Keçid linkləri

2024, 18 Sentyabr, çərşənbə, Bakı vaxtı 20:08

'Tehran Zəngəzur dəhlizinə qarşı deyil'... 'Bu da Putinin diktəsi ilə oldu'


Azərbaycan 'Zəngəzur dəhlizi'ndən imtina edibmi?
Gözlə

No media source currently available

0:00 0:10:22 0:00

Azərbaycan 'Zəngəzur dəhlizi'ndən imtina edibmi?

Bu həftə Bakının "Zəngəzur dəhlizi" dediyi tranzit xətti ilə bağlı son günlər Rusiya, İran və Ermənistandan verilən bəyanatlara və onların pərdəarxasına işıq salmağa çalışırıq.

Ermənistan özünün Sünik vilayətindən keçməklə Azərbaycanı Naxçıvan eksklavı ilə birləşdirməli olan xəttə "dəhliz" deyilməsinə qarşı çıxır, ərazisindən üçüncü ölkəyə yol verilməsini ancaq öz nəzarəti altında mümkün sayır. 2020-ci ildə Moskvanın vasitəçiliyi ilə Bakı və Yerevanın imzaladığı atəşkəs bəyanatında isə sözügedən marşruta Rusiya sərhədçilərinin nəzarət etməsi nəzərdə tutulub.

Azərbaycan prezidentinin köməkçisi Elçin Əmirbəyov avqustun əvvəlində AzadlıqRadiosuna müsahibəsində regionda kommunikasiya xətlərinin açılması məsələsinin Yerevanla sülh sazişi layihəsindən çıxarıldığını dedi, qarşı tərəf də bunu təsdiqlədi. Amma avqustun 18-19-da Rusiya prezidenti Vladimir Putinin Bakıya səfərindən sonra "Zəngəzur dəhlizi" ilə bağlı daha sıx bəyanatlar eşidilməyə başladı. Rusiya xarici işlər naziri Sergey Lavrov elə Bakıda ikən Yerevanı Qarabağ üzrə üçtərəfli razılaşmaları sabotaj etməkdə suçladı. Ermənistandan buna qınaq gəldi.

Azərbaycan mediasının radarında İrandır

Təxminən 10 gündür İrandan kəskin bəyanatların ard-arası kəsilmir. İran və Azərbaycan mediasında yayılan xəbərlərdə Rusiyanın Tehrandakı səfirinin XİN-ə çağırılaraq Rusiyanın "Zəngəzur dəhlizi" ilə bağlı siyasətinə görə tənbeh edildiyi deyildi. İran mediasının yazdığına görə, "Rusiyaya tövsiyə edilib ki, Moskva və Tehran arasında strateji münasibətlərə ziyan vura biləcək addımlardan çəkinsin, çünki "Zəngəzur dəhlizi" İranın şimal-qərb sərhədində yeni münaqişə ocağı yarada bilər". İran rəsmiləri bu dəhlizə qarşı çıxdıqlarını dəfələrlə vurğuladılar, Ermənistan da onlara dəstəyə görə təşəkkür etdi.

Rusiya XİN-in sözçüsü sentyabrın 11-də bildirib ki, İrana sözügedən dəhlizlə bağlı çağırışlarını bir daha dilə gətirib. Mariya Zaxarovanın dediyinə görə, Rusiyaya qarşı kampaniyanın "müəyyən dairələr" tərəfindən həvəsləndirildiyi aydındır, onlar "Moskva və Tehran arasında genişlənən strateji tərəfdaşlığa ixtilaf səpmək üçün ən absurd imkandan belə yararlanırlar".

Son günlər bu mövzu ilə bağlı Azərbaycanın hökumətyönlü mediasında gedən təhlillərdə İran hədəf götürülür, Tehranın Moskvaya təzyiq göstərməyə, güzəştlər əldə etməyə çalışdığı deyilir. Vurğulanır ki, İran hakimiyyəti dəhlizlə bağlı Ermənistana deyil, Rusiyaya qarşı iddialar irəli sürür. Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov isə azpost.info-ya deyib ki, "Zəngəzur dəhlizi"nin Rusiyaya lazım olması iddiası "nağıldır", çünki Rusiyanın İranla Xəzər dənizindən keçməklə əlaqəsi var.

Pol Qobl
Pol Qobl

Amerikalı təhlilçi Pol Qobl ötən həftə yazırdı ki, Bakı və Yerevan tranzit xətlərinin açılmasını sülh sazişi layihəsindən çıxarmağa razılaşsa da, Azərbaycan Moskvanın, ola bilsin, Tehranın bu məsələni gələcəkdə gündəmə gətirməsində maraqlıdır – ya Bakıya "Zəngəzur dəhlizi"nə nəzarət imkanı verməklə, yaxud da İran ərazisindən Naxçıvana alternativ marşrut təklif etməklə. Təhlilçi Tehranın öz ərazisindən alternativ marşrut təklif etdiyini da vurğulayırdı.

Tehranın niyyəti

Bəs, sülh sazişi ilə bağlı müzakirələrin getdiyi bir dönəmdə İranın davamlı bəyanatlarının arxasında nə dayanır?

P.Qobl AzadlıqRadiosuna deyir ki, Tehran əslində Zəngəzurdan kommunikasiyanın açılmasına deyil, həmin ərazidə suverenliyin dəyişdirilməsinə, nəzarətin Ermənistandan Azərbaycana keçmə ehtimalına etiraz edir: "Məncə, Bakı bunu anlayır, inanır ki, suverenlikdə dəyişikliyi çıxmaqla istədiyini alacaq, İranla əməkdaşlıqdan digər imtiyazlar da əldə edəcək".

İmtiyazlara gəlincə, təhlilçinin fikrincə, İran həm Bakı, həm də Rusiya üçün nəqliyyat dəhlizi rolunu oynayacaq, həmçinin Tehran İrandakı azərbaycanlı azlığa münasibətdə daha az repressiv davranacaq. "Bakı həm də Araz çayının suyundan istifadə, eləcə də Urmiya gölünün quruması ilə bağlı İranla razılığa gəlməkdə maraqlıdır. Bunlar real məsələlərdir", - təhlilçinin fikirləridir.

Amma Azərbaycan rəsmiləri indiyədək İranın Qərbi Azərbaycan vilayətindəki Urmiya gölünün quruması ilə bağlı açıq bəyanat səsləndirməyiblər. İrandakı azərbaycanlıların hüquqlarına gəlincə, prezident Əliyev onların müdafiəsi üçün əlindən gələni edəcəyini deyib.

Burada bir haşiyəyə çıxaq ki, Azərbaycan özü də beynəlxalq insan haqları təşkilatlarının hesabatlarında repressiv rejimlər sırasında yer alır. Hakimiyyət siyasi təqiblər barədə deyilənləri qəbul etməsə də, hazırda ölkədə 300-dən çox siyasi məhbusun olduğu bildirilir. Bu həftə ABŞ senatoru Ben Kardin də Bakını haqsız tutulanları azad etməyə çağırıb.

Riçard Qiraqosyan
Riçard Qiraqosyan

Ermənistandan təhlilçi Riçard Qiraqosyan AzadlıqRadiosuna müsahibəsində deyir ki, İranın "Zəngəzur dəhlizi" məsələsində qırmızı xətlə bağlı tələbi yerinə yetirilib, yəni, Azərbaycanla-Ermənistan arasında yol-dəmiryol danışıqlarında İran-Ermənistan sərhədinə təhdid görünmür. Təhlilçi Qəzza müharibəsinin, Suriya, İraqda, Yəməndə İranın əlaltılarının gücləndirilməsinin Tehranın diqqətini yayındırdığını vurğulayır: "İran strateji baxımdan şərqə, hətta qərbə baxır, şimala deyil. İran regiondakı strategiyası, nüfuzu naminə Ermənistanla sərhədini müdafiə etməlidir. Amma eyni zamanda Azərbaycanla münasibətlərində gərginlik artır. Bunun bir səbəbi də prezident İlham Əliyevin İsrailin baş naziri (Benyamin) Netanyahu ilə münasibətləridir".

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı isə İranın bəyanatlarının arxasında bir neçə səbəb görür. Birincisi, Tehran tranzit xəttinin Ermənistandan deyil, öz ərazisindən keçməsini və öz nəzarətində olmasını istəyir. İkincisi, həmin yolun bölgədə onun ənənəvi rəqibi Rusiyanı, eyni zamanda Azərbaycanı gücləndirəcəyini düşünür. Tehran həmçinin, təhlilçinin fikrincə, Ermənistana təsir imkanlarını itirəcəyini, həm də sərhədlərin dəyişə biləcəyini düşündüyündən bu kommunikasiyaya qarşı çıxır.

"Amma dəhliz, 2020-ci il bəyanatına uyğun olaraq, Rusiyanın nəzarətində olacaqsa, bu, heç də Azərbaycanı deyil, Rusiyanı gücləndirəcək. Heç sərhədlərin də bağlanması anlamına gəlmir. İran gələcəyə baxır və düşünür ki, bu gün Rusiyanın nəzarətində olan dəhliz sabah başqasının nəzarətinə keçə bilər. Ona görə də belə dəhlizin olmasını istəmir, öz ərazisindən keçməsinə çalışır", - A.Qasımlı AzadlıqRadiosuna bildirir.

Azər Qasımlı
Azər Qasımlı

Söz savaşı Putinin səfərindən sonra qızışdı

Son günlərin "Zəngəzur" çaxnaşmasının məhz Rusiya prezidentinin Bakı səfərindən sonra gündəmə gəlməsi diqqətçəkən məqamdır. Baxmayaraq ki, bəzi müşahidəçilər Moskvanın bu marşruta o qədər də ehtiyacının olmadığını deyərək alternativ xətlərin mövcudluğunu əsas gətirirlər. Bəs, Moskvanın Ermənistan ərazisindən tranzit xəttini gündəmdə saxlamaqda niyyəti nədir?

A.Qasımlı da Putinin Azərbaycana məhz "Zəngəzur dəhlizi" mövzusunu müzakirə etməyə gəldiyini deyir. Təhlilçi prezident İlham Əliyevin bu ilin yanvarında yerli telekanallara müsahibəsini xatırladır. Əliyev deyirdi ki, "dediyim marşrut açılmasa, biz Ermənistanla heç bir başqa yerdə sərhədimizi açmaq fikrində deyilik".

A.Qasımlı qeyd edir ki, Rusiya Cənubi Qafqazda bütün kommunikasiyaların onun nəzarətində olmasını istəyir. 2020-ci il 10 noyabr bəyanatında da əsas məsələlər Qarabağın erməni əhalisini Ermənistanla birləşdirən Laçın dəhlizi və Azərbaycanın qərb bölgələrini Naxçıvanla birləşdirəcək "Zəngəzur dəhlizi" idi və hər ikisinə də Rusiya nəzarət edəcəkdi.

"Rusiya Zəngəzur dəhlizini ona görə istəyir ki, alternativ olaraq Çindən, Hindistandan, Asiyadan yükdaşımalar onun nəzarəti altında gerçəkləşsin, Türkiyə ilə də Azərbaycan vasitəsilə əlaqədə olsun, Qərbin sanksiyalarından kənar Rusiyaya yükdaşımaları həyata keçirə bilsin", - o, sözlərinə əlavə edir.

"Rusiyanın işinə yaramadı"

Bu həftə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bir məsələni də gündəmə gətirdi. Onun sözlərinə görə, "adamlarda təhlükəsizlik hissinin gücləndirilməsi üçün... yük və sərnişin daşımaları üçün qatarların bilavasitə içində olmaqla lisenziyalı özəl holdinq cəlb oluna bilər" və bu, Sünikdən keçəcək nəqliyyat kommunikasiyasına üçüncü bir özəl şirkətin nəzarət etməsi demək deyil.

Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə isə cavabında bildirdi ki, Ermənistan həmin kommunikasiya ilə bağlı öhdəliklərini dörd ilə yaxındır yerinə yetirmir. "Hər iki ölkə ərazisində xarici özəl şirkətin prosesə cəlb olunması barədə fikirlərlə bağlı qeyd edək ki, Azərbaycan heç zaman bu barədə müzakirə aparmayıb", - o vurğulayıb.

Siyasi Menecment İnstitutunun rəhbəri A.Qasımlı Bakının Yerevanın bu təklifinə Putinin diktəsi ilə "yox" dediyini söyləyir. Onun fikrincə, məsələnin bu cür həlli Azərbaycanın milli maraqlarına tam uyğun sayıla bilərdi: "Bu zaman həm Naxçıvanla əlaqəni bərpa etmiş oluruq, həm Rusiyanın bölgədəki gücü zəifləmiş olur ki, bu da ərazi bütövlüyümüz, milli maraqlarımız baxımından önəmli idi. Sözsüz ki, bu, Rusiyanın işinə yaramadı, İran da buna qarşı çıxdı. Bu məsələdə onların maraqları üst-üstə düşür".

Ermənistanlı politoloq R.Qiraqosyan rəsmi Bakının Moskva ilə münasibətlərindən danışarkən prezident Əliyevin Moskvanı, prezident Putini Ermənistan rəhbərliyindən daha yaxşı anladığını deyir. Amma bu təmasların mümkün riski barədə də xəbərdarlıq edir: "Əliyev prezident Putin ilə özünü daha rahat hiss edir, nəinki baş nazir (Nikol) Paşinyan. Amma bu təhlükəlidir, prezident Əliyev prezident Putinə çox yaxınlaşmamalıdır. Hətta Türkiyə belə Rusiya ilə Azərbaycanın etdiyindən daha ehtiyatlı davranır. Azərbaycanın regionda Rusiyanın maraqlarına meydan oxuduğunu düşünürəm. Ancaq qeyd etmək lazımdır ki, Rusiyanın yaddaşı yaxşıdır, dözümlülüyü azdır. Deyərdim ki, əsas narahatlıq regionda rəqabətin artması ilə bağlıdır və Azərbaycan bir az ehtiyatlı olmalıdır".

XS
SM
MD
LG