«Azərbaycanda 60-dan artıq siyasi məhbus var»

Hüquq müdafiəçisi həbs olunan nazirləri də potensial siyasi məhbus hesab edir

Azərbaycan hüquq müdafiəçilərinin siyasi məhbus siyahısında 60-dan artıq ad var. Yeni məruzəçi Kristofer Ştrasselə bu siyahı martın 26-da göndəriləcək.

Bu sözləri «Azadlıq» Radiosunun «İşdən sonra» proqramında Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus deyib. Onun sözlərinə görə, həmin adlardan 27-si Avropa Şurası Parlament Assambleyası məruzəçilərinin hələ 2001-ci ildən üzərində işlədiyi 719 nəfərlik siyahıdandır.

«Bundan əlavə, 2005-ci ildən bəri 14 nəfər siyasi motivlərlə həbs olunub ki, onlardan üçü - jurnalistlər Eynulla Fətullayev, Mirzə Sakit və Qənimət Zahidov Beynəlxalq Amnistiya tərəfindən vicdan məhbusu sayılırlar», deyir Leyla Yunus.

Hüquq müdafiəçisinin sözlərinə görə, 2005-ci ildə həbs olunan nazirlər hüquq müdafiəçilərinin potensial siyasi məhbuslar siyahısındadır. Belə ki, onlara qarşı siyasi maddələrlə qaldırılan cinayət işi xətm olunmayıb və məhkəmə prosesi keçirilməyib.