Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 08:35

'Ölənəcən savaşacağız': Döyüş sursatı azalan ukraynalı əsgərlər qazandıqlarını qoruyurlar


Dronların yaratdığı təhlükə səbəbindən T-72 tankları, əsasən, məsafədən istifadə olunur.
Dronların yaratdığı təhlükə səbəbindən T-72 tankları, əsasən, məsafədən istifadə olunur.

"Düzünü desək, gücümüz yayda qazandıqlarımızı qorumağa ancaq çatır. Üstəlik, qazandıqlarımızı böyük itkilərlə əldə etmişik", - ötən il Zaporojye bölgəsində yenidən Rusiya ordusunun əlinə keçən Rabotino məntəqəsinin azad edilməsinə qatılmış batalyon komandiri İhor AzadlıqRadiosuna müsahibəsində belə deyib.

Çəliklə gəzən 52 yaşlı İhor kənd uğrunda döyüşlərdə rus mərmisinin partlaması nəticəsində ayağını yaralayan qəlpəni hələ də bədənində gəzdirir. Onun sözlərinə görə, Ukraynanın cənubunda döyüşdükləri 17 ay ərzində əsgərlərinin arasında, demək olar, zədəsiz qalan olmayıb. Onların yarısı ya yaşamını itirib, ya da döyüş meydanında qalmalarını imkansızlaşdıran ağır yaralar alıb.

AzadlıqRadiosunun əməkdaşı Aleksander Pakikotun reportajında deyilir ki, Rabotinonun ələ keçirilməsindən beş ay sonra ora aparan yeganə yol rus qoşunlarının yaxınlığından keçdiyindən çox təhlükəlidir. Top atəşinin nəriltisi və düşən mərmilərin səsi qarla örtülü çölü lərzəyə salır. Sanki səmadan asılı qalan onlarla dron cüzi bir hərəkəti dərhal sezib dəqiqələr içində hücuma keçir.

İhor ilk dəfə 2014-cü ildə Rusiya qüvvələrinə qarşı döyüşüb. İndi o, 65-ci Əlahiddə Mexanikləşdirilmiş Briqadanın Birinci batalyonunun komandiridir.
İhor ilk dəfə 2014-cü ildə Rusiya qüvvələrinə qarşı döyüşüb. İndi o, 65-ci Əlahiddə Mexanikləşdirilmiş Briqadanın Birinci batalyonunun komandiridir.

"Surovikin xətti"nin ortası

Ötən ilin iyununda - Ukraynanın Melitopol, Berdyansk və Azov dənizi sahili istiqamətində çoxdan gözlənilən əkshücumu başlayanda 65-ci mexanikləşdirilmiş briqada yeni yaradılmış, NATO təlimi almış və Qərb silahları ilə təchiz edilmiş birliklərə yardım göstərməli idi. İhorun başçılıq etdiyi birinci batalyon da bu briqadanın tərkibində idi.

Ukraynanın məqsədi tanklar və digər zirehli texnika ilə sürətli və qətiyyətli hücum olsa da, nəticə gözlənildiyi kimi olmadı və briqada aylarla ön xətdə - Rusiya səngərlərinin, tank əleyhinə maneələrin və mina sahələrinin ortasında qaldı. Bu cür istehkamlar "Surovikin xətti" kimi tanınır.

Tədricən cənuba doğru irəliləyən batalyonun döyüşlərə Orexov şəhərinin cənubunda yerləşən və quruluşuna görə "X mövqeyi" adlandırılan Rusiya istehkamının - strateji təpənin alınmasından başlanıb.

Ukrayna hərbçiləri Rabotino kəndinə daxil olurlar. 25 avqust 2023
Ukrayna hərbçiləri Rabotino kəndinə daxil olurlar. 25 avqust 2023

Beş hücuma davam gətirə bilən Rusiya qoşunları növbə dəyişikliyi zamanı gerçəkləşdirilən qəfil hücum nəticəsində geri çəkilməli olmuşdu. Briqada əsgərlərinin AzadlıqRadiosuna dediklərinə görə, rusiyalıların geri çəkilərkən qoyub getdiyi silah-sursat olmasaydı, ukraynalılar bu təpəni alandan sonra əldə saxlaya bilməzdilər.

"Atəşkəs arzuladığımızı düşünürsünüzsə, çox yanılırsınız"

Daha sonra Ukrayna ordusunun bir neçə briqadası iki ay ərzində Rusiya istehkamlarını yararaq, nəhayət, avqustun sonlarında Rabotinoda Ukrayna bayrağını qaldırdılar. Bir ay keçəndən, qonşu Verbovoye kəndi yaxınlığında irəliləmə xəbəri yayılandan sonra ukraynalıların Melitopola aparan strateji quru və dəmiryol qovşağı olan Tokmaka doğru hərəkəti dayandı.

İhor deyir ki, Ukrayna ordusunun irəliyə doğru hərəkəti, 2022-ci ilin payızında Xarkov və Xerson istiqamətindəki uğurlu döyüşlərdən fərqli olaraq, ona görə yarıda qalıb ki, bu dəfə Rusiya qoşunları gözlədiyi hücuma hazırlaşmışdı. İhorun briqadası, əsasən, hamar landşaft üzərində yetərli hava dəstəyi olmadan vuruşduğundan çox böyük itkilər verib. Həmin döyüşlərdə itki nisbəti 1:5 olub – hər ölən Rusiya əsgərinə beş Ukrayna əsgəri düşüb.

Rabotino bölgəsindəki ukraynalı hərbçilər gecə-gündüzü səngərlərdə və sığınacaqlarda keçirirlər.
Rabotino bölgəsindəki ukraynalı hərbçilər gecə-gündüzü səngərlərdə və sığınacaqlarda keçirirlər.

"Əgər bütün bunlardan sonra atəşkəs arzuladığımızı düşünürsünüzsə, çox yanılırsınız: biz geri aldığımız torpağın hər qarışı üçün döyüşəcəyik", - İhorun sözləridir.

"Kampaniyanın biri uğurlu olur, biri olmur. Təyyarələrsiz, az sayda tank və artilleriya ilə, çox az sursatla vuruşmaq çətindir. Ancaq A planı işləməyəndə B planımız var, C planımız var. Biz onları dronlarla əzəcəyik, arxa cəbhədə partizan reydləri keçirəcəyik. Ölənəcən döyüşəcəyik", - yenə İhor deyir.

XS
SM
MD
LG