Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 07:45

Zelenski onu tənqid edən səfiri vəzifəsindən azad edib


Vadim Pristayko
Vadim Pristayko

Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin Londondakı səfiri Vadim Pristaykonu istefaya göndərib.

Bu barədə qərar Zelenskinin rəsmi saytında dərc olunsa da, qərarın səbəbi göstərilməyib.

Bundan əvvəl Pristayko Zelenskinin Britaniyanın müdafiə naziri Ben Uollesə təşəkkür barədə dediklərini tənqid etmişdi.

Ötən həftə NATO-nun Vilnüsdə keçirilən sammitində Uolles Ukraynanı daim yeni tələblər irəli sürməkdənsə, hərbi yardımlara görə partnyorlara “daha fəal minnətdarlıq” bildirməyə çağırmışdı.

Uolles xatırlamışdı ki, ötən il 11 saatlıq yol qət edib Kiyevə çatan kimi ona dərhal zəruri silahların siyahısını veriblər. O vaxt o “biz Amazon deyilik” demişdi.

Zelenskinin kəskin cavabı

Nazir bildirmişdi ki, bəzən müttəfiqlər başqa ölkələri öz silah ehtiyatlarından keçməyə inandırmalı olurlar:

"Xoşumuza gəlsə də, gəlməsə də, amma adamlar bir qədər təşəkkür eşitmək istəyirlər”.

Sammitin yekunlarına həsr olunan mətbuat konfransında Volodimir Zelenski Britaniya nazirinin sözlərini şərh edərkən demişdi ki, Kiyev bütün partnyorlara, o cümlədən Britaniyaya minnətdardır.

O əlavə etmişdi ki, bundan artıq necə təşəkkür edəcəyini bilmir:

"Qoy bu barədə mənə yazsın və mən səhər yuxudan duran kimi nazirə şəxsən minnətdarlıq edərəm”.

Səfir öz prezidentini şərh edəndə

Bunun ertəsi gün Britaniyanın Sky News telekanalının efirində çıxış edən səfir Pristayko Zelenskinin sözlərini “qeyri-sağlam sarkazm” adlandırmışdı.

Diplomat bildirmişdi ki, Ukrayna onunla partnyorları arasında hər hansı anlaşılmazlıq ola biləcəyini Moskvaya göstərməməlidir. Pristayko Ukrainskaya Pravda qəzetinə bu barədə demişdi:

"Britaniya nazirinin Amazon barədə sarkazmlı şərhinə prezident Zelenskinin bu şəkildə sarkazmlı cavabı olub. Amma mən əminəm ki, dost ölkələr arasında sarkazma ehtiyac yoxdur”.

Sonradan Britaniyanın müdafiə naziri Ben Uolles Facebook səhifəsində yazmışdı ki, onun minnətdarlıq barədə dedikləri “qismən təhrif olunub”.

Zelenskinin Pristaykonun istefaya göndərilməsi barədə fərmanında bu da deyilir ki, diplomat habelə Beynəlxalq Dənizçilik Təşkilatında Ukraynanın daimi təmsilçisi vəzifəsindən azad edilib.

XS
SM
MD
LG