Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 13:33

Prezident Əliyev: 'Zəngəzur dəhlizi üzrə bütün işlər 2024-cü ildə tamamlanacaq' 


Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Zirvə Görüşü
Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Zirvə Görüşü

Prezident İlham Əliyev Türkmənistanda keçirilən üçtərəfli görüşdə "Zəngəzur dəhlizi"ndən (Ermənistanın Sünik vilayətindən keçməli olan nəqliyyat yolu) də danışıb. O deyib ki, bu dəhlizin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub.

“Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq”, - İ.Əliyev bildirib.

Dövlət başçısı işğaldan azad olunmuş Laçında ölkənin sayca 9-cu beynəlxalq hava limanının da 2024-cü ildə açılacağını qeyd edib.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə ilə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Həmin bəyanatda regionda kommunikasiya xətlərinin açılması da nəzərdə tutulub.

Ancaq Yerevan "Zəngəzur dəhlizi" terminini qəbul etmir, heç vaxt belə bir öhdəlik götürmədiyini, söhbətin yolların açılmasından getdiyini bildirir.

Ermənistan Azərbaycana bunun əvəzinə sərhəddə bir neçə sərhəd buraxılış məntəqəsi yaratmağı təklif etsə də, Azərbaycan bu təklifi qeyri-münasib relyefini və iqlim şəraitini əsas gətirərək rədd edib. Bakı Syunikin cənub hissəsindən, sovet vaxtı dəmiryolu olan marşrutun verilməsində təkid edir.

+++

Dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Zirvə Görüşü keçirilib.

Görüşdə Birgə Bəyanat qəbul edilib. Tərəflər arasında ticari-iqtisadi əməkdaşlıq haqqında saziş, gömrük əməkdaşlığına dair Birgə məşvərət komissiyasının yaradılması, energetika və nəqliyyat sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı anlaşma memorandumları imzalanıb.

Bundan öncə prezidentlərin görüşü olub. Bu haqda Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

"Hazırda dünyada yeni çağırışlar və təhdidlər var. Bu səbəbdən digər sahələr ilə yanaşı, ölkələrimiz arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığın genişləndirilməsi böyük önəm daşıyır", - İlham Əliyev çıxışında deyib.

O, Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli formatında görüşlərin bundan sonra müntəzəm keçiriləcəyinə ümid etdiyini bildirib.

İ.Əliyev 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsinin 45 faiz artaraq 5 milyard dollara çatdığını, Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard, Türkiyədən Azərbaycan iqtisadiyyatına 14 milyard dollara yaxın sərmayə yatırıldığını qeyd edib.

"Bu il Türkmənistan ilə ticarət dövriyyəsi 5 dəfə artıb. Bu, rekord göstəricidir", - İ.Əliyev deyib.

XS
SM
MD
LG