«Azadlıq» qəzetinin əməkdaşına xəsarət yetirilib<p align=`left`><br><br>

Səs: Real audio
Mətbuat Şurası jurnalistə hücum edənlərin tapılıb cəzalandırılması ilə bağlı Baş prokuror Zakir Qaralova müraciət edib Martın 5-də gecə naməlum şəxslər «Azadlıq» qəzetinin əməkdaşı Fikrət Hüseynliyə hücum edib, ona bədən xəsarəti yetiriblər. Jurnalistin dediyinə görə, hadisə Yasamal rayonunun Badamdar qəsəbəsi ərazisində baş verib. Hücum edənlər arxadan başına küt alətlə vurduqdan sonra onu maşına qoyaraq Səbayel rayonu ərazisinə gətiriblər. Naməlum şəxslər həmin yerdə onu bıçaqla vuraraq öldüyünü zənn edib gediblər.



Cənab Hüseynli əlavə edir ki, bir qədər sonra çətinliklə də olsa, yol maşınlarından biri ilə Musa Nağıyev adına Təcili-Tibbi Yardım Xəstəxanasına gedib. Yarasına tikiş qoyulub və evinə qayıdıb.



Jurnalist bildirir ki, son vaxtlar tanımadığı şəxslər zəng edib, onu yazdığı yazılara görə hədələyirmişlər.



«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidov isə, martın 6-da keçirdiyi mətbuat konfransında dedi ki, Fikrət Hüseynli ayrı-ayrı məmurların fəaliyyəti barədə davamlı araşdırmalar apardığı üçün bu hadisəni kimin törətdiyini və sifariş verdiyini konkret söyləmək mümkün deyil.



Cənab Zahidovun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları artıq Fikrət Hüseynli ilə görüşüb vəziyyəti öyrəniblər.



Mətbuat Şurasının Hüquq Komissiyasının üzvü İbrahim Məmmədli də bildirir ki, qurum jurnalistə hücum edənlərin tapılıb cəzalandırılması ilə bağlı artıq Baş prokuror Zakir Qaralova müraciət edib.



Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov isə, hələlik məsələ ildə bağlı məlumatların dəqiqləşdirildiyini söyləyir.



Bir neçə gün əvvəl «Yeni Müsavat» qəzetinin rəhbərliyi bu mətbu orqanının redaktoru Zabil Müqabiloğlunun telefonla hədələnməsi ilə bağlı Milli Təhlükəsizlik Nazirliyinə müraciət etmişdi.