Polis jurnalistlərin piketini dağıtdı

Jurnalistlərin piketi, 30 may 2006

Jurnalistlər «Bizim yol» qəzetinin baş redaktoru Bahəddin Həziyevin döyülməsinə etiraz olaraq aksiyaları davam etdirəcəklərini bildirirlər


Mayın 30-da bir qrup jurnalist «Bizim yol» qəzetinin baş redaktoru Bahəddin Həziyevin döyülməsinə etiraz olaraq Sabir bağında icazəsiz aksiya keçirdilər. «Qanun» jurnalının baş redaktoru Şahbaz Xuduoğlu dedi ki, Bahəddin Həziyevin döyülməsi ilə bağlı istintaqın gedişi haqqında məlumat verilməməsi narahatlıq yaradır. «Bahəddinin döyülməsi birinci hadisə deyil və yəqin ki, sonuncu hadisə də olmayacaq. Ən azı ona görə ki, həmkarımızın döyülməsi ilə bağlı açılan cinayət işi nə yerdədir, istintaq necə gedir, məlumat vermirlər. Biz hələ bilmirik ki, bu hadisə ilə bağlı saxlananlar var, yoxsa yox. Kimsə dindirilibmi? Bu iş də belə qalacaq, necə ki, Elmarla bağlı cinayət işi toz qalaqlarının altında qalıb».


«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidov: «Elmar Hüseynovdan üzü bəri döyülən, öldürülən jurnalistlərin cinayət işləri ilə bağlı irəliləyiş olmayana qədər aksiyalar davam edəcək. Biz aksiya keçirmək üçün Bakı şəhər icra hakimiyyətindən icazə almayacağıq. Bizə heç kim heç nə edə bilməz». Qənimət Zahidovun bu sözlərindən sonra Səbayel rayon polis idarəsini rəis müavini Kamal Vəlişov polisə piketi dağıtmağı əmr etdi. «Dağıdın, sən dövlət əleyhinə çağırışlar edirsən. Buna bax, bizə heç kimə heç nə edə bilməz, yox bir, mən bəyəm ölmüşəm».


Polis «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidovu saxlasa da az sonra sərbəst buraxdı.



«Bizim yol» qəzetinin baş redaktoru Bahəddin Həziyev mayın 19-da oğurlanaraq döyülüb. Hazırda o Bakı Kliniki Mərkəzin reanimasiya şöbəsində müalicə olunur.


Hadisəylə bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi açılıb. İşin istintaqını aparan müstəntiq Anar Əliyevin sözlərinə görə, jurnalistin döyülməsilə əlaqədar hələ heç kim saxlanmayıb.