Baş redaktorun şikayətinə baxılması təxirə salınıb

Qənimət Zahid Yasamal Rayon Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib

Avqustun 19-da Ali Məhkəmədə «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin və onun müdafiəçilərinin verdiyi kassasiya şikayətinə baxılmalı idi. Lakin məhkəmə təxirə salınıb.
Qənimət Zahidin vəkili Elçin Sadıqovun sözlərinə görə hakim İlham Cəfərov Milli Məclis və Prezident Aparatından ingiliscə daxil olan sənədlər hələ tərcümə olunmadığı üçün məhkəmənin təxirə salındığını bildirib. Proses avqustun 26-da davam etdiriləcək.

Qənimət Zahid Yasamal Rayon Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. Baş redaktor Cinayət Məcəlləsinin qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri ilə ittiham olunub.

Jurnalist özü isə həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu bildirir. Beynəlxalq hüquq müdafiə təşkilatları onun və həbsdə olan daha iki jurnalistin azadlığa buraxılmasını tələb edən bəyanatlar verirlər.