Jurnalistlərin Təhlükəsizlik Xartiyası nəyi dəyişəcək?

Xartiyanı 40-dan artıq KİV və ictimai təşkilat imzalayıb

Media nümayəndələri hesab edir ki, bu sənəd qanunvericilikdə olan normaların pozulmasına qarşı ictimai müqavimətin təşkil olunmasını nəzərdə tutur


Jurnalistlərin Təhlükəsizlik Xartiyası Redaktorlar Birliyi tərəfindən hazırlanıb. Sənədi Kütləvi İnformasiya Vasitələrinin «KİV» rəhbərləri ilə yanaşı, həm də hüquq-müdafiə təşkilatlarının təmsilçiləri imzalayıb. Sənəddə deyilir ki, Azərbaycanda söz və mətbuat azadlığına təhlükə olduğu indiki şəraitdə Xartiyanı imzalayanlar öz üzərlərinə söz azadlığını, jurnalistlərin hüquq və təhlükəsizliyini müdafiə etmək, onların həyatına olan təhlükənin qarşısını almaq, KİV-lərin azad və təhlükəsiz inkişafına şərait yaratmaq, eyni zamanda bu prinsipləri müdafiə etmək öhdəliyi götürürlər.


Xartiyanın müəlliflərindən biri, Jurnalistlərin Azadlıq və Təhlükəsizliyi İnstitutunun nümayəndəsi Emin Hüseynov: «Xartiyada əsas dörd prinsip var. Birinci müddəa ondan ibarətdir ki, söz azadlığı insan haqlarının ayrılmaz hissəsidir və onun ifadə olunmasının qarşısını heç kim heç bir vasitə ilə ala bilməz. İkinci, jurnalistin informasiya toplamaq, yaymaq şərh etmək, faktları təhrif etmədən və qanunun ona verdiyi hüquqdan yararlanmaqla, istənilən şəxsi tənqid etmək hüququ var. Üçüncü, heç kəs jurnalistə qanundankənar iradlar bildirə, onu əqidəsindən döndərə bilməz. Sonuncu da odur ki, jurnalist şəxslərdən təşkilatlardan və dövlətdən şəxsi həyatına olan təhlükə və zorakılıqdan müdafiə olunmaq üçün milli və beynəlxalq qanunvericiliyin ona verdiyi bütün hüquqlardan yararlanmalıdır».


Bu prinsiplər Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarında: KİV haqqında qanunda, Konstitusiyada öz əksini tapıb.


Sənədi imzalamış «Azadlıq» qəzetinin redaktoru Qənimət Zahidov isə deyir ki, xartiya qanunvericilikdə olan normaları kiməsə xatırlatmaq üçün deyil. Onun fikrincə, bu sənəd qanunvericilikdə olan normaların pozulmasına qarşı ictimai müqavimətin təşkil olunmasını nəzərdə tutur.


Sənədi imzalamayan RUH Jurnalistləri Müdafiə Komitəsinin sədri Hüquq Salmanov isə deyir ki, bu vaxta qədər çox sənəd imzalanıb, ancaq heç birini işlək mexanizmi olmayıb. O həm də hesab edir ki, xartiyadakı prinsiplər qanunlarda varsa, yeni bir sənədə ehtiyac yoxdur. «Hesab edirəm ki, insan haqları, jurnalistlərin hüquqları və məsuliyyəti qanunlarla tənzimlənir. Belə xartiyalardan çox görmüşük. Xartiya imzalamaqdansa, hakimiyyətə jurnalistikanın vətəndaş cəmiyyətinin qurucusu olduğunu xatırlatmaq, hüquqların pozulmasına görə etiraz aksiyaları keçirmək lazımdır».


«Azad Söz» Jurnalistlər Komitəsinin sədr müavini Rəsul Mirhəşimli də o qənətdədir ki, indiyə qədər imzalanan çox sənədlər olsa da nəticə olmayıb.


Xartiyanı 40-dan artıq KİV və ictimai təşkilat imzalayıb, sənədə qoşulmaq hələ açıqdır.


İqtidar təmsilçiləri və bəzi media qurumlarının rəhbərləri isə bu fikirdədirlər ki, mətbuatda vətəndaşların təhqir olunması halları çoxalıb, qəzetlərdən şantaj üçün istifadə olunur. Buna görə də cəmiyyətin, ölkənin inkişafına xidmət edəcək sağlam mətbuat yaradılmalıdır. Hakim Yeni Azərbaycan Partiyası (YAP) iyunun 20-də bu mövzuda dəyirmi masa da keçirib. YAP-ın icra katibi Əli Əhmədov mətbuatın əxlaqi vəziyyətinin sağlamlaşdırılması üçün bəzi təkliflər verib. Məsələn, təklif edib ki, Mətbuat Şurası (MŞ) tərəfindən ictimai nəzarət stimullaşdırılmalı, bu qurumun səlahiyyətləri artırılmalıdır. Yəni MŞ-ya qaydaları pozan qəzetlərə qarşı məhkəmə iddiaları qaldırmaq imkanı verilməlidir.


MŞ-nın sədri Əflatun Amaşov bu fikirdədir ki, KİV haqqında Azərbaycan qanunvericiliyi liberaldır və medianın məsuliyyətini artırmaq üçün qanunvericilikdə düzəlişlər edilməlidir.