Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 13:29

Zelenski Səudiyyəyə gəlib, oradan Yaponiyaya uçmalıdır


Volodymyr Zelensky arriving to Saudi Arabia, 19May2023
Volodymyr Zelensky arriving to Saudi Arabia, 19May2023

Ukrayna prezidenti Volodimir Zelenski mayın 19-da Səudiyyə Ərəbistanına gəlib.

O Ərəb Liqasının Ciddə şəhərində keçirilən sammitində çıxış edib.

Bu sammitin yeniliklərindən biri də budur ki, forumda Suriyada vətəndaş münaqişəsi başlanandan bəri ilk dəfə olaraq Bəşər əl-Əsəd də iştirak edir.

Suriya, Rusiyanın yaratdığı qondarma separatçı bölgələrin liderlərindən başqa Ukraynanın işğal olunmuş ərazilərini Rusiya torpağı kimi tanıyan yeganə ölkədir.

Reuters xəbər verir ki, Zelenski Ciddəyə Fransa hökumətinin təyyarəsində gəlib.

Ukrayna prezidenti buradan G-7 qrupunun bu həftəsonu Yaponiyanın Hirosima şəhərində keçirilən sammitinə yollanmalıdır.

Zelenski Səudiyyə Ərəbistanına gəldikdən az sonra Twitter-də yazıb:

"Səudiyyə krallığı çox əhəmiyyətli rol oynayır və biz əməkdaşlığımızı yeni səviyyəyə qaldırmağa hazırıq”.

Zelenskini Krım tatarlarının lideri müşayiət edir

Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd bin Salman bundan əvvəl Rusiya və Ukrayna arasında vasitəçilik edib.

O ötən il Rusiyanın Ukraynada əsir götürdüyü 10 əcnəbinin azadlığa buraxılmasına nail olub.

Təhlilçilər bildirirlər ki, bu razılaşmanın əldə olunmasında Məhəmməd bin Salmanla Rusiya prezidenti Vladimir Putin arasındakı yaxın münasibətlər əsas rol oynayıb.

Zelenski bildirib ki, onun Məhəmməd bin Salmanla görüşündə yenə də əsirlərin azad edilməsi, siyasi məhbusların və Rusiya həbsxanalarında olan Krım tatar fəallarının qaytarılması müzakirə olunacaq.

Zelenski deyib ki, ilhaq olunmuş Krımda ən ağır repressiyalara Krımın müsəlman tatarları məruz qalıb.

Təsadüfi deyildir ki, Ukrayna prezidentinin nümayəndə heyətində Krım tatarlarının lideri Mustafa Cemilev də var.

Körfəz ölkələrinin neytrallığı

Körfəz ölkələri Qərbin təzyiqlərinə baxmayaraq Ukrayna münaqişəsi məsələsində neytral mövqe tutublar və OPEC+ qrupunun üzvü olan Rusiyanın təcrid edilməsinə müqavimət göstərirlər.

ABŞ Səudiyyə Ərəbistanını OPEC+ qrupu ilə birlikdə hasilatı ixtisar etmək qərarına görə sərt tənqid etmişdi.

Vaşinqton hesab edirdi ki, bu qərar Rusiyanın neft gəlirlərinin məhdudlaşdırılmasına mane olub.

Lakin neft bazarındakı vəziyyət sonradan bu qərarın düzgün olduğunu göstərib.

Ukrayna müharibəsinə görə enerji bazarlarında yaranmış təbəddülatlar dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyənin mövqeyini həm Vaşinqton, həm də Moskva üçün əhəmiyyəti edib.

Zelenskinin buradan Yaponiyaya yollanacağına dair müxtəlif xəbərlər gəlir.

Bloomberg yazır ki, Ukrayna prezidentini G7 sammitinə ABŞ hərbi hava qüvvələrinin təyyarəsi aparacaq.

G7 sammitində Rusiyaya qarşı yeni və daha sərt sanksiyalar müzakirə olunur.

XS
SM
MD
LG