MSK bayram günlərində də şikayətləri araşdırıb

Bakıda 23 dekabr seçkiləri

Mərkəzi Seçki Komissiyası (MSK) bayram günlərində də işləyib, şikayətləri araşdırıb.

MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev AzadlıqRadiosuna belə deyib:

«MSK, dairə seçki komissiyaları, şikayətlərin araşdırılmasına cəlb olunan məntəqələr də işləyiblər. Müxtəlif bölgələrdən səsvermə günü ilə bağlı xeyli müraciət var».

A.Sarıyev deyib ki, Naftalan rayon İcra Hakimiyyəti başçısının bələdiyyə seçkilərinə müdaxilə edib-etmədiyi hələlik MSK-nın müzakirəsinə çıxarılmayıb:

«Ekspert qrupunun üzvləri və MSK-nın yerli hüquqşünasları artıq araşdırmanı başa çatdıraraq arayış hazırlayıblar. O, bu günlərdə MSK-nın iclasına təqdim olunmalıdır».

MSK sədri Məzahir Pənahov dekabrın 28-də bildirib ki, Naftalan rayon İcra Hakimiyyətinin başçısı Musa Musayev seçki prosesinə müdaxilə edib.