İbrahim Musayevin sözləridir.

İdarənin təmsilçisi əlavə edib ki, Şəki İdman Sağlamlıq Mərkəzi özəlləşdiriləndən sonra Uşaq-gənclər idman məktəbinin idmançılarının məşqlərini davam etdirməsində problem olmayacaq. Çünki bir müddət öncə Şəki Olimpiya İdman Kompleksi Gənclər və İdman Nazirliyinin tabeliyinə verilib.

OBYEKTƏ 120 MİN MANAT QİYMƏT QOYULUB

Şəki İdman Sağlamlıq Mərkəzi 63 sot torpaq sahəsində yerləşir. İdman obyekti 1995-ci ildə tikilib, 11 il sonra rekonstruksiya olunub. Min kvadratmetrlik bu idman qurğusuna 70 min manat qiymət qoyulub. Torpaq sahəsi ilə birlikdə mərkəz 120 min manata hərraca çıxarılıb. Hərrac sentyabrın 12-də Şəkidə keçiriləcək.

HÖKUMƏT İNVESTOR AXTARACAQDI

Nazirlər Kabineti ötən ilin oktyabrında Gənclər və İdman Nazirliyinin üç idman obyektini (Respublika Olimpiya İdman Liseyinin Xaçmazdakı sağlamlıq idman düşərgəsi, Mingəçevir Şəhər Gənclər və İdman İdarəsinin Oğuz rayonundakı uşaq istirahət düşərgəsi və Şəki İdman Sağlamlıq Mərkəzi) özəlləşdirməyə açıb. Sərəncamda göstərilirdi ki, Şəki İdman Sağlamlıq Mərkəzi investisiya müsabiqəsi ilə özəlləşdiriləcək. ƏMDK isə bu obyekti hərraca çıxarıb.

ƏMDK Şəki İdman Sağlamlıq Mərkəzini hərraca çıxarması, əmək kollektivinin üzvlərinin hüquqlarının pozulması ilə bağlı məsələləri AzadlıqRadiosuna şərh etməyib.

XS
SM
MD
LG