Qroznıda partlayış. Ölənlər var

Çeçenistan hüquq-mühafizə orqanları xəbər verirlər ki, partlayışın gücü 2 kiloqram trotil ekvalentində olub

İyulun 26-da Çeçenistanın paytaxtı Qroznıda kamikadzenin törətdiyi partlayış nəticəsində 5 nəfər ölüb, azı 10 nəfər yaralanıb.

Partlayışı törədən şəxs teatr-konsert kompleksinə daxil olmağa çalışıb. Polis onu saxlayanda isə detonatoru işə salaraq, özünü və 4 polis əməkdaşını öldürüb. Daha bir nəfərsə xəstəxanaya çatdırılarkən yolda keçinib. Həmin vaxt 800 nəfərlik tutumu olan zal tamaşaçılarla dolu olub.

Çeçenistan hüquq-mühafizə orqanları xəbər verirlər ki, partlayışın gücü 2 kiloqram trotil ekvalentində olub.

Çeçenistanın prezidenti Ramzan Kadırov deyib ki, bu hücum göstərir ki, islamçı qiyamçıların Rusiya hakimiyyətinə qarşı zorakılıq kampaniyası aqoniya vəziyyətinə çatıb.