Zərdüşt Əlizadənin oğlu həbs edildi

Zərdüşt Əlizadə

«Mirzə Sakit nə qədər narkomandırsa, mənim oğlum da bir o qədər narkomandır».

Politoloq Zərdüşt Əlizadə «Azadlıq» radiosuna belə deyib.

O, məsələ ilə bağlı əlavə şərh vermək istəməyib.

Zərdüşt Əlizadənin oğlu Salur Əlizadə yanvarın 21-də həbs edilib.

APA-nın yazdığına görə, S.Əlizadə Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində saxlanılıb.

Ondan narkotik vasitə olan heroin götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, S.Əlizadə haqda həbs-qətimkan tədbiri seçilib.

Zərdüşt Əlizadənin adını çəkdiyi «Azadlıq» qəzetinin satirik yazarı Mirzə Sakit 2006-cı ildə narkotik vasitə gəzdirməkdə ittiham olunaraq 3,6 il müddətinə həbs edilib.

Jurnalist bu həbsi peşə fəaliyyətilə bağlayıb.

Politoloq Zərdüşt Əlizadə siyasi hakimiyyəti tənqid edən məqalə və şərhləri ilə tanınır.