«Müşahidəçilər özləri qutuya bülleten atırdılar…»

Prezident seçkilərində də mürgü vuran, günün başa çatmasını səbirsizliklə gözləyən müşahidəçilər vardı

-Haranı təmsil edirsiniz?
-Təşviqat partiyasını.
-Hansı təşviqat partiyasını?
-Öz təşəbbüsü ilə yaradılan… Müəyyən təşəbbüslər üzrə yaradılmış partiyadır.
-Adı nədir? Vəsiqədə nə yazılıb?
-(çox çətinliklə oxuyur) İd-rak. İdrakdır.
-Kimin təşəbbüsüylə müşahidələrdə iştirak edirsiniz?
-Komissiyaların…

Referendumda 21 saylı Nəsimi seçki dairəsinin 7 saylı məntəqəsində müşahidə aparan Dürdanə Həsənova belə deyir. O bağça müəlliməsidir. Amma vəsiqəsini daşıdığı təşviqat qrupunun adını xatırlatmaq üçün həmkarım Saədət Akifqızı xeyli vaxt itirir. Həmkarım həmçinin Dürdanə Həsənovadan nə qədər seçicinin gəldiyini xəbər alır. Və o deyir:

-471 nəfər.
-Komissiya sədri isə deyir ki, 211 nəfər gəlib.
-Bəlkə səhvən müşahidəçilərdən də saymışam…

Məntəqələrdə səsverməni izləyən radiomuzun əməkdaşlarına görə, müşahidəçilərdən elə məntəqədəcə şirin yuxuya gedəni də olub, tum çırtlayanı, öz aralarında bayram tədarükü, ev-ailə haqda dərdləşməyə üstünlük verənlər də.

Məsələn, mənim olduğum 34 saylı Xətai seçki dairəsinin 26 saylı məntəqəsində olduğu kimi. Davamlı İnkişaf Naminə təşviqat qrupunun təmsilçisi Saçlı Babayeva müşahidələrə təxminən səsvermədən iki saat sonra başladı. Amma seçki komissiyası üzvlərinin hərəkətlərini izləməkdən çox, digər üç həmkarının söhbətini izləyirdi və nəhayət o da qızmar müzakirəyə qoşuldu. Onlar dördlükdə şagirdlərindən danışırdılar və görünən bu idi ki, eyni məktəbdə çalışırlar. Saçlı xanım deyir ki, söhbət edə-edə də müşahidə aparmaq olur:

«Gözümlə müşahidə aparıram, dilimlə aparmıram ki».

Bakıda yerli müşahidəçilər
Həmkarım İlqar Rəsul 18 saylı Nərimanov-Nizami seçki dairəsinin 8 saylı məntəqəsində eyni mənzərənin şahidi olub. Davamlı İnkişaf Naminə təşviqat qrupunu təmsil edən müşahidəçi Cəfər Əliyev də təxminən eyni cavabı verib və əlavə edib ki, hər şeyi komissiya üzvlərinin vicdanına buraxıblar. Axşam saat 7-də səsvermə başa çatıb səslər sayılmağa başlayanda isə Cəfər Əliyev də daxil olmaqla müşahidəçilərin hamısı məntəqəni tərk edib. Niyəsini belə izah edib:

Müşahidəçilərin rəyi heç nəyi dəyişmir deyə, onlar da həvəsiz yanaşırlar işlərinə. Başlıca səbəb bu ölkədə seçkilərlə nəyinsə dəyişəcəyinə inamın ölməsidir
«Biz müşahidə edirik. Komissiya üzvü deyilik… İndiyə kimi hər şey qaydasında gedib».

Təşviqat qrupunun rəhbəri Səbuhi Rzayevsə müşahidəçilərin bəzi hallarda işlərinin öhdəsindən gəlməməsini və onların təsadüfi adamlar arasından seçilməsini istisna etmir. Və deyir ki, hər şey həm də fərdi məsuliyyətdən asılıdır.

«Ola bilsin həmin şəxs referendumun cavabdehliyini düzgün dərk etməyib. Düzü, bizdə bu cür məlumat yoxdur. Biz gənclərə etibar edib iş tapşırmışdıq. Amma deməzdim ki, aralarında elələri çoxdur…»

Bununla belə, Səbuhi Rzayevə görə, əksər müşahidəçilər işinin öhdəsindən gəlib, hamının işini kölgə altına salmaq olmaz.
44 saylı Sumqayıt seçki dairəsinin 4 saylı məntəqəsində səsverməni izləyən müstəqil müşahidəçi Türkan Abbasova isə danışır ki, iqtidaryönlü təşviqat qruplarından olan həmkarları «karusel» əməliyyatına cəlb olunublar.

Naxçıvanda referendum müşahidəçisi
«Bülletenləri kəsirdilər, işarələyir, sonra da qutuya atırdılar. Bir müşahidəçi iki-üç dəfə səs verirdi… Zəka, Hüquq və Demokratiya, Yeni Azərbaycan təşviqat qruplarının üzvləriydilər».

İqtidaryönlü təşviqat qrupları isə bu məlumatları təkzib edirlər. Məsələn, «Yeni Azərbaycan» təşviqat qrupundan Niyaz Hacıyev deyir ki, bu cür hadisələr, beş-on qanun pozuntusu xalqın rəyini dəyişə bilməz.

«Qarabağ və Respublika Uğrunda» təşviqat qrupundan Nabatəli Qulamoğlu isə Nərimanov 19 saylı seçki dairəsinin 6 saylı məntəqəsində müşahidə aparıb. Axşam saat 7-dən sonra müşahidə aparmağa ehtiyac görməyib. Deyir ki, günboyu yetərincə qanun pozuntusuna şahid olub.

«Günboyu atdıqları bülletenləri saymağa nə ehtiyac vardı?»

Azərbaycanda səsvermə zamanı müşahidəçilərin imitasiya xatirinə iştirakı və ya qanun pozuntularına cəlb olunması təzə söhbət deyil. Ötən prezident seçkilərində də mürgü vuran, günün başa çatmasını səbirsizliklə gözləyən müşahidəçilərdən çox danışılmışdı. «Tolerant» Sosial Araşdırmalar Mərkəzinin Azər Rəşidoğluna görə, bu da səbəbsiz deyil. Əvvəla, qeydiyyatdan keçən müşahidəçilərin çoxu iqtidaryönlü qurumlardandır. Müstəqil və ya müxalifətdən olan müşahidəçilərsə ruhdan düşüblər.

«Müşahidəçilərin rəyi heç nəyi dəyişmir deyə, onlar da həvəsiz yanaşırlar işlərinə. Başlıca səbəb bu ölkədə seçkilərlə nəyinsə dəyişəcəyinə inamın ölməsidir».